OYGEN FON BEM-BAVERK
- Oxunub 1099 dəfə
(1851, Brno, Çexiya - 1914, Kramzax, Avstriya)
Əsərləri: “Kapital və faiz”, (1884), “Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları” (1886), “Kapitalın pozitiv nəzəriyyəsi” (1889), “Marksist sistemin başa çatması” (1890)
Avstriya iqtisad məktəbinin əsas nümayəndələrindən biri olan Bem-Baverkin son faydalılıq nəzəriyyəsinin yeni cəhətlərlə zənginləşdirilməsində böyük rolu olmuşdur. Bem-Baverkin fikrincə, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir: birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; ikincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir.
O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir. Subyektiv dəyər məhsulun alıcı və satıcı tərəfindən fərdi qiymətidir. Obyektiv dəyər isə bazarda rəqabət şəraitində formalaşan mübadilə nisbətidir. Məhz bu obyektiv və subyektiv dəyərlərin mübadilə prosesində qarşılaşdırılması nəticəsində məhsulun qiyməti meydana çıxır.
Bem-Baverk tələb və təklif qiymətindən istifadə edərək bazar qiymətinin formalaşması modelini qurur və hesab edirdi ki, hər bir satıcının özünün təklif qiyməti və hər bir alıcının öz tələb qiyməti vardır. Qiymətin əmələ gəlməsi prosesini aşağıdakı kimi təsvir edirdi: əgər bazarda bir alıcı və bir satıcı olarsa, bu halda rəqabət olmur. Bu zaman alıcının təklif etdiyi subyektiv qiymətin maksimum, satıcının qiymətinin isə minimum səviyyələri mövcud olacaq, real qiymət bu hüdudlarda tərəddüd edəcəkdir. Burada əmtəənin qiyməti alıcı və satıcıların sövdələşmə bacarığından asılı olaraq bu və ya digər istiqamətdə dəyişə bilər. Lakin bazarda bir satıcıya qarşı öz aralarında rəqabət aparan bir neçə alıcı dayanarsa, bu halda rəqabət mübarizəsində qalib gələn alıcının qiyməti minimum, ən ağır şəkildə məğlub olan alıcının qiyməti isə maksimum hədd kimi müəyyən ediləcəkdir. Beləliklə, qiymət, qalib gələn alıcı ilə məğlub olan alıcının verdikləri qiymətin hüdudları daxilində müəyyən edilmiş olur. Nəticədə, qiymət mübadilə zamanı əmtəənin alıcı və satıcı tərəfindən irəli sürülmüş subyektiv fikirlərinin toqquşmasından yaranır.
Bem-Baverkin tədqiqatında dəyər - insanların sərəncamında olan nemətlərin faydalılığı haqqında onların fikirləridir və o, insan şüurundan kənarda mövcud deyildir. Bu zaman dəyər həmin nemətlərin son kəmiyyətinin faydası ilə ölçülür. Onun fikrincə, məhsul vahidinin qiyməti onun daha lazımsız, az əhəmiyyətli olan tələbatının ödənilməsi üçün zəruri olan son məhsulun faydası ilə ölçülür.
İqtisadçıya görə, subyektiv qiymət mübadilə prosesində insanın malik olduğu nemətin ən az faydasından asılıdır, son faydalılıq isə nemətlərin kəmiyyəti və fərd tərəfindən istehlakın intensivliyi ilə müəyyən edilir. Onun gəldiyi nəticəyə görə, qiymət əvvəldən axıradək nemətlərin subyektiv qiymətləndirilməsinin nəticəsidir.
Bem-Baverkin iqtisadi tədqiqatlarının əsas istiqamətlərindən birini də “gözləmələr nəzəriyyəsi” təşkil edir. Həmin nəzəriyyəyə görə, bütün sərvətlər iki yerə bölünür: şəxsi tələbatların ödənilməsinə xidmət edən istehlak nemətləri və istehsal vasitələrinin aid edildiyi istehsal sərvətləri. O göstərirdi ki, istehsal nemətləri öz müstəqil dəyərinə malik deyillər və insan tələbatını bilavasitə ödəmirlər. Onları “gələcək sərvət” adlandırır, həmin sərvətlərin faydasını isə “hazırkı sərvət” kimi çıxış edən istehlak nemətlərinin faydası ilə müəyyən edirdi. Fəhlənin aldığı əmək haqqını “hazırkı sərvət”, istehsal vasitələri, əməyi “gələcək sərvət” kimi səciyyələndirirdi.
Faizə mənfəətin yeganə forması kimi baxan Baverk hesab edirdi ki, indiki və gələcək sərvətlər arasındakı müddət nə qədər çox olarsa, faiz də bir o qədər çox olar. O, hesab edirdi ki, insanlar öz istehlakında bu gün istifadə etdikləri hazırki sərvətlərə daha çox üstünlük verirlər, belə ki, hazırkı dövrdə onların səmərəsi gələcək sərvətlərin səmərəsindən daha çoxdur, hazırkı sərvətlərdən daha səmərəli istifadə olunması gələcəkdə daha çox sərvət əldə etməyə imkan verir.
Bem-Baverk insanları sabah deyil, məhz bu gün sərvət almağa sövq edən aşağıdakı üç səbəbin olduğunu göstərirdi: cəmiyyətdə hər vaxt çoxlu sayda aztəminatlı insanların mövcudluğu; cəmiyyətdə kifayət səviyyədə zəif iradəli insanların olması; insanların hazırkı dövrdə daha çox fayda götürməyə can atmaları, çünki onlar hesab edirlər ki, gələcəkdə istehsalın nəticəsi aşağı düşə bilər.
P.S. İqtisadçı və dövlət xadimi Bem-Baverk dövlət qulluqçusunun ailəsində dünyaya gəlmiş, gimnaziyada təhsil almışdır. Fridrix fon Vizerlə məktəb dostu olmuş və onun bacısı ilə evlənmişdir. Bem-Baverk sonradan ideyalarını inkişaf etdirdiyi Karl Mengerin ardıcıllarından olmuşdur. Hüquq təhsilindən sonra, həmçinin Karl Knis, Vilhelm Roşer, Bruno Hildebrand kimi o dövrün ən məşhur iqtisadçılarından bir neçə il siyasi iqtisadı və sosial elmləri öyrənmişdir. Lüdviq fon Mizes və Yozef Şumpeter isə onun tələbələri olmuşdur.
Yozef Şumpeter Bem-Baverkin həyatını “incəsənət əsəri” kimi xarakterizə edərək yazırdı ki, o, öz işinə çox bağlı, mükəmməl qərəzsiz və fədakar, geniş intellektual maraqları və dünyagörüşü, həqiqi sadəliyi olan biri olmasına baxmayaraq, nə ikiüzlülüyə, nə də hər hansı dini baxışlara meylli idi.
Karl Marksın “Kapital” əsərini tənqid edən və özü də marksistlər tərəfindən kəskin tənqid atəşinə tutulan Bem-Baverki Şumpeter “burjuaziya Marksı” adlandırırdı. Karl Menger dahiyanə şagirdi haqda demişdir ki, mübahisələri sevən və davamlı olaraq müzakirələrə cəlb olunan bu şəxsin həqiqətdə, opponentləri çox olsa da, bir düşməni yox idi.
Bem-Baverk bir müddət Maliyyə Nazirliyində çalışmışdır. O, Avstriya Elmlər Akademiyasının prezidenti olmuşdur. Vyanada məşhur şəxs kimi böyük şöhrət qazanmış, dəfələrlə müxtəlif mükafatlar (xaç, ulduz və medal) qazanmışdır. İqtisadçı faydalılığın kəmiyyətcə ölçülməsini mümkün sayan kardinalist idi.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva