ANTUAN OQÜSTEN KURNO
- Oxunub 1032 dəfə
(1801, Qre, Fransa – 1877, Paris, Fransa)
Əsərləri: “Sərvət nəzəriyyəsində riyazi prinsiplərin tədqiqi” (1838), “Sərvət nəzəriyyəsinin əsasları” (1863), “İqtisadi fikrin icmalı” (1877).
Fransız iqtisadçısı Antuan Kurno sosial-iqtisadi hadisələrin təhlilinə riyazi metodları tətbiq etmiş və onları riyazi dildə tədqiq etmişdir. İqtisad elminin müddəalarının dürüst olmamasını, onların qeyri-müəyyənliyini nəzərə alan Kurno ona məntiq və riyazi metodları tətbiq etməyə çalışmışdır. Konkret iqtisadi problemlərin tədqiqi üçün onun yaratdığı metodologiya əhəmiyyətli olmuş və elmdə yeni yollar açmışdır.
Tələbin funksiyasını ilk dəfə Kurno müəyyən edib göstərmişdir. Tədqiqatının məğzini əmtəənin qiymətinin və bu əmtəəyə olan tələbin qarşılıqlı surətdə bir-birindən asılılığı təşkil edir. O, bu asılılığı müxtəlif bazarlar şəraitində, daha doğrusu, alıcıların və satıcıların qüvvələrinin müxtəlif şəkildə yerləşdiyi şəraitdə tədqiq etmişdir.
Kurnonun nəzəriyyəsinin əsas ideyası iqtisadi sistemə tarazlıq vəziyyətində olan tələb və təklifin qarşılıqlı asılılığının qapalı sistemi kimi baxmaqdan ibarətdir. Bu nəzəriyyədə qiymətə əlavə olaraq tələblə təklif arasında tarazlıq nəzəriyyəsinin ifadəsi kimi baxılır.
İqtisadçı yalnız istehsalla heç bir əlaqəsi olmayan qiymətləri nəzərdən keçirmişdir. Onun modelində qiymətləri alıcılar diqtə edir, satıcılar isə bu qiymətlərdə təklifi (məhsul buraxılışını) tələbə uyğunlaşdırır. O, tələbə qiymətin funksiyası kimi baxmışdır. Qiymətin istənilən ən azacıq dəyişməsi tələbin dəyişməsinə səbəb olur. Bunu Kurno tələb qanunu kimi formalaşdırmışdır.
Kurno həm də elmə tələbin elastikliyi anlayışını gətirmişdir. O, qeyd edirdi ki, müxtəlif əmtəələr üçün tələbin elastikliyi müxtəlifdir. Yüksək elastiklik halı o deməkdir ki, tələb qiymətin az dəyişməsi zamanı xeyli dərəcədə dəyişə bilər. Aşağı elastiklikdə isə tələb qiymətin dəyişməsinə az cavab verə bilər. O, aşağı elastikliyin həm zinət şeyləri və həm də ən zəruri predmetlər üçün xarakterik olmasını tapmışdır. Onun tələb funksiyası fasiləsizdir, yəni qiymətin hər cür sonsuz dərəcə az şəkildə dəyişməsinə tələbatın sonsuz dərəcədə az dəyişməsi uyğun gəlir. Kurnonun tələb əyrisi satış ilə qiymət arasında empirik nisbətdir.
O, qiyməti müxtəlif bazar şəraitində tədqiq etmişdir. Onun axtarıb tapdığı, gəliri maksimallaşdıran qiymət tələb funksiyasının növündən, yəni onun elastikliyinin xarakterindən asılıdır. İqtisadçının mənfiyə əyilmiş kimi götürdüyü bazar tələbi əyrisi əhalinin il ərzində orta qiymətlə həqiqətən aldıqları real kəmiyyəti əks etdirir.
Kurno xalis inhisar nəzəriyyəsinin əsasını qoymuş və inhisarı sırf təsadüf kimi şərh etmişdir. O, həmçinin duapoliya (bir-biri ilə rəqabət aparan iki inhisarçı) nəzəriyyəsini də yaratmışdır. Kurno rəqiblərin məhdud dairəsi, azad rəqabət hallarını da nəzərdən keçirmişdir. Məhdud rəqabət üçün inhisardan aşağı, lakin həddi xərclərdən yüksək qiymət və mənfəət formulları alır. Qeyri-məhdud rəqabət üçün həddi məsrəfə bərabər qiymət formulu alır. Beləliklə, Kurno, rəqabət aparan əmtəə istehsalçıları nə qədər çoxdursa, başqalarının bərabərliyi şərti ilə qiymətlərin aşağı olması və çox miqdarda əmtəələrin reallaşa bilməsinin riyazi tədqiqini tapır.
Antuan Kurno riyazi iqtisad tarixinin böyük mütəfəkkirlərindən olmuşdur.
P.S. Fransız iqtisadçısı, filosof və riyaziyyatçı Antuan Kurno ensiklopedik zəkaya və geniş maraq dairəsinə malik olmuşdur. Varlı xırda burjua ailəsində doğulan, qeyri-adi sakit, oxumağa meylli olan Kurnonun tərbiyəsi ilə babası məşğul olmuşdur. Hüquq üzrə ali təhsil almış və bir müddət hüquq ofisində məmur kimi fəaliyyət göstərmişdir.
Müstəqil şəkildə fəlsəfəni öyrənmişdir. O, riyaziyyatın və fəlsəfənin köməyi ilə təbiət və ictimai elmlərin müəyyən bir sintezini tapmağa çalışmışdır. Ehtimal nəzəriyyəsinin inkişafında Kurnonun böyük xidmətləri olmuşdur. Onun iqtisad elminə gəlişinin səbəbi isə riyaziyyatdan sıxılması olub.
Kurnonun ilk əsəri yeni nəşr olunan zaman uğur qazanmadığından müəllif məyus olmuş və iqtisad elmindən 25 il müddətinə uzaqlaşmışdır. Əsərlərinin dilindəki riyazi sərtlik Kurnonun işlərini öz dövrünün iqtisadi fikrinin görkəmli nümayəndələrinin əsərlərindən kəskin şəkildə fərqləndirirdi. Buna görə də, o, başa düşülməmişdi. Öz müasirləri tərəfindən yüksək qiymətləndirilməyən iqtisadçı ölümündən sonra tanınmağa başlamışdır. Kurno həmçinin iqtisadiyyat elmində subyektiv məktəbin sələfi hesab edilir. Onun oliqopoliya nəzəriyyəsi iqtisadçının şərəfinə “Kurno rəqabəti” də adlandırılır.
Bu gün onun əsərləri ekonometrikada geniş tanınır. Kurno Leon Valrasın atası Avqust Valrasın siyasi iqtisad və riyaziyyat müəllimi olmuşdur. Leon Valrasın siyasi iqtisada gəlişinin əsas səbəbkarları atası və onun ilham mənbəyi hesab edilən Kurno olmuşdur. Alfred Marşall da özünün mühüm nailiyyətlərinə görə Kurnoya borclu olduğunu söyləmişdir.
Deyilənlərə görə, daima eyni vaxtda yatan və oyanan, gününün birinci yarısını işə sərf edən Kurno ilk baxışdan ciddi və sərt görünsə də, dostları ilə ünsiyyətcil olmuşdur. Ölümündən əvvəl o, demək olar ki, görmə qabiliyyətini itirmişdi.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva