DANİEL FRİDRİX LİST
- Oxunub 1188 dəfə
(1789, Reytlingen, Almaniya - 1846, Kufştayn, Avstriya)
Əsərləri: “Siyasi iqtisadın milli sistemi” (1841)
XIX əsrin birinci yarısında alman burjuaziyasının görkəmli ideoloqlarından biri olan Fridrix List Almaniyada iqtisad elminin başlanğıcını qoymuşdur. Əsrin 40-cı illərində yaranmış alman siyasi iqtisad tarixi məktəbinin əsasında məhz onun baxışları dururdu. Listin təlimində məhsuldar qüvvələr nəzəriyyəsi, əmək bölgüsü və millətlərin təsərrüfat həyatının inkişafı mərhələləri haqqında fikirlər mühüm yer tutur.
Listin fikrincə, müxtəlif millətlər müxtəlif inkişaf səviyyələrinə malikdir, ayrı-ayrı ölkələrin iqtisadiyyatı öz xüsusi qanunları, tarixi, ənənələri ilə inkişaf etdiyinə görə bütün ölkələr üçün vahid siyasi iqtisad ola bilməz, hər bir ölkənin öz milli siyasi iqtisad sistemi olmalıdır. Milli siyasi iqtisad sisteminin məqsədi millətin müasir şəraitdə bütün dünyada və xüsusi milli münasibətlərin mövcudluğu zamanı özünün iqtisadi vəziyyətini saxlamaq və yaxşılaşdırmaq, millətin məhsuldar qüvvələrinin inkişafı üçün ən əlverişli şəraiti yaratmaqdan ibarətdir. List qeyd etmişdir ki, siyasi (milli) iqtisadın vəzifəsi hər şeydən əvvəl, millətin iqtisadi tərbiyəsindən ibarətdir. O,“siyasi iqtisad” terminini “milli iqtisad” termini ilə əvəz etmişdi. “Milli iqtisad” dedikdə isə, inkişaf edən alman burjuaziyası üçün iqtisadi siyasət üzrə tövsiyələr sistemini başa düşürdü. Ümumiyyətlə, List milli xüsusiyyətləri ön plana çəkirdi.
İqtisadçı belə hesab edirdi ki, millətin rifahı var-dövlətin kəmiyyəti ilə deyil, bu sərvəti yaradan məhsuldar qüvvələrin inkişaf dərəcəsi ilə şərtləndirilir. Məhsuldar qüvvələrin tərkib hissəsini o, “əqli kapital”da, yəni onun sərvətin başlıca mənbəyi hesab etdiyi elmdə, incəsənətdə olan nailiyyətlərdə, kəşflərdə, ixtiralarda, eləcə də din, mənəviyyat, mətbuat, əxlaq və s. görürdü. O, sərvət yaratmaq qabiliyyətini sərvətin özündən son dərəcə mühüm hesab edirdi. Sərvətin yaradılmasında birbaşa və ya dolayı təsir edən istənilən əməyi məhsuldar əmək adlandırırdı.
List başlıca və müəyyənedici, həlledici məhsuldar qüvvələr dedikdə, fabrik-zavod sənayesini nəzərdə tutur və hesab edirdi ki, məhz o, nəinki bütün başqa məhsuldar qüvvələri (əkinçilik, nəqliyyat, ticarət və s.) doğurur, həm də ölkənin mənəvi və mədəni tərəqqisinin, həmçinin onun siyasi müstəqilliyinin sadiq rəhnidir.
Millətin iqtisadi inkişaf mərhələləri haqqında təlim Listə məxsusdur. Millətin milli-iqtisadi irəliləyiş hərəkatında o, beş əsas mərhələni: 1) vəhşilik halı, 2) çobanlıq, 3) əkinçilik, 4) əkinçilik-manufaktura, 5) əkinçilik-manufaktura-ticarət mərhələlərini ayırmışdır. Buradan List öz iqtisadi siyasət konsepsiyasını yaradırdı. O, təsərrüfatçılığın ideal forması kimi beşinci mərhələ üçün xarakterik olan sahələrin birliyini hesab edirdi.
Proteksionizm siyasətinin tərəfdarı olan iqtisadçı bu siyasətin Almaniya sənayesinin sürətli inkişafına böyük təsir edəcəyinə inanırdı. Lisin fikrincə, geridə qalan ölkələri qabaqcıl millətlərin səviyyəsinə qaldırmaq üçün yeganə vasitə - “millətlərin sənaye tərbiyəsi” vasitəsi adlandırdığı proteksionist (himayəçilik) siyasətidir. Bunun vasitəsilə vahid milli bazarı yaratmaq, daxili maneələri aradan qaldırmaq, milli iqtisadiyyatı digər ölkələrin çox inkişaf etmiş məhsuldar qüvvələrinin təsirindən müdafiə etmək olar. Öz inkişaflarının ilk mərhələlərini yaşayan və sənayenin inkişafı üçün maddi şəraiti olmayan sırf aqrar ölkələrdə isə List proteksionizmi məqsədəuyğun hesab etmirdi. Sənayenin inkişafını vacib sayan iqtisadçı hesab edirdi ki, təkcə kənd təsərrüfatı ilə məşğul olan millət bir əli olan adam kimidir.
Listə görə, tam ticarət azadlığı yalnız uzaq gələcəkdə bütün xalqlar bir inkişaf mərhələsində olduqda, müharibə təhlükəsi yox olduqda, xalqlar ümumi razılığa gəldikdə olacaq. Onun fikrincə, millətin maraqlarını dövlət qorumalıdır. İqtisadçının fikrincə, Almaniya öz məhsuldar qüvvələrini və sənaye gücünü inkişaf etdirməklə birinci dərəcəli sənaye ölkələrini ötə bilər. Listin ideyaları müasir dövrdə də öz əhəmiyyətini və aktuallığını saxlamışdır.
P.S. Alman iqtisadçısı, siyasətçi və publicist Fridrix List yarım əsr sonra Almaniyanı dünyanın texnoloji liderinə çevirən dairələrin ideoloqu idi. O, eyni zamanda Almaniyada olan bütün irticaçıların, xammal və çörək ixracatçılarının, ölkədə öz hakimiyyətini saxlamaq üçün geriliyin qalmasının tərəfdarı olanların şiddətli nifrətini qazanmışdı. Almaniyada feodal qaydaları və feodal bürokratiyasını tənqid etdiyi üçün hökumət tərəfindən 10 ay müddətinə həbs olunaraq saxlanılan qaladan qaçmış, ABŞ-a mühacirət etmiş ,orada uzun müddət yoxsulluq içərisində yaşamış, təsadüfən zəngin kömür yataqları aşkarlamış və varlanmışdır. List intihar edərək həyatına son qoymuşdur.
Hesab edilir ki, sənayeləşmə və öz gücünə arxalanma və inam haqda Listin nəzəriyyəsi XX əsrin birinci yarısında imperialist Yaponiya hökuməti tərəfindən təcrübədə tətbiq edilmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva