ARTUR SESİL PİQU
- Oxunub 1778 dəfə
(1877, Rayd, Böyük Britaniya – 1959, Kembric, Böyük Britaniya)
Əsərləri: “Rifah haqqında iqtisadi nəzəriyyə” (1927), “Sənaye fəaliyyətinin dalğalanmaları” (1929), “İşsizlik nəzəriyyəsi”(1933), “Stasionar vəziyyətlərin iqtisadiyyatı” (1935), Məşğulluq və tarazlıq” (1949)
Artur Piqu görkəmli ingilis iqtisadçılarından biri olmuşdur. O, ictimai rifahın optimallaşdırılması problemlərini təhlil etmiş, rifah haqqında neoklassik nəzəriyyəni tamamlamışdır. Piqu nəzəriyyəsinin mərkəzində milli dividend və ya xalis milli məhsul (milli gəlir) anlayışı dayanır. Burada milli gəlir cəmiyyətin xalis məhsulu, pulla alınan nemətlərin və xidmətlərin məcmusu kimi təqdim olunur. Bu göstəricini o, həm istehsalın səmərəliliyi, həm də ictimai rifahın meyarı kimi qəbul etmişdir.
Piqu qəbul edirdi ki, insanın rifahı onun məmnunluğunu, tələbatlarının ödənilməsini əks etdirir. Əgər insan büdcəsində olan pul vəsaitlərinin istifadəsi üzrə qərar vermək hüququna malikdirsə, onda həmin fərdin hər hansı nemətə görə ödəməyə hazır olduğu pulun miqdarı onun bu neməti əldə etmək istəyinin dərəcəsinin göstəricisi hesab oluna bilər. O, bu ideyaya əsaslanaraq milli gəliri pulla alına bilən nemətlərin məcmusu kimi qəbul edirdi. Alıcıların məhsula görə ödəməyə hazır olduğu pulun miqdarı ilə məhsulun yaradılmasına sərf olunan pulun miqdarı arasındakı fərq milli gəlirin artımına daxil edilir. İstehsalın artımı şərti olaraq rifahın artımı hesab olunur.
Piqu rifah probleminə fərdin deyil, cəmiyyətin mövqeyindən yanaşırdı. Amma rifaha ictimai yanaşmada fərdi tələbatın ödənilməsi, istehsaldan şəxsi fayda və digər fərdi göstəricilərdən geniş istifadə edirdi. O, qeyd edirdi ki, fərdi rifah anlayışı iqtisadi meyarlarla yanaşı mənəvi və sosial-psixoloji amillərlə də xarakterizə olunur. Belə göstəricilərə iş şəraiti, ətraf mühitin təmizliyi, həmkarlarla qarşılıqlı münasibətlər, ictimai asayiş və təhlükəsizlik məsələlərini də aid edirdi.
İqtisadçı qeyd edirdi ki, xalis milli gəlir göstəricisi rifahın qeyri-iqtisadi göstəricilərini nəzərə almadığı üçün cəmiyyətin real rifah səviyyəsini dəqiq əks etdirmir. Piqu xalis milli gəlirin bölgü prinsiplərinə də toxunur və iddia edirdi ki, varlıların gəlirlərinin bir hissəsinin kasıblara verilməsi ümumi rifahın yüksəlməsinə imkan yaradır.
Onun yaratdığı vergi nəzəriyyəsi “ən az məcmu qurban” prinsipinə əsaslanırdı. Bu prinsip cəmiyyətin bütün üzvləri üçün son hədd qurbanının bərabərliyini və gəlirlər arasında bərabərsizliyin proqressiv vergi vasitəsilə azaldılmasını nəzərdə tuturdu. Vergi dərəcəsinin həcminin gəlirlərin həcmindən asılı olduğunu bildirən Piquya görə, gəlir nə qədər çox olarsa, vergi dərəcəsi də bir o qədər yüksək olmalıdır və əksinə.
O, bazar mexanizminin və azad rəqabətin təkmilləşdirilməsinə şübhə ilə yanaşır və maddi rifahın ümumi səviyyəsini aşağı salan əsas səbəblərdən biri kimi iri istehsalın yaranması ilə bağlı olan inhisarları göstərirdi. İri istehsal bazar üzərində nəzarət edir, istehsalın miqyasının genişlənməsinə qənaət edir, inhisarlar və inhisar rəqabəti qiymətləri artırır, investisiyanın səviyyəsini aşağı salır ki, bunlar da “milli gəlirin” ümumi səviyyəsinə mənfi təsir göstərir. Məhz buna görə də inhisarçı təmayüllərin dövlət tərəfindən məhdudlaşdırılması zəruridir. O, trestlər əleyhinə olan qanunçuluğu müsbət qiymətləndirirdi.
Piqu dövlətin iqtisadiyyata nüfuz etməsinin dolayısı (vergi və subsidiyalar) və birbaşa (qiymətlərin və istehsalın həcminə nəzarət) olmaqla iki yolunu qeyd edirdi. Dövlət gələcək nəsillərin maraqlarını müdafiə etmək üçün tədbirlər həyata keçirməlidir.
İşsizlik probleminə böyük diqqət verən Piqu onu işçilərin çox yüksək əmək haqqı almasının nəticəsi hesab edirdi. Böhran vəziyyətində məşğulluğun artırılması mexanizmi kimi nominal əmək haqqının azalması tempi qiymətlərdəki dəyişiklik tempindən aşağı olan zaman o, real gəlirlərin artırılmasını təklif edirdi. Bu real əmək haqqının, müvafiq olaraq, məcmu tələb, buraxılış və məşğulluğun artımını təmin edəcək.
İqtisadçının adı tarixə onun tərəfindən tapılan “Piqu effekti” ilə daxil olmuşdur. Onun mahiyyəti odur ki, inflyasiya gözləmələri olmayan zaman qiymətlərin artımı əmanətlərin artımına və istehlakın azalmasına gətirib çıxarır ki, bu da qiymətləri endirir və iqtisadiyyatda tarazlıq yaradır. Eynilə, natamam məşğulluq və aşağı qiymətlər zamanı iqtisadi agentlər az yığıma və çox istehlak etməyə başlayırlar ki, bu da məşğulluğu qoruyur və qiymətlərin artımını stimullaşdırır.
P.S. Kembric neoklassik məktəbinin nümayəndəsiArtur Piqu Alfred Marşallın tələbəsi olmuşdur. Marşall sonralar Kembric Universitetində öz kafedrasının sevimli tələbəsi Piquya verilməsini məsləhət görmüşdür.
Piqu dəfələrlə hökumət tərəfindən iqtisadi siyasət sahəsində xüsusi məsələlərin həllinə cəlb edilmişdir. O, valyuta komitəsinin, gəlir vergisi üzrə Kral Komissiyasının, pul dövriyyəsi məsələləri üzrə Çemberlin Komitəsinin üzvü olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva