Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

KSENOFONT

  • Oxunub 1468 dəfə

(e.ə. 430, Afina, Yunanıstan – e.ə. 355, Korinf, Yunanıstan)

 Əsərləri: Evqurumu”, “Kiropediya”, “Yunan tarixi”, “Gəlirlər”

Qədim Yunanıstanın iqtisadi fikir tarixinin ən parlaq dövründə öz baxışları ilə tanınan məşhur şəxslərdən biri Ksenofont olmuşdur. Böyük mütəfəkkir öz əsərlərində yüksək inkişaf mərhələ­sində olan quldarlıq quruluşunun iqtisadi münasibətlərini nəzəri baxımdan araşdırmış və əməli tövsiyələr vermişdir.

İlk dəfə “İqtisadiyyat” – “Oykonomiya” anlayışını elmi dövriyyəyə məhz Ksenofont gətirmişdir ki, bununla da təsərrüfat və onun idarəedilmə qayda-qanunlarını ifadə edən iqtisadiyyat anlayışı elm tarixinə daxil olmuşdur. Əsərlərinin birinin adından alınmış “Oykonomiya” (“oykos” – ev, təsərrüfat, “nomos” – təlim, qanun) sözü qul əməyinə əsaslanan ev təsərrüfatı və onun ağıllı idarə edilməsi mənasını verir.

Quldarlıq quruluşunun görkəmli ideoloqu öz iqtisadi görüşlərini "Evqurumu" əsərində şərh etmişdir. O, ev təsərrüfatının səmərəli aparılması qaydaları, xüsusi ev təsərrüfatı ilə əkinçiliyin aparılması üsulları, is­tehsalın təşkili, qulların daha məhsuldar işləməsi, maddi sti­mullaşmanın aparılması, əmək bölgüsü, peşələr üzrə ixtisaslaşmaq və bunların insanın iş qabiliyyətinə təsiri, pul, sərvət və ondan istifadə qaydaları, əmək və s. haqqında elmi mülahizələr irəli sürmüşdür.

Ksenofont göstərirdi ki, iqtisadi inkişafın yolu natural tə­sərrüfatdır. O, kənd təsərrüfatını son dərəcə ideallaşdırır, əkinçi­liyi bütün peşələrin anası və qida mənbəyi adlandırırdı. Əkinçilik sahəsində əməyin tətbiqini bütün sa­hələrdə əldə olunacaq müvəffəqiyyətlərin zəmini və ən ağıllı sənət hesab edir və bu sahələrdə işləyənlərin əməyinə yüksək qiymət verirdi.

Ksenofont iqtisadi fikir tarixinə əmək bölgüsünün ilk təhlilini verən alim kimi daxil olmuşdur. Əmək bölgüsünə xüsusi diqqət yetirərək qeyd edirdi ki, eyni bir ustanın müxtəlif əşyalar hazırlamaq qabi­liyyətinə baxmayaraq o, heç də onları eyni qaydada yaxşı ha­zırlaya bilməz. Ona görə də hərə öz məşğul olduğu peşəyə uyğun məhsul hazırlasa və məhdud bir işlə məşğul olsa daha çox fayda gətirə bilər. Əmək böl­güsünə həm geniş mənada, həm də dar mənada baxan Kse­nofont qeyd edirdi ki, bazarların həcmi əmək bölgüsünün miqyasından asılıdır. Eyni zamanda bazarların həcminin genişlənməsinə pul da təsir göstərir. Ksenofont pulun bütün funksiyalarından iki funksiyasını: tədavül vasitəsi və yığım vasitəsi funksiyasını qəbul etmişdir. O, sələmçiliyi, deməli, borc kapitalı kimi puldan istifadə edilməsini pisləmişdir. Ticarətin faydalılığını inkar etməmişdir.

Sərvət haqqında bəhs edən alim onu xalis istehlakçı mövqedən izah etmiş və onun istehlak dəyəri formasına diqqət yetirmişdir. Təsərrüfat fəaliyyətinə istehlak dəyərlərinin yaradılması prosesi kimi baxmışdır. Qiymət yaranma mexanizminə toxunan Ksenofont göstə­rirdi ki, misin, dəmirin, ərzağın təklifindən asılı olaraq, onların qiyməti dəyişir. Belə qiymət dəyişmə əkinçiliyə də təsir edir və hətta onların peşələrinin dəyişdirilməsinə səbəb olur. Qiymətin əşyaların faydalılığından asılı olması fikrini irəli sürürdü. O, əməyin əqli və fiziki əməyə, insanların azad və qula bölgüsünü təbii hesab etmiş, bununla da quldarlığa haqq qazandırmışdır.

P.S. Qədim yunan yazıçısı, hərbçi, tarixçi, siyasi xadim, filosof Ksenofont zəngin bir ailədə dünyaya gəlmiş, həm hərbi, həm də geniş ümumi təhsil almışdır. Gənclik illərindən yaxşı davranışı, təvazökarlığı, yaraşıqlı olması ilə seçilirdi. Bu da Sokratın diqqətini çəkmiş və onu öz ardıcıllarından birinə çevirmişdir.

Ksenofont xaraktercə sadə, dindar və Allahdan qorxan, dinc həyat sevən, vəzifə ardınca qaçmayan insan idi. O, təhlükə anında möhkəm və qətiyyətli xarakter, cəsarət və soyuqqanlılıq göstərə bilirdi. İnandırıcı nitqə malik olan Ksenofont insanlarla ünsiyyət qurmaqda nadir istetada malik idi. Fikirlərini aydın, sadə dildə ifadə edən Ksenofont yazıçı kimi qədim zamanlarda çox yüksək qiymətləndirilmişdir. Ksenofontu arı ilə müqayisə edən Siseron onun nitqinin baldan da şirin olduğunu yazırdı.

Strabonun yazdığına görə, döyüş vaxtı yaralanan və atdan yıxılan Ksenofontu həmin vaxt piyadalar sırasında olan Sokrat çiyninə alıb döyüş sahəsindən uzaqlaşdırmasaydı, o, ölmüş olardı.

Ksenofontun “Oykonomiya” (digər tərcüməsi “İqtisadiyyat”) traktatı Sokrat və zəngin Afinalı Kritobulom arasında dialoq şəklində yazılmışdır. Əsər Sokratın ev təsərrüfatının düzgün idarəedilməsi ideyalarına həsr olunmuşdur. Bu, tarixdə iqtisadi mövzuda yazılmış ilk əsər idi.

1976-cı ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın arxa tərəfində olan kraterə Ksenofontun adını vermişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva