Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

FOMA AKVİNSKİ

  • Oxunub 1569 dəfə

 Əsərləri: “Fəlsəfənin külliyyatı” (1259-1269), “Bütpərəstlər əleyhinə külliyyat” (1261-64), “Teologiyanın külliyyatı” (1265-73), “Hökmdarların hakimiyyəti haqqında”

 İqtisadi həyatın, təsərrüfat fəaliyyətinin dini etik prinsiplərə əsaslandığı orta əsrlərdə yaranmış kononist nəzəriyyənin ən nüfuzlu simalarından biri Foma Akvinski olmuşdur. Akvinski qiymət, onun növləri, mübadilə, ticarət, faiz, pul, əmək, renta və s. haqqında maraqlı mülahizələr söyləmiş və bunu dini ehkamlarla əsaslandırmışdır.

Akvinski deyirdi ki, mübadilə, alqı-satqı, qiymət qoyulması, əməyin haqqının ödənilməsində “ədalət” prinsipi əsas tutulmalıdır. Məhz bu prinsipə əsaslanaraq “ədalətli qiymət” ideyasını irəli sürmüşdü. Akvinski qiymətlə bağlı baxışlarında “ədalətli qiyməti” cari bazar qiyməti ilə ey­niləşdirir və qeyd edirdi ki, “ədalətli qiymət” təkcə istehsal və tədavül xərclə­rini ödəməməli, həm də kübar dairələrə mənsub olan adamların yaşamasını təmin etməlidir. Bununla o, silki mənafeləri müdafiə edir, mübadiləni qazanca bərabər olan xa­lis subyektiv akt və şeyləri, onların qiymətindən baha satmağı kübar hakimiyyətinin hüququ hesab edirdi. Beləliklə, qiymət­qoyma prosesini istehsalçıların ictimai statusu ilə müəyyən edir və bu prosesi mübadilə iştirakçılarının ictimai statusun­dan asılı etmiş olurdu. Akvinski “təbii” və “bazar” qiymətlərini eyniləşdirməklə yanaşı, onların arasında əsaslı fərq olduğunu bildirmiş, “ədalətli qiymətin” Allah tərəfindən müəyyən edilməsi haqqında fikir formalaşdır­mışdı.

Akvinski öz mühakimələrində əmtəə istehsalını ikinci də­rəcəli hesab etmiş, pulun dəyər ölçüsü və tədavül vasitəsi kimi zəruriliyini qəbul etmişdir. Borc pula faizin bütün müxtəlif növlərini “sələmçilik” kimi şərh etmiş, faizi isə “faydasız metalın” törəməsi kimi izah etmişdir. Ticarət mənfəəti və faizin mənimsənilmə­sinə “ədalətli qiymət”ə görə mübadilənin pozulması kimi bax­dığı üçün mənfəət əldə etmək məqsədi daşıyan iri ticarətin və sələmçiliyin qadağan olunmasının tərəfdarı olmuş­dur. Tacirlərin əldə etdiyi mənfəətin əmək üçün ödəniş olmadığını əsas gətirərək onun xristianlığa zidd olduğunu bildirirdi. Ticarətin bəzi növlərini, xüsusilə də lazımlı olan şeylərin idxalını “ədalətli” ticarət hesab edirdi. O, qeyd edirdi ki, pul pul törədə bilmir, onun qazanc əldə etmək üçün istifadə edilməsi mümkün deyil.

Əməyi müsbət qiymətləndi­rərək onu həyat üçün zəruri hesab edən Akvinski fiziki və əqli əmək arasında fərq qoymuş, insanların ictimai statusunun onunla müəyyən edildiyini güman etmişdir. O, belə bir nəticəyə gəlirdi ki, fiziki əmək təhkimli kəndlilər üçün nəzərdə tutulmuşdur, imtiyazlı sinif isə özlərini mənəvi fəaliyyətə həsr etməli, intellektual işlərlə məşğul olmalıdır.

Akvinski bərabərlik ideyasının əksinə çıxış edərək sosial bərabərliyə cəhd göstərməyi ciddi mühakimə etmiş və cəmiyyəti iyerarxiya və silk kimi təsvir etmişdir. O, əməyin ictimai bölgüsünü cəmiyyətin siniflərə bölünməsinin əsası hesab etməklə, təbii hal kimi dəyərləndirir və insanların təbiətcə müxtəlif olduğu fikrini müdafiə edirdi. İnsanların maddi və mənəvi cəhətdən aşağı və yüksək dərəcələrə, təbəqələrə bölgüsünün səbəbini ilahi qanunlarla izah etməyə çalışmışdır. Buna görə də hamını taleyi ilə barışmağa çağırırdı. Rahib quldarlığı faydalı hesab edir, onun kökünü insanla­rın təbii fərqində və onların günahında görürdü.

Akvinski bütün əşyaların təbiətən eyni və onların Allaha məxsus olduğunu və insanın onlardan ancaq istifadə edə bil­məsini qeyd etməklə yanaşı, xüsusi mülkiyyəti ümumi xeyir və şəxsi mənafe xatirinə zəruri sayırdı. Qeyd edirdi ki, zəruri eht­iyaclar çərçivəsində mülkiyyət təbiidir, çünki öz işlərinin yaxşı qayğısına qalmağa, insanlarla dinc münasibət qurmağa məcbur edir. O, sərvəti xüsusi mülkiyyət hüququnda olduğu kimi insan fəaliyyətinin nəticəsi hesab edirdi.

Renta almağa haqq qazandırmış, rentanı torpaq mülkiyyətçisinin öz tabeliyində olanları idarə etdiyinə görə əməyinin haqqı kimi şərh etmişdir. Onun fikrincə, feodal işləməyə bilər, çünki o, renta alır. Akvinski natural təsərrüfatın tərəfdarı idi və belə hesab edirdi ki, o, insan rifahının əsasını təşkil edir.

P.S. Foma Akvinski (həmçinin Foma Akvinat və ya Tomas Akvinat) italiyalı filosof və ilahiyyatçı, sxolastikanın sistemləşdiricisi, tomizmin banisi idi. Zadəgan ailəsində dünyaya göz açmış, ailənin yeddinci oğul övladı olmuş, əla təhsil almışdır. O, ağır çəkisi, hündür boyu və az hərəkətliliyi ilə seçilirdi. Eyni zamanda, monastır təvazökarlığından da çox yumşaq xasiyyətə malik idi. Müəllimi Böyük Albertlə diskussiya zamanı Foma nadir hallarda danışar və dərslərdə az fəallıq göstərərmiş. Digər tələbələr onu “Siciliya buğası” və ya “Lal buğa” deyə çağırar, ona gülərlərmiş. O, mükəmməl yaddaşa sahib olmuş, oxuduğu və hətta müəlliminin dediyi hər şeyi yadda saxlayırmış.

Xristian ehkamları ilə Aristotelin ideyalarını birləşdirməyə çalışan Akvinski öz əsərlərini sual-cavab şəklində yazmış və etirazçıların fikirlərinə cavab olaraq hər bir addımında haqlı olduğunu göstərməyə çalışmışdır. O, xristian fəlsəfəsinin banilərindən biri və “filosofların knyazı” hesab edilir. Akvinski tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva