Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ALFRED MARŞALL

  • Oxunub 3404 dəfə

 (1842, London, İngiltərə - 1924, Kembric, İngiltərə)

  Əsərləri: “Sənaye iqtisadiyyatı” (1879), “Ekonomiksin prinsipləri” (1890), “Rəqabətin bəzi aspektləri” (1891), “Sənaye iqtisadiyyatının elementləri” (1892), “Sənaye və ticarət” (1922),Pul, kredit və ticarət” (1923)

 Məşhur ingilis iqtisadçısı Alfred Marşall Kembric məktəbinin əsasını qoymuş, neoklassik elmi cərəyanın yaradıcısı olmuşdur. Marşall iqtisad elmini konkret həqi­qət­lər­in məcmusu deyil, sadəcə konkret həqiqətlərin açıl­ması üçün bir vasitə hesab edirdi. O, bütün iqtisadiyyatı makrosəviyyədə deyil, mikrosəviyyədə təhlil etmiş, iqtisad elminə iqtisadiyyatın mikrosəviyyəsində bazar fəaliyyətinin prinsipləri haqqında xüsusi elm kimi baxmışdır. Bu elmin vəzifəsini isə bazar təsərrüfatının real fəaliyyət mexanizmini öyrənməkdə görürdü.

 Marşalın yaratdığı qiymət konsepsiyası özündə faydalılıq həddi, istehsal xərcləri, tələb və təklif nəzəriyyələrini birləşdirir. İqtisadçı bazar tarazlığına təklif və tələb qiymətinin bərabərliyi kimi baxmış, tələblə təklifin bazar tarazlığının yaranmasındakı rolunu «kəsən qayçının 2 tərəfi» kimi səciyyələndirmişdir. O, qiyməti bazar iqtisadiyyatının mühüm elementi hesab etməklə, təklif qiymətini istehsal xərcləri (klassik üsulla), tələb qiymətini isə əmtəənin faydalılığı (marjinalist üsulla) kimi müəyyən etmişdir. Tələbin qiymətlə tərs, təklifin isə düz münasibətdə olduğunu qeyd etmişdir. Onun nəzəriyyəsində əmtəənin bazar qiyməti faydalılıq həddinin və məsrəf hədlərinin tarazlığı ilə müəyyən edilir. Son faydalılıq anlayışını istehsal xərcləri ilə birləşdirir və göstərirdi ki, tələbatlar və istehsal xərcləri bir-birilərini tamamlayır. İqtisadçı qeyd edirdi ki, dəyər mübadilə prosesində iki şeyin bir-birinə olan münasibəti olmaqla tələb və təkliflə müəyyən olunur. Marşall eyni zamanda fərdi bazar tarazlığını ayrı-ayrı əmtəələr üzrə tarazlıq kimi izah edərək, ümumi tarazlığın bu tarazlıqların cəmi olduğunu göstərmişdir.

 Marşall iqtisadiyyat üçün qısa və uzunmüddətli proseslərin prinsipial fərqlərinə diqqət yetirmişdir. Onun fikrincə, qısamüddətli dövrdə qiymətə tələbin dəyişməsi, uzunmüddətli dövrdə isə təklifin dəyişməsi həlledici təsir göstərir. İqtisad elminə “tələbin elas­tik­­liyi” məfhumunu gətirmiş, bu anlayışı əmtəələrə olan tələb kəmiyyətinin qiymət səviyyəsindən funksional ası­lı­lığı kimi müəyyən etmişdir.

 Marşalın fikrincə, sərvət anlayışı hər şeydən əv­vəl malik olmaq istədiyimiz şeylərdən ibarət olub, insanın birbaşa və ya dolayı tələbatını ödəyir. Lakin hər bir belə şeyi sərvət saymaq olmaz.  

 Marşall öz iqtisadi təlimində ənənəvi istehsal amilləri olan torpaq, əmək və kapital ilə yanaşı ilk dəfə olaraq bu amillər cərgəsinə təşkili də daxil etmişdir. O göstərirdi ki, ümumiyyətlə, istehsalın iki amili mövcuddur: təbiət və insan. Kapital və təşkilat insan fəaliyyətinin nəticəsidir və təbiət vasitəsi ilə həyata keçirilir. İnsanın və təbiətin mövcud qüvvəsi və xüsusiyyəti şəraitində bilik və təşkilati işlər sərvət artımının səbəb və nəticəsi kimi üzə çıxır. İqtisadçı əməyin əsas motivinin, hər şeydən əvvəl, hər hansı maddi qazanc əldə etmək istəyi olduğunu bildirmişdir.

 Marşall mükəmməl rəqabət şəraitində istehsalın optimallaşdırılması və müəssisələrin miqyası probleminə toxunaraq qeyd edirdi ki, rəqabət iqtisadiyyatında istehsalın iri miqyası müəssisələri əmtəəlik məhsulun qiymətinin aşağı salınması ilə təmin edir ki, bu cür qənaətdən əsas qazancı ancaq cəmiyyət əldə edir.

 Bazar mexanizminin pozulmasının başlıca səbəbləri kimi dövlət müdaxiləsi və satıcının inhisarçı olmasını göstərmişdir. Marşall xalis inhisar gəlirini, onun verginin təsiri altında dəyişməsini xarakterizə etmiş və inhisarçı müəssisənin səmərəli idarə edilməsinin mümkünlüyünü izah etmişdir.

 İlk dəfə olaraq siyasi iqtisadı “ekonomiks” termini ilə əvəz etmiş mütəfəkkir riyazi üsullarla, qrafik me­tod­la iqtisadi nəzəriyyəni praktika ilə əlaqələn­dir­miş, nəzəri məsələlərin həllində qrafik metodun tətbiqinin hadisələrin daha aydın, sadə və mü­kəm­­­məl mənimsənilməsinə səbəb olduğunu bildirmişdir.

 Özündə klassik iq­ti­sadi nəzəriyyə ilə marjinalizmin inqilabi nailiy­­­­­­­­­yət­lərini sıx surətdə birləşdirən Marşalın yaradıcılığı iqtisad elminin inkişafına və iqtisadi tədqiqatların istiqamətinə mühüm təsir göstərmişdir.

 P.S. Alfred Marşall orta sinfə mənsub ailədə dünyaya gəlmişdir. Atası, bank kassiri işləyən Ulyams Marşall xaraktercə olduqca sərt, qəti və qəddar, protestant ruhlu dindar bir şəxs olmuşdur. Onun sərt rəftarı ən çox qadınlara, xüsusən həyat yoldaşına qarşı idi. Atasının ciddi həyat tərzini qəbul etmiş Alfred də olduqca çalışqan, zəhmətkeş bir gənc kimi təmkinliyi, düşüncəliyi və dərrakəliyi ilə fərqlənirdi. Uilyam oğlunu qədim ivrit dilini öyrənməyə məcbur edirdi. Onu ruhani görmək istəyən atasından fərqli olaraq, Alfred daha perspektivli həyat yolu axtarmağı üstün tutmuşdur. Oksford Universitetində qədim dilləri öyrənən Marşall təhsilini Kembric Universitetində riyaziyyat üzrə davam etdirmək qərarına gəlmişdir. Keçirdiyi ruhi sarsıntıdan sonra fizikadan imtina etmiş, əvvəlcə fəlsəfəyə, xüsusilə də metafizikaya maraq göstərmişdir. Daha sonra o, etikaya meyl göstərmiş və məhz etika problemlərinin tədqiqi ilə iqtisad elminə gəlmişdir. İqtisadiyyata gəlişinin başlıca səbəbi isə bu elmin  fəhlə sinfi üçün ilkin şərtlərin yaxşılaşdırılmasına şərait yaratmasında mühüm rol oynaması olmuşdur. Riyazi təfəkkür tərzini iqtisadi dillə izah etmək Marşalın ən böyük arzusu idi.

Con Meynard Keyns və Artur Sesil Piqu onun tələbələri olmuşlar. Marşalın həyat yoldaşı Meri Peyli onun keçmiş tələbəsi və Kembric Universitetində təhsil almış ilk qadın idi.

Marşall öz dövrünün ən nüfuzlu iqtisadçılarından biri olmuşdur. XX əsrin ilk 25 ili “Marşall dövrü”kimi xarakterizə edilir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva