Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

COAN VAYOLET ROBİNSON

  • Oxunub 1024 dəfə

(1903, Surrey, Böyük Britaniya – 1983, Kembric, Böyük Britaniya)

 Əsərləri:“Qeyri-təkmil rəqabətin iqtisadiyyatı” (1933), “Məşğulluq nəzəriyyəsinə giriş” (1937), “Marksist iqtisadiyyatın oçerkləri” (1942), “Kapital yığımı” (1956), “İqtisadi artımın nəzəriyyəsi oçerkləri” (1962), “İqtisadi fəlsəfə: iqtisadi fikrin inkişafı oçerki” (1962), “Müasir iqtisadiyyata giriş” (1973)

 XX əsrin tanınmış iqtisadçılarından olan Coan  Robinson iqtisadi nəzəriyyəyə bir sıra töhfələr vermişdir. O, keynsçi və postkeynsçi istiqamətlərin davamçısı olmuşdur. Əsrin 20-30-cu illərində siyasi iqtisad elmində yaranmış nəzəriyyələrdən biri bazarı öyrənən, bazarda inhisarların hökmranlığını qəbul edən, onların bazar qiymətlərinin formalaşmasında rolunu təhlil edən qeyri-təkmil rəqabət nəzəriyyəsi idi.

Robinson qeyri-təkmil rəqabət konsepsiyasında hər istehsalçının öz məhsulunun inhisarı ola bildiyi zaman qiymətlərin mexanizmini qurmağa çalışırdı. Bu nəzəriyyənin tədqiqat obyekti inhisarlarla qeyri-inhisar istehsalçılarının toqquşması zamanı qiymətin yaranması prosesini, daha doğrusu, inhisar mənfəətinin yaranmasını öyrənmək idi.

“Böyük depressiya” illərində baş verən iqtisadi böhran zamanı inhisarların qeyri-sabitliyi prosesini müşahidə edən Robinson inhisar qiyməti nəzəriyyəsini işləyib hazırlamışdır. Onun fikrincə, “qeyri-təkmil” rəqabət termini öz əhəmiyyətini artıq itirmişdir.  Qeyri-təkmil rəqabətdə Robinson rəqabətli iqtisadi sistemin tarazlı vəziyyətinin pozulmasını və muzdlu əməyin istismarını görürdü. Qeyri-təkmil rəqabət zamanı təkmil rəqabətlə müqayisədə daha az məhsul istehsal olunur. Nəticədə qiymətlərin artımı müşahidə olunur ki, bu da firmalar arasında razılaşmanın və kənar firmaların sahəyə girişinin məhdudlaşdırılmasının nəticəsidir. Robinsona görə, qiymət artımı hökumətin məcburi şəkildə vergi və büdcə siyasəti tədbirləri vasitəsilə iqtisadiyyata müdaxiləsini tələb edir.

İnhisarçı rəqabətin əsas xüsusiyyətini o, firmalar arasında olan qarşılıqlı əlaqələr hesab edirdi, cari mənfəətin maksimuma çatdırılması isə inhisarların fəaliyyətinin əsas xarakteristikasıdır. İnhisarçı firma qiymət üzərində tam nəzarəti əldə edir.

Robinson göstərirdi ki, inhisarlar “sosial ədalətsizlik” təmayülü yaradır, yəni həddən artıq istehsal amilləri istismar olunur. Məhsul istehsalı vahidi artdıqca istehsal amilləri - əmək, kapital və torpaq istismara daha çox məruz qalır. “Əmək üzərində xərclər” artdıqca onun yeni istehsal amilləri ilə əvəz olunması meydana çıxır, bu da öz növbəsində işsizliyin yaranmasına səbəb olur.

İqtisadçı “monopsoniya” terminini irəli sürmüşdür. Monopsiya dedikdə, müəyyən növ malın bir alıcısının inhisarının mövcud olduğu bazar strukturunun tipi başa düşülür. O, iddia edirdi ki, onlara qoyulan şərtlər əsasında işləyən işçilərin əməyindən istifadə edən böyük firma monopsonist kimi çıxış edə bilər. Nəticədə əmək haqqı aşağı ola bilər, yəni istismar olar. Ona görə də, belə şəraitdə əmək haqqının minimumu haqqında qanun yaratmaq lazımdır. Digər tərəfdən, əgər güclü həmkarlar ittifaqları kapital sahiblərinin normal, adi mənfəətini qoparan əmək haqqı tələb edirlərsə, onda,  artıq işçilər özləri kiçik torpaq mülkiyyətçilərini istismar edirlər. Coan həmçinin monopsoniya ifadəsini bərabər fəaliyyət göstərən kişi və qadın işçilərə ödənilən əmək haqları arasındakı fərqi izah etmək üçün istifadə etmişdir.

İqtisadçı, tələbə təsir və bazarın tənzimlənməsi aləti kimi qiymətlərdən istifadə edilməsinin mümkünlüyünü araşdırırdı. O, “qiymətlərin ayrı-seçkiliyi” anlayışını irəli sürmüşdü. Bu, inhisar tərəfindən qiymət üzrə tələbin elastikliyi əsasında bazarın seqmentlərə bölünməsi idi. İnhisarçı yeni bir məhsulun buraxılması zamanı birinci  qiyməti maksimum qaldırır və istehlakçıların ən varlı hissəsinə xidmət edir. Daha sonra o, tədricən qiyməti azaldaraq nisbətən az zəngin alıcıları cəlb edir və bu zaman qiymətlərin azalmasına baxmayaraq, tələb artdıqca mənfəət yüksək olacaq.

 P.S. Öz dövrünün uğurlu, məhsuldar və görkəmli qadın iqtisadçısı və ictimai xadimCoan Robinson orta sinfə mənsub olan ziyalı ingilis ailəsində anadan olmuşdur. Kembric Universitetində oxuyarkən dünyanın tanınmış iqtisadçıları olan Con Meynard Keyns, Alfred Marşal və Artur Sesil Piqunun mühazirələrində iştirak etmişdir. O, Kral Kollecinin fəxri üzvü olan ilk qadın olmuşdur. Qeyd etmək lazımdır ki, əvvəlcə neoklassik iqtisadi nəzəriyyə tərəfdarı olan iqtisadçı Keynslə tanışlıqdan sonra köklü şəkildə baxışlarını dəyişmişdir.

Aktiv vətəndaş mövqeyindən və ümumiyyətlə solçu baxışları ilə çıxış edərək
Coan Robinson dinc, sülh şəraitində yaşamı müdafiə edir, nüvə silahlarının yayılmasına və beynəlxalq gərginliyin artmasına qarşı çıxırdı. O, sosializmi təqdir edir və hesab edirdi ki, yalnız bu quruluş az inkişaf etmiş ölkələr üçün yoxsulluğun və texnoloji geriləmənin aradan qaldırılmasına imkan yarada bilər. Yaşlandıqca, sol meylli baxışları onu Çində Mae-Tse-Dun, Şimali Koreyada isə Kim İr Senin heyranına çevirmişdir.

Onun iki tələbəsi (Cozef Stiqlis və Amartiya Sen) iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Özü Nobel mükafatı qazanmasa da, iqtisadçılar onun bu səviyyədə tanınmağa layiq olduğunu düşünürdülər. Hətta 1975-ci ildə onun bu mükafatı qazanacağı gözlənilirdi. “Businessweek” jurnalı o qədər əmin idi ki,
hətta mükafat elan edilməmişdən əvvəl Robinson haqda uzun məqalə də dərc etmişdi. Lakin gözlənilənlər baş vermədi. İqtisadçılar bunun səbəbini onun qadın olmağı ilə deyil, solçu siyasi baxışları ilə əlaqələndirirdilər.

Coan o dövrdə kifayət qədər tanınmış və “Keynsçi dairə”nin üzvü olan iqtisadçı Ostin Robinson ilə ailə həyatı qurmuş və onların bu evlilikdən iki qız övladı dünyaya gəlmişdir.

Coan heç vaxt riyaziyyatı mənimsəməmişdir. O, hətta ən sadə diaqramlar qurmaq üçün başqalarına müraciət edirdi. 1958-ci ildə Raqnar Friş tərəfindən ona edilən Ekonometrika Cəmiyyətinin vitse-prezidenti olmaq təklifini də rədd etmişdir. Coan imtina etməsinin səbəbini oxuya bilmədiyi bir jurnala yaxşı nəzarət edə bilməyəcəyi kimi izah etmişdir. Bunun digər səbəbi də onun iqtisadiyyatın riyaziləşməsinə şübhə ilə yanaşmasından irəli gəlirdi. Şərhlərindən birində demişdir ki:“Mən heç vaxt riyaziyyatı öyrənmədim və buna görə də düşünməli oldum”.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva