Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

NƏSİRƏDDİN TUSİ

  • Oxunub 3501 dəfə

(1201, Tus, İran – 1274, Bağdad, İraq)

 Əsərləri: “Əxlaqi-Nasiri”(1232-1233)“Maliyyə haqqında tədqiqat”, “Şərh əl-İşarat” (1242)

XIII əsrdə yaşamış böyük Azərbaycan mütəfəkkiri Nəsi­rəddin Tusinin iqtisadi nəzəri biliklər sahəsində qiymətli fikir və ideyaları vardır.

Tusi iqtisadi münasibətləri öyrənən və “İctimaiyyət” adlan­dırdığı elmin mövzusunu iqtisadiyyatı, onu əks etdirən hadisə və prosesləri öyrənməkdə görürdü. O yazırdı ki, icti­maiyyət birgə əməyin həqiqi və ümumi inkişaf qanunları haq­qında nəzəriyyədir. Bu elmin mövzusu (obyekti) ictimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar münasibəti sistemidir. O, elmi abstraksiya və induktiv təfəkkür metodlarından istifadə edərək öyrəndiyi hadisə və proseslərin mahiyyətini, səbəb və nəticə əlaqələrini öyrənmişdir.

İnsan, onun ictimai-iqtisadi fəaliyyət və davranışı Tusi fəaliyyətinin özəyini təşkil etmişdir. O, göstərmişdir ki, cəmiyyə­tin həyatında əmək aparıcı rol oynayır və insanlar arasında iq­tisadi əlaqələri zəruriləşdirir. İnsanı ictimai varlıq hesab edən Tusi göstərirdi ki, onun başqa canlılardan fərqi və üstünlüyü şüurlu ictimai əmək fəaliyyəti ilə bağlıdır. Ona görə də insan çalışmalı, işgüzarlığı və qabiliyyəti ilə yaşayış vasitələrini əldə etməlidir. Nemətlərin istehsalı və sərvətlərin əldə olunması üçün əmək bölgüsünün xüsusi rola malik olduğunu qeyd edirdi.

Tusinin fikrincə, birgə əmək sistemi vasitəsilə müxtəlif peşələrə yiyələn­mək qarşılıqlı köməyə və hamının xeyrinə olan ictimai bir sistem daxilində baş verir. Mütəfəkkir qeyd edirdi ki, insan mənəviyya­tını əks  etdirən ruh, əxlaq, nəfs, ağıl, şüur, idrak və s. o vaxt bəhrəsini verə bilər ki, ictimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar, evdarlıq elmini, ölkənin idarəetmə qaydalarını öyrənə bilsinlər. O, cəmiyyətin bir sistem  halında fəaliyyət göstərdiyini, ayrı-ayrı fərdlərin isə bu sistemin bir ünsürü ol­duğunu və onların qarşılıqlı əlaqə və asılılıqda olduğunu qeyd edirdi.

Tusi pulun yaranması zəruriliyini qeyd edərək ya­zırdı ki, pul olmadan müxtəlif dəyərli əmtəələrin mübadiləsi, alıb-verilməsinin ümumi bir məxrəcə gətirilməsi və bu işdə nizam yaradılması mümkün olmazdı. Pulun ümumi dəyər ölçüsü rolunu yerinə yetirdiyini və onun əlverişli tədavül vasitəsi olduğunu qeyd etmişdir. O, qiyməti istehlakçı mövqeyindən və faydalılıq nöqteyi-nəzərdən öyrənmişdir.

Tusi milli gəlirə cəmiyyətin gəliri və ona cəmiyyətin müxtəlif sosial təbəqələrinin gəlirlərinin ümumi məbləği kimi baxmışdır. Onun fikrincə, məcmu gəlir maddi istehsal sferasında yaranır.

Tusi cəmiyyətdə istehsal, təkrar istehsal, bölgü və isteh­lak məsələlərinə, burada insanlar arasında yaranan münasibətlərə toxunur və qeyd edirdi ki, insan özünü və nəslini ya­şatmağa, təkrar istehsal etməyə möhtacdır, insanın istehsal, birgə əmək fə­aliyyətinin təbii və son məqsədi tələbatın ödənilməsidir. O, bunu müəyyən ictimai formada təşəkkül  tapan  və fəaliyyət gös­tərən insan qruplarının ünsiyyət və əlaqəsində görürdü. Tusi yığıma təkrar istehsalın şərti kimi baxmış və yığımı artırmaq üçün istehlak xərclərinin azaldılmasını zəruri hesab etmişdir.

O, dövlət xəzinəsinin gəlirləri və xərclərinin müəy­yən edilməsində, uçot və nəzarətin həyata keçirilməsində maliyyəçi­lərin və mühasiblərin xüsusi rolu olduğunu qeyd edirdi. Onun fikrincə, bu qəbildən olan bilik və vəzifə adamları əhalidən alınan vergilərin miqdarına, dərəcə və ödənilməsi qaydalarına düzgün əməl etməli və bunları ədalət qanunları əsasında həyata keçirməlidirlər.

İdarəetməni “siyasət” adlandıran Tusi ona xalqın rifahını artıran mühüm amil kimi baxmış, diqqətini xalqa xidmət edən, onun mənafeyini ifadə edən ölkə siyasətinə yönəltmiş  və bu cür siyasəti faydalı saymışdır.

Tusi Azərbaycan və dünya iqtisadi fikir ta­rixində mühüm yer tutan mütəfəkkir alim və dövrünün böyük iqtisadçısıdır.

P.S. Yaradıcılığı ensiklopedik səciyyə daşıyan Nəsirəddin Tusinin tam adı Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona “Nəsirəddin” adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir. Ona həmçinin Xacə (Cənab), habelə həmin mənada Mövla da demişlər.

Filosof, astranom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı, hüquqşünas və dövlət xadimi olan Tusi tərbiyəçi ailəsində anadan olmuşdur. İlk təhsilini atasından almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərmiş, bir çox dilləri öyrənmişdir. Alim mineralogiya, fizika, tibb, iqtisad, coğrafiya, musiqiyə dair əsərlər də yazmışdır.

Tusi "Ələmut” (Qartal yuvası) qalasında 12 il sürgün həyatı keçirmişdir. O, Çingiz xanın nəvəsi Hülaku xanın şəxsi məsləhətçisi olmuşdur. Həmçinin Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır. Hülaku xan rəsədxananın tikintisinə 20 min dinar pul sərf etmişdir. Təchiz olunan astronomik cihazlarına görə həmin dövrdə bu rəsədxananın tayı-bərabəri yox idi. Burada 400 min cilddən çox əlyazması olan zəngin kitabxana var idi. Marağa rəsədxanası (Elm və müdriklik evi) o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi.

Alimin qəbri üzərində bu sözlər yazılıb: “Elmin köməkçisi, elm ölkəsinin şahı. Dövrün anası belə oğul hələ doğmamışdır”.

 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva