FRENK HAYNEMAN NAYT
- Oxunub 893 dəfə
(1885, Uayt, ABŞ - 1972, Çikaqo, ABŞ)
Əsərləri: “Risk, qeyri-müəyyənlik və mənfəət” (1921), “Rəqabətin etikası” (1923), “İqtisadi təşkilat” (1933), “Liberalizmin etikası” (1939), “İqtisadiyyatda metodologiya” (1961), “Abstrakt iqtisadiyyat mütləq əxlaq kimi” (1966)
Məşhur amerikalı iqtisadçı Frenk Nayt Çikaqo məktəbinin yaradıcısı olmuşdur. Naytın fikrincə, iqtisadi nəzəriyyə həmişə abstraktdır, o, həm də intuitiv biliklərə əsaslanmalıdır.
Naytın sahibkarlıq, qeyri-müəyyənlik və mənfəət nəzəriyyəsi xüsusi maraq doğurur. Onun fikrincə, gəlirin iki növü var: müqavilə üzrə olan gəlir və ya renta, qalıq gəlir və ya mənfəət. Mənfəət, Frankın yanaşmasına görə, yalnız sahibkarın idarəetmə xidmətləri üçün əldə etdiyi gəlir deyildir. Stasionar iqtisadiyyat şəraitində mənfəət yoxdur. O, yalnız xüsusi şərtlər altında formalaşır, onu istehsal və mübadilə sahəsində gözlənilməz dəyişiklikləri qabaqcadan təxmin edə bilən, risk etməyə hazır olan sahibkarlar əldə edir. İqtisadçı mənfəətin əldə edilməsini iqtisadiyyatda sürətli dəyişikliklər sayəsində baş verən qeyri-müəyyənlik faktoru ilə bağlayır. Nayta görə, qeyri-müəyyənlik mahiyyətcə insan cəmiyyətində məlumat asimmetriyası və sabah nə olacağı ilə bağlı qeyri-müəyyənlikdir. Biri - ehtimalı hesablana bilən gözlənilən qeyri-müəyyənlikdir (yanğın, məhsul uğursuzluğu), o sığortalanır və xərcləri daxildir. Digəri - “unikal qeyri-müəyyənlik”dir, bu, məsələn, gözlənilməz bazar dalğalanmaları, dəyişmələri ilə bağlıdır.
Hər kəs tələbin dəyişməsini, istehsalın real həcmini, qiymətlərin düşüb-artacağını, valyuta məzənnələrindəki dəyişiklikləri əvvəlcədən dəqiq proqnozlaşdıra bilməz. Qeyri-müəyyənliyi qiymətləndirməyi, qiymətlərin optimal səviyyəsini tapmağı, ölçülə bilməyən riskə getməyi bacaran şəxslər xərcləri üstələyən gəlir əldə edə bilər.
Nayt hesab edirdi ki, gələcək məlum olsaydı, onda mənfəət qeyri-mümkün olardı, nə səhvlər, nə də idarəetmədə hər hansı bir problem baş verərdi. Mənfəət – risk, intuisiya və uğurların nəticəsidir; riskli müəssisə üçün mükafatdır. Normal şəraitdə gəlir bütün alternativ xərcləri əhatə edir; mənfəət isə yox, o sıfıra bərabərdir. İqtisadçı iddia edirdi ki, mənfəət sadəcə gəlir deyil. Normal şərtlər daxilində, sahibkar kapitalın sahibi kimi mənfəət deyil, faiz əldə edir.
“Rəqabətli iqtisadiyyat”ın prioritet əhəmiyyətini qeyd edən iqtisadçı hesab edirdi ki, mükəmməl rəqabət qeyri-müəyyənlik səbəbindən mənfəəti məhv etmir.
Naytın nəzəriyyəsində bilik və istehsal texnologiyası iqtisadi inkişafda başlıca rol oynayır, əmək bölgüsü isə onların nəticəsidir.
Naytın fikrincə, kapital istehsalın daha da genişləndirilməsi məqsədilə istehsal mallarının yığılmasının artıqlığıdır. O, kapitalı kapital malları və pul olmaqla iki yerə ayırırdı. Buna uyğun olaraq, kapital mallarından istifadəyə görə ödəmə renta, pul kapitalından istifadəyə görə ödəmə isə faizdir. Başqa sözlə, Nayta görə, renta və pul kapitaldan istifadəyə görə ödəmədir. Renta və faizin səviyyəsini, o, kapital sahibinin mənfəət əldə etmək üçün çalışmasındakı istəksizlik və tənbəllik ilə müəyyən edirdi.
Nayt iqtisadi baxışlarında dövlətin iqtisadiyyata müdaxiləsinə qarşı çıxırdı.
P.S. İrland mənşəli fermer ailəsində dünyaya gələn Frenk Nayt on bir uşaqdan birincisi olmuşdur. Zəhmətsevər və yüksək intellekt sahibi olan Nayt məktəbdə əla qiymətlərlə oxumuşdur. O fəlsəfə, ilahiyyat və sosial elmlər sahəsində əhəmiyyətli biliklərə sahib olmuşdur. Əvvəlcə fəlsəfə, daha sonra iqtisadiyyat üzrə təhsilini davam etdirmişdir. Xristian tərbiyəsi alsa da, sonradan ateist baxışları ilə seçilmişdir. Nayt Con Beyts Klarkın tələbəsi və davamçısı olmuşdur. 1921-ci ildə yazdığı monoqrafiyası onun “Sahibkar mənfəətinin nəzəriyyəsi” adlanan dissertasiyasına əsaslanır. Nayt özünün qeyri-müəyyənlik və mənfəət nəzəriyyəsini Con Stüart Millin risk konsepsiyası əsasında yaratmışdır.
Naytın “rəqabətli iqtisadiyyat” ideyasının davamçılarından biri Çikaqo Universitetində onun tələbəsi olan Milton Fridmen olmuşdur. Fridrix Hayek Naytı XX əsrdə klassik liberal düşüncənin qorunub saxlanmasında və inkişafında böyük rol oynayan əsas simalardan biri kimi qiymətləndirmişdir. Nayt həmçinin ingilis iqtisadçısı Artur Sesil Piqu ilə sosial xərclər məsələsi ilə bağlı məşhur müzakirəsi sayəsində tarixə düşmüşdür.
Nayt iki dəfə ailə həyatı qurmuş, birinci evlilikdən 4, ikincisindən isə 2 övladı dünyaya gəlmişdir.
Professional jurnallarda çoxsaylı nəşrlərin müəllifi olan Frenk Nayt peşəsinin ona verə biləcəyi ən böyük mükafatlara layiq görülmüşdür. O, 1950-ci ildə Amerika İqtisadi Assosiasiyasının prezidenti seçilmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva