NİZAMİ GƏNCƏVİnin iqtisadi fikirləri
- Oxunub 8626 dəfə
(1141, Gəncə, Azərbaycan – 1209, Gəncə, Azərbaycan)
Əsərləri: “Sirlər xəzinəsi” (1177), “Xosrov və Şirin” (1180), “Leyli və Məcnun” (1188), “Yeddi gözəl” (1196), “İsgəndərnamə” (1203)
Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi Azərbaycanın iqtisadi fikrinin inkişafında önəmli yer tutur. Nizami Gəncəvi öz dövrünün ictimai-iqtisadi münasibətlərinə, ziddiyyətlərinə biganə qalmamış, öz əsərlərində iqtisadi baxışlarını əks etdirmişdir. Humanizm və demokratizm dahi mütəfəkkirin iqtisadi ideyalarının əsasını təşkil etmişdir.
Gəncəvi cəmiyyətin ictimai-iqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mənbələri, bölgü, istehlak, mübadilə, ticarət, qiymət, pul və s. məsələlər üzrə qiymətli fikirlər irəli sürmüşdür.
Gəncəvinin əmək və sərvət haqqında yaratdığı təlimə görə, əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir, insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalışmağında görürdü. Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. O, əməyin yüksək nəticələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması, əmək adamının daima öz bacarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür. Əmək və əməkçi surətləri demək olar ki, onun bütün əsərlərinin başlıca qayəsini təşkil edir. Nizami tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Nizamiyə görə, sənətə, sənətkara, əkinçi əməyinə qayğı göstərilməsə, hər kəsin öz peşəsinə görə işləmək imkanı yaradılmasa, sərvət azalar, vergilər ödənilməz, xəzinə də boş qalar.
Əmək və peşə bölgüsünə mühüm əhəmiyyət verən Nizamiyə görə, əmək prosesi ictimai məna daşıyır, burada hər kəs həm özü üçün, həm də başqaları üçün çalışır, hər kəsin hamıdan, hamının isə hər kəsdən asılılığı mövcuddur. Onun fikrincə, hər cür çalışmaqda son məqsəd yemək və geyinməkdən başqa bir şey deyildir.
Gəncəvi yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərindən qavramış, mövcud quruluşdakı ədalətsizliklərlə razılaşmamış, cəmiyyətdəki sosial ədalətsizliyin aradan qaldırılması və cəmiyyətin yenidən qurulması üçün yollar axtarmışdır. Cəmiyyətin ədalət və təbii qanunlar əsasında qurulması və idarə edilməsi kimi həyati məsələlər onun əsərlərində əsas yer tutur.
Tələb və təklifin əmtəələrin bazar qiymətlərinə təsirini təsvir etməklə yanaşı, Gəncəvi alqı-satqı prosesində bərabərlik prinsipinin gözlənilməsini zəruri hesab edirdi. Vergi sistemi haqqındakı fikirlərində o dövrdə vergilərin çox olduğunu söyləyərək vergilərin miqdarı, növləri və toplama formaları haqqında müxtəlif fikirlər irəli sürmüşdür.
Gəncəvi daxili və xarici ticarət, onların inkişafı və aparılması qayda-qanunlarına dair qiymətli fikirlər söyləmişdir. O, tacirlərə, alqı-satqı ilə məşğul olanlara şəriət və ədalət qanunları ilə sövdələşməyi tövsiyə edirdi. Həm də onların hüquqlarının müdafiə olunmasını dövlət məmurlarının vəzifəsi hesab edirdi. O, ölkələr və xalqlar arasında ticarət əlaqələrinin inkişaf etdirilməsini vacib sayırdı. Nizami ticarətdə, bazarda qiymətlərin ədalətli surətdə qoyulmasını tövsiyə edir, sələmçilik yolu ilə sərvət, pul toplamağı haram sayırdı.
Gəncəvinin iqtisadi fikir və ideyaları iqtisadi fikir tariximizi zənginləşdirən qiymətli töhfədir.
P.S. Nizami Gəncəvinin tam adı Əbu Məhəmməd Cəmaləddin İlyas ibn Yusif olmuşdur. Atası Yusif ibn Zəki dövlət işçisi, anası sülalə başçısının qızı olmuşdur. O, valideynlərini erkən itirmiş, dayısı Xoca Ömərin himayəsində qalmışdır. Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri əsərlərini fars dilində yazmışdır. Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmişdir.
O, yaxşı təhsilli olmuş, tarix, etika, fəlsəfə, məntiq, ilahiyyat, astranomiya, kimya, fizika, tibb, botanika, riyaziyyat, Quran təfsiri, musiqi, təsviri sənət və s. elmlərə dərindən bələd olmuşdur.
Ömrü boyu Gəncədə yaşamış, hələ sağlığında böyük hörmət və izzət sahibi olmuş, dəfələrlə saraya dəvət edilsə də, dürüstlüyünü itirəcəyindən qorxduğu və azad yaradıcılıq tərəfdarı olduğu üçün saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır.
Nizami üç dəfə evlənmişdir. İlk və ən sevimli həyat yoldaşı, ona Dərbənt hakimi tərəfindən kəniz kimi hədiyyə göndərilən qıpçaq qızı Afaq (Appaq) olmuşdur. Nizami onu azad edərək evlənmiş və onların Məhəmməd adlı övladı dünyaya gəlmişdir. Afaqın ölümündən sonra Nizami iki dəfə evlənmiş və sonrakı iki həyat yoldaşı da vaxtından əvvəl vəfat etmişdir. Deyilənlərə görə, şairin hər 3 həyat yoldaşının ölümü onun yeni epik poemasını tamamlaması ilə üst-üstə düşmüşdür ki, bu münasibətlə də Nizami yazmışdır: “İlahi, nəyə görə, mən hər poemaya görə bir həyat yoldaşı qurban verməliyəm?”.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva