Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İBN XƏLDUN

  • Oxunub 1945 dəfə

(1332, Tunis, Tunis – 1406, Qahirə, Misir)

 Əsərləri: “Müqəddimə”,“Böyük tarix”, “Ət-Tərif”, “Məntiqə aid bir risalə”, “Hesab haqqında bir risalə”

İbn Xəldun İslam dünyasının ictimai-iqtisadi fikrinin ən böyük dühala­rından biri olmuşdur. O, XIV əsrdə cəmiyyətin iqtisadi quruluşu, iqtisadi münasibətləri, qiymət qanunu, dəyər, sərbəst bazar, tələb-təklif və rəqabət qanunları, dövlətin idarə olunması haqqında elmi-iqtisadi təfəkkürlərin əsaslarını yaradanlardan olmuşdur. İlk dəfə olaraq dövlət idarəetmə sistemi ilə iqtisadiyyat arasındakı vəhdətin elmi şərhini ver­mişdir. Liberal yanaşmaya sahib olan mütəfəkkir şəxsi təşəbbüskarlığı müdafiə edir və dövlətin iqtisadi həyata müdaxilə etməsinə qarşı çıxırdı. O, insanın “təbii hüququ” əsasında qurulmuş iqtisadiyyat tərəfdarı olaraq yazırdı ki, əgər dövlət əkinçinin, sənətkarın, tacirin təbii insani hüququnu qorumasa, onlara sərbəst fəaliyyət göstərmək azadlığı yaratmasa, cəmiyyətin nizamı pozular, dövlət özü də məhv olmaq təhlükəsilə qarşılaşar. Onun fikrincə, dövlətin və məmurların bilavasitə iqtisadi fəaliyyətlə, ticarətlə məşğul olması o ölkənin təbəələri üçün zərərli haldır. Bu halda bazar qayda-qanunları pozular, rəqabət mübarizəsi sönər, qiymətlər süni surətdə qaldırılar və nəticədə cəmiyyətin sosial həyatının təbii düzəni pozular. İbn Xəldun göstərirdi ki, bazarlarda satılan mal və əşyalara qoyulan yüksək vergilər, tacirlərdən zorla alınan bac və xəraclar bazarlarda qiymətlərin yüksəldilməsinə, bu da tələbin azalmasına, nəticədə qazancın və marağın aşağı düşməsinə gətirib çıxarır. İqtisadi şərtlərin əlverişsiz, ticarət həyatının qeyri-taraz, gəlir bölgüsünün ədalətli olmadığı bir toplumda rifah və sağlam iqtisadi həyat da mövcud ola bilməz.

İbn Xəldun “sosial fizika” terminini tətbiq etməklə “ictimai dəyişikliklər” nəzəriyyəsinin əsasını qoymuş, bə­şəriyyətin tarixi inkişafını dövrləşdirə bilmişdir. Cəmiyyətin tarixi təkamül yolunun “primitivdən” “sivilizasiya”ya doğru olduğunu göstərmişdir. İbn Xəlduna görə, insanlar ilkin olaraq vəhşi şəkildə mövcud olublar. Tədricən onlar təbii dünyadan ayrılmış, sosial vəziyyət almışlar. Cəmiyyətin tarixi inkişafı onun fikrinə görə, maddi nemətlərin istehsalı, bölgüsü və istehlakından sıx surətdə asılıdır. Cəmiyyət zəruri yaşayış vasitələri istehsalına görə birləşir ki, belə fəaliyyət insan cəmiyyətini təbiətdən ayırır. İnsanlar inkişaf edir, mədəniyyətləri təkmilləşir və özünün təbii şəraitinə əks-təsir göstərir, öz həyat tərzlərini də dəyişir­lər. Cəmiyyət öz inkişafında “yaşayış vasitələrinin necə əldə olunmasına” görə fərqlənən “bilava” və “xilara” adlanan iki mərhələdən keçmişdir. “Bilava” mərhələsində insanlar əsasən əkinçilik və heyvandarlıqla, “xilara” mərhələsində isə göstərilən məşğuliyyətlə yanaşı sənətkarlıqla, ticarətlə, elm və incəsə­nətlə məşğul olmuşlar. Bəzən “bilava” köçəri kənd həyatı, “xilara” isə oturaq şə­hər həyatı kimi şərh edilir. Primitiv həyat tərzindən sivilizasiyalı həyat tərzinə keçidi İbn Xəldun əmək bölgüsü, məhsuldar qüvvələrin inkişafında baş verən dəyişiklik və tərəqqi ilə, eləcə də izafi məhsulla əlaqələndirir və hər cür inkişafın mənbəyini maddi, iqtisadi səbəblərin təşkil etdiyini göstərir. İzafi məhsul, qrup üzvlərinin ehtiyacından qat-qat artıq olan hissə kimi əmək bölgüsündən asılı olaraq yaradılır. İzafi məhsul istehsal edən əmək “izafi əmək”, zəruri məhsul istehsal edən əmək isə “əsas əmək” adlandırılır. İbn Xəlduna görə, əgər şəhər sivilizasiyalaşırsa və orada adamların əməyi ar­tarsa, zəruri tələbatını ödəyib və onları artırırsa, onda bu izafi hissə zənginliyi əks etdirən vasitələrə sərf olunacaq. O göstərirdi ki, nəsillərin yaşadığı şərait, nemətlərin əldə olunması vasitələrindən asılı olaraq fərqlənir. Bununla əlaqədar müxtəlif coğrafi mühitdə yaşayan insanlar öz həyat tərzinə görə müxtə­lif olacaqlar.

İbn Xəldunun iqtisadi-nəzəri fikirləri bu gün də çox aktual və yüksək qiymətə layiqdir.

P.S. Çağdaş tarixin, sosiologiyanın, demoqrafiyanın, siyasi elmlərin və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsrfilosofu, dövlət xadimi və tarixçisi İbn Xəldunun tam adıƏbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami olmuşdur. Adındakı Əbu Zeyd böyük oğlu Zeydin adından gəlir. Ailəsi Yəmənin Hədrəmut bölgəsindən olduğu üçün “Hədrami”, özü Tunisdə doğulduğu üçün “Tunisi”, digər məzhəblərdən olan insanlardan fərqlənmək üçün “Maliki”, həyatının əsas hissəsini Məğribdə keçirdiyi üçün də “Məğribi” kimi ləqəblərlə də xatırlanır.

Nüfuzlu bir ailənin övladı olan İbn Xəldunun babası sarayda vəzir, atası isə İslam elmi və ədəbiyyatı sahəsində tanınmış şəxslərdən olmuşdur. O, ən yaxşı müəllimlərdən gözəl təhsil almış, ədəbiyyat, riyaziyyat, hüquq, məntiqfəlsəfəni, Quranı ərəb dilinin 7 ləhcəsində oxumağı öyrənmişdir. Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etmişdir. O dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluş onun 25 yaşı olarkən 2 il həbsdə yatmasına səbəb olmuşdur. 1400 və 1401-ci illərdə İbn Xəldun Dəməşqi işğal edən Əmir Teymurla görüşmüşdür.

İbn Xəldun XIX əsrdə Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. Avropa alimləri onu “Tarix filosofu”, “İslam Şərqinin Monteskyesi” adlandırmışlar. Bundan başqa, dünya iqtisadi fikir tarixinin araşdırılmasında mühüm rol oynayan mütəfəkkiri “XIV əsrin Adam Smiti” də adlandırırlar. Qeyd etmək lazımdır ki, İbn Xəldun ictimai-iqtisadi fikirlərini sırf İslam dini və fəlsəfi dünyagörüşü əsasında şərh etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva