UİLYAM STENLİ CEVONS
- Oxunub 1445 dəfə
(1835, Liverpul, Böyük Britaniya - 1882, Hastinq, Böyük Britaniya)
Əsərləri: “Elementar məntiq kursu” (1870),“Siyasi iqtisadın nəzəriyyəsi” (1871),“Elmin prinsipləri - məntiq və elmi metod haqqında traktat” (1874), “Pul və mübadilə mexanizmi” (1875)
Uilyam Cevons İngiltərədə faydalılıq həddi nəzəriyyəsinin banisi olmuşdur. Cevons iqtisad elminin məqsədini insanın maksimal zövq alması şəraitini öyrənməkdə görür və göstərirdi ki, iqtisad elmi faydalılığın əhəmiyyətini tam və dəqiq tədqiq etməli, bunun üçün isə insanların arzu və tələbatını öyrənməlidir. O, iqtisad elmini zövq və iztirabı (əzabı) hesablama kimi şərh etmiş, zövqü maksimal dərəcədə artırmağı isə iqtisad elminin problemi hesab etmişdir.
Cevons subyektiv faydalılığın kəmiyyətcə müəyyən olunması və qiymətləndirilməsinin yalnız əmtəə, xidmət və istehsal vasitələrinin bazar qiymətində təzahür etdiyini iddia edirdi. İqtisadçı zövq və əzabın ölçü vahidi olmadığından, təcrübədə faktiki olaraq onların ölçülməsini mümkünsüz hesab edirdi. Lakin faydalılığın azalması qanununa əsasən faydalılığı ölçür və onun zövq kimi azaldığını qeyd edirdi. O, tələbat təmin olunduqca predmetin faydalılığından alınan hisslərin azalmasına əsaslanaraq bildirirdi ki, eyni bir nemətin hissləri qeyri-bərabər faydalılığa malikdir. Belə ki, su müəyyən miqdara qədər zəruri olur, sonra isə onun faydalılığı sıfıra qədər aşağı düşərək, həm də mənfi kəmiyyət olur. Bu cür vəziyyətin istənilən digər predmetlərə tətbiqini mümkün sayırdı.
Cevons faydalılığın azalması qanununu iqtisad qanunu adlandırmış, faydalılıq həddi nəzəriyyəsinə əsasən “mübadilə bərabərliyi” nəzəriyyəsini yaratmışdır ki, bunun da mahiyyəti belədir: səmərəli istehlak zamanı alınan əmtəələrin faydalılığının sonuncu dərəcəsi onların qiymətinə proporsionaldır.
Cevonsun istifadə etdiyi “faydalılığın sonuncu dərəcəsi” nemətin az miqdarda ehtiyatının sonsuz olaraq sonuncu artımının faydalılığıdır. Faydalılığın sonuncu dərəcəsi qiymətin əsasını təşkil edir və əmtəələrin mübadiləsi onun bərabərliyi üzərində qurulur. Mübadilə olunan əmtəələr arasında nisbət onların faydalılıqlarının sonuncu dərəcələrinin əks nisbətinə bərabərdir.
Onun iqtisad elminə verdiyi mühüm töhfələrdən biri olan əmək təklifi nəzəriyyəsinə görə, əmək özünün başlanğıc nöqtəsində müsbət hisslər yaradır, lakin sonra əzablı olur. Cevons ilk dəfə günəş şüaları tsikli ilə işgüzar fəallıq arasında əlaqə haqqında tədqiqat aparmış və belə nəticəyə gəlmişdir ki, günəş fəallığından doğan istilik ahəngi məhsuldarlığa və bütövlükdə iqtisadi fəallığa təsir edir.
İqtisadçı kapitalın məhsuldarlığını yalnız zamanın funksiyası kimi şərh etmişdir. Onun fikrincə, kapitalın artımı investisiya qoyuluşu müddətinin davamının artması ilə eyni gücə malikdir. O, göstərirdi ki, faiz dərəcəsi məhsul artımının kapital artımına olan nisbətindən asılıdır.
Cevons “fərqsizlik qanunu”nu yaratmışdı. Bu qanuna görə, eyni bir bazarda, eyni bir vaxtda bir məhsula iki müxtəlif qiymət ola bilməz. “Cevons effekti”nə görə, resursdan istifadənin səmərəliliyini artıran texnoloji tərəqqi onun istehlak həcmini də artıra bilər.
P.S. Uilyam Cevons kimya və botanika üzrə təhsil almışdır. Onun atası dəmir taciri və ilk dəmir qayıq inşa edən mühəndis idi. Cevons siyasi iqtisadda riyaziyyat məktəbinin banisi olmuşdur. O, riyazi, xüsusən də statistika metodundan geniş istifadə etmişdir. Siyasi iqtisadı dəqiq elmə çevirmək istəyən Cevonsun fikrincə, iqtisad elmi riyazi olmalıdır, çünki o kəmiyyətlərlə məşğul olur.
Cevons temperamentcə melanxolik idi, onun yeganə əyləncəsi isə səyahət və musiqi olmuşdur. Cevons öz qarşısına bir və ya bir neçə, yüzlərlə deyil, bütün millət və dünyadakı insanlara qarşı çox yaxşı insan olmaq məqsədini qoymuşdu. Onun fikirləri sağlığında az adam tərəfindən qəbul edilmişdir.
Cevons sağlamlığındakı problemlərdən və yuxusuzluqdan, eləcə də depressiyadan əziyyət çəkirdi. Mühazirələri quru və darıxdırıcı olduğu üçün tələbələri də dərslərə çox gəlmirdi. O, suda üzərkən boğulmuşdur.
Cevons Vyanada Karl Menger, İsveçrədə Leon Valras olmaqla, marjinalizmin üç yaradıcısından biri hesab edilir. Con Meynard Keyns ilk dəfə 22 yaşında olarkən Cevonsun işləri ilə tanış olmuş və onu XIX əsrin zəkalarından biri kimi qiymətləndirmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva