KONFUTSİ
- Oxunub 2242 dəfə
(e.ə. 551, Lu, Çin – e.ə. 479, Lu, Çin)
Əsərləri: “Yaz və payız”, “Söhbətlər və mülahizələr”
Çin iqtisadi fikir tarixində olduqca dəyərli nailiyyətlər əldə etmiş dahi mütəfəkkir Konfutsinin irəli sürdüyü iqtisadi ideyalar Qədim Çin dövlətinin milli ideologiyasının əsası kimi onun iki minillik tarixi dövrünü təşkil etmişdir. İri ailə icmaları daxilində formalaşmış ənənələrə sadiq qalan Konfutsi bütün cəmiyyətin sosial-iqtisadi quruluşunu stabilləşdirmək istəyirdi. Konfutsiçiliyin mərkəzində insan əxlaqı, ailə və dövlətin idarə olunması məsələləri durur.
Konfutsi təkmilləşmiş adam təlimini yaratmışdır. Bu təlimin əsasında böyüklərə hörmət, humanizm, öz borcunu dərk etmək prinsipi dururdu. Humanist adam təvazökarlığı, ədalətliliyi, dözümü, hamıya qarşı eyni olmağı ilə səciyyələnirdi. Ali mənəvi prinsipləri hər cür sərvətdən, yüksək mövqe tutmaqdan üstün hesab edən Konfutsi qeyd edirdi ki, insan yüksək mövqe tuta bilmədiyinə görə deyil, tam möhkəmlənməməsinə görə təəssüflənməlidir.
Konfutsi ilk dəfə Çində irəli sürülmüş təbii hüquq nəzəriyyəsini sosial, mənəvi və hüquqi fəlsəfə istiqamətində inkişaf etdirmişdir. Təbii hüquq konsepsiyasına əsasən, Allah dünyanın ilkin səbəbidir. Lakin cəmiyyət həyatında baş verən hadisələrə qarışmır. Allah töhfəsi kimi verilən təbii hüquqlar vətəndaş qanunları ilə qorunur.
Əsrlər boyu “təbii hüquq” nəzəriyyəsi Çində inkişaf etmiş, hakim sinfin mənafeyinə xidmət etsə də, lakin xalqın mənəvi zənginləşməsində olduqca böyük rol oynamışdır. Çünki mənəvi zənginlik, bu gün də Çin xalqının ən böyük bəşəri dəyərləri kimi qiymətləndirilir.
Konfutsi insanın mənəvi təkmilləşməsini dövlət idarəçiliyinin əsası hesab edirdi. Onun təlimi dövlətin ideal şəkildə idarə edilməsinin mənəviyyata, xüsusilə “qızıl orta” və “insanpərvərlik” kimi etik anlayışlara əsaslanmasından irəli gəlir. Onun fikrinə görə, dövlət böyük bir ailədir, hökmdar “xalqın atası”, təbəələr isə onun oğullarıdır. Təbəələrin əsas səxavəti hökmdara sədaqət, bütün ”böyüklərə” itaət və hörmət etməkdən ibarətdir. İdeal hökmdar obrazında da Konfutsi təkmilləşmiş şəxsiyyəti görürdü və qeyd edirdi ki, dövlət xərclərində qənaətcil olmalı, insanlar üçün qayğı çəkməlidir. O, hesab edirdi ki, hökmdarlar xalqın maariflənməsi üçün çalışmalıdırlar. Bunun üçün məktəb və digər təlim-tərbiyə müəssisələrinin şəbəkəsini genişləndirmək lazımdır.
Konfutsi hökmdarları əvvəlcə xalqı varlı etməyə, sonra isə tərbiyələndirməyə çağırırdı. Bununla əlaqədar o qeyd edirdi ki, hökmdarlar adamların azlığı ilə deyil, nemətlərin qeyri-bərabər bölünməsinə görə qayğı çəkməlidirlər. O, hesab edirdi ki, belə olduğu halda cəmiyyətdə sosial-iqtisadi sabitlik və sülh yaranar.
Konfutsinin fəlsəfəsi son nəticədə hakim siniflərin ağalığına хidmәt etmişdir. Konfutsiyә görә, hökmdarların vәzifәsi adamları qorхutmaq deyil, onları şüurlu surәtdә mәnәvi tәmizliyә sövq etmәkdir. Hökmdarın hər cür narazılıqların aradan qaldırılması və kəndli təsərrüfatının təşkil olunması sahəsindəki vəzifəsini qeyd edən Konfutsi xalqın mövsümi ictimai işlərə cəlb olunmasını zəruri hesab edirdi.
O, sərvətin mənbəyini əməkdə görmüş, xalqın və dövlət başçısının sərvətinin əməklə artırılmasını mənəvi prinsiplərə uyğun saymışdır. Qədim Çində sosial-iqtisadi sabitləşmənin əsas istiqamətini nəsil-tayfa prinsipi əsasında formalaşan patriarxal-ailə münasibətində görən Konfutsi hesab edirdi ki, dövlətin sərvəti, məhz ailələrin sərvətinə əsaslanmalıdır. O, xalqı çox işləməyə və az istehlak etməyə çağırırdı. Bununla belə hakimiyyətin möhkəmləndirilməsi üçün xalqın sosial təbəqələrindən istifadə etməyi, kollektiv əməkdən istifadə edib ictimai işləri görməyi tövsiyə edirdi. Hökmdarı varlı, xalqı razı görmək istəyən Konfutsi vergi həddinin qoyulması, etik normalara riayət edilməsi, əkinçilik işlərinin vaxtında görülməsi, sərvətin bərabər bölgüsü prinsiplərinin nəzəri ideyalarını göstərə bilmişdir.
Konfutsi təkcə Çinin intellektual tarixində deyil, həm də bəşər tarixində mühüm yer tutur.
P.S. Çinin ilk böyük pedaqoqu olmuş Konfutsinin әsl adı Kun-fu Tszıdır. Kun-fu – “müәllim Kun” demәkdir. Kun nəslin soyadıdır. Konfutsinin əsl adı Tsyudur ki, bu da tərcümədə “təpə” deməkdir.
Ailəsinin yoxsulluq şəraitində yaşaması səbəbindən o, erkən yaşlarından çox çalışmalı olmuşdur. Uşaqlıq illərində Konfutsi sözəbaxan, böyüklərə ehtiram edən və yaşına görə çox ağıllı, dərrakəli, mühakiməli, zəhmətsevər imiş. O, özü təhsil almışdır. 22 yaşında müəllimliyə başlamış və ilk çinli şəxsi müəllim olmuşdur. Rәvayәtә görә, onun üç mindәn artıq şagirdi var imiş. Onlardan 72-si görkəmli şəxsiyyətlər olmuşdur. Tədrislə yanaşı, Konfutsi kitablarla məşğul olmuş, onları toplamış, sistemləşdirmiş, redaktə etmiş, yaymışdır. Konfutsinin kәlamları ölümündәn sonra şagirdlәri tәrәfindәn “Söhbətlər və mülahizələr” kitabında toplanmışdır. Ona “yüz min nəslin atası” adı verilmişdir.
Rəvayətə görə, böyük müdrik sakit bir çay sahilində, yaşıl təbiət qoynunda vəfat etmişdir. O, ailə üzvləri, ən yaxın şagirdləri və ardıcıllarının basdırılması nəzərdə tutulan qəbiristanlıqda dəfn edilmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva