İOHAN HENRİX FON TYÜNEN
- Oxunub 1076 dəfə
(1783, Kanarienhauzen, Almaniya – 1850, Tellov, Almaniya)
Əsərləri: “Kənd təsərrüfatına və milli iqtisadiyyata münasibətdə götürülmüş təcrid olunmuş dövlət” (1826)
Marjinalizmin sələflərindən hesab olunan alman mütəfəkkiri Henrix Tyünen XIX əsrdə hədd təhlil metodunun əsl banisi olmuşdur. O, həddi yanaşmanı iqtisadi hadisələrin tədqiqinə daha ardıcıl və geniş şəkildə tətbiq etmişdir. Empirik materiallarla tamamladığı modeli öz təsərrüfatının xərclər və gəlirlərinin dəqiq uçotunun faktiki materiallarına əsaslanır. Onun riyazi modelini bəzən XX əsrdə “ekonometriya” adlanan istiqamətin – statistik informasiyanın və faktiki kəmiyyətlərə əsaslanan iqtisadiyyatda kəmiyyət qanunauyğunluqlarının və qarşılıqlı əlaqələrin daxil olduğu riyazi iqtisadiyyatın nümunəsi hesab edirlər.
Məhsuldarlıq həddi anlayışını dərindən şərh etməsi, iqtisadi vəzifələrin tarazlı həll edilməsinin təmin olunması üçün differensial hesablamalardan istifadə etməsi, marjinalist fikirləri Tyüneni yeni tarixin həqiqətən birincisi edir.
Tyünenin irəli sürdüyü metodologiyaya əsasən, bütün məsrəf növləri məhsulun son ədədinin ona çəkilən məsrəflərə bərabər olan məqamına qədər həyata keçirilməlidir, məcmu məhsul yalnız resurslar bərabər həddilik prinsipinə uyğun olaraq bölündüyü zaman maksimallaşır. Onun metodologiyası iqtisadi təhlilin texnikasını on illərlə qabaqlamışdı.
O, hər hansı bir müvazinətin və ya optimal vəziyyətin tədricən yaxınlaşmasını xırda artmalar metodu ilə aydınlaşdırmışdır. Tyünenə görə, istənilən iqtisadi hadisə hər hansı keyfiyyət dəyişikliyinin baş verdiyi müəyyən bir həddə qədər tədrici çoxalma yolu ilə inkişaf edir. İqtisadçı tədrici çoxalma üsulunu istehsal amillərinin, xüsusən əmək və kapitalın qarşılıqlı surətdə bir-birini əvəz etməsi və istehsalın optimal strukturunun formalaşması proseslərinə tətbiq etmişdir. Onun bölgü nəzəriyyəsinin əsasında əsas amillərin həddi məhsuldarlığı durur. Tyünen qeyd edirdi ki, hər bir istehsal amilinin sərf edilməsi, bu amilin əlavə vahidinin yaratdığı əlavə məhsul ona çəkilən məsrəflərlə tarazlaşan vaxta qədər davam edir. Əgər hər bir amil bu qayda ilə istifadə edilirsə, məcmu məhsul maksimallaşır.
İqtisadçı bir amilin digərinin ardınca ardıcıl olaraq dəyişməsini göstərir. İlk əvvəl kapital və torpağın kəmiyyətini sabit saxlamaqla əmək qoyuluşunu dəyişir, sonra əməyi və torpağı sabit saxlayaraq kapital qoyuluşunu dəyişir, nəhayət, əmək və kapitalı sabit saxlamaqla torpağı işə salır. O, hətta amillərin və məhsulun qiymətinin dəyişməsinin tətbiq olunan resursların optimal dəstinə təsir etdiyini qeyd etmişdir.
Tyünen, dairə şəklində, tamamilə eyni torpaq münbitliyi olan təcrid olunmuş təsərrüfat sahəsinin mövcudluğunu əks etdirən model təklif etmişdir. Bu dairənin mərkəzində kənd təsərrüfatı məhsullarına olan tələbatın və sənaye mallarının təmininin yeganə mənbəyi olan şəhər vardır. Modeli araşdıraraq, iqtisadçı belə bir maraqlı nəticəyə gəlmişdir ki, müəyyən bir məhsulun üstünlük təşkil etdiyi kənd təsərrüfatının müxtəlif sektorlarının intensivliyin azalması yolu ilə konsentrik halqalar şəklində yerləşdirilməsi effektiv olar. Hər hansı bir məhsulun qiyməti onun şəhərdəki qiymətindən yükün çəkisinə və daşınma məsafəsinə mütənasib olaraq qəbul edilən nəqliyyat xərclərinin çoxluğu ilə fərqlənir. O, məhsulun istehsal yerindən bazara qədər daşınması ilə bağlı nəqliyyat xərclərini müqayisə edərək kənd təsərrüfatı məhsullarının istehsalının müəyyən növlərinin onların daxilində yerləşdirilməsi üçün daha əlverişli (nəqliyyat xərclərinin minimuma endirilməsi baxımından) sahələr müəyyən etmişdir. Belə ki, tez xarab olan məhsullar, eləcə də yüksək nəqliyyat xərci olan məhsul və mallar birbaşa şəhər yaxınlığında istehsal olunmalı, az nəqliyyat xərci olan məhsullar isə şəhərdən uzaq məsafələrdə yerləşən torpaqlarda becərilməlidir.
Kənd təsərrüfatının bütün sahələrinin yerləşdirilməsi ilə bağlı məkan nümunələrinin yaradılması haqda Tyünenin ifadə etdiyi fikirlər öz dövrü üçün tamamilə yenilik idi.
P.S. Henrix Tyünen iqtisad elmində differensial hesablamadan istifadə etmiş ilk şəxs idi. Erkən uşaqlıq illərindən o, riyaziyyata meylli olmuşdur. Həmçinin kənd təsərrüfatı sahəsi onda böyük maraq oyatmışdı.
Tyünen, statistik məlumatlar əldə etmək məqsədilə öz əmlakının balans hesabatını tərtib etmək üçün 10 il vaxt sərf etmişdir. Ömrünün son vaxtlarını adi alman mülkədarı kimi öz mülkündə kənd təsərrüfatı ilə məşğul olmaqla keçirmişdir. Onun bu təsərrüfatdan əldə etdiyi gəlirlər qış mövsümündə ehtiyaclarını ödəmək üçün kifayət edirdi.
Tyünenin məzar daşında onun göstərişinə əsasən təbii əmək haqqının mistik formulası (А = √ар) həkk olunmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva