Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

UİLYAM STAFFORD

  • Oxunub 1120 dəfə

 (1554, Roçford, Böyük Britaniya -1612, Böyük Britaniya)

  Əsərləri:“Soydaşlarımızın bəzi adi şikayətlərinin qısa xülasəsi” (1581)

 İngilis iqtisadçısı Uilyam Stafford erkən merkantilizmin nümayəndəsi olmuşdur. O, ölkənin sərvətinin yalnız pul və qiymətli metallarda təcəssüm olunduğuna inanırdı. Buna görə də, İngiltərənin iqtisadi siyasətini pul xəzinələrini artırmaq baxımından nəzərdən keçirmişdir.

 Stafford iqtisadi həyatda yaşanan bütün mənfi hadisələri pul dövriyyəsi sahəsindəki qüsurlarla izah edirdi. Onun fikrincə, pulun dəyərdən düşməsi valyuta məzənnəsinin pisləşməsinə gətirib çıxarır. Buna görə, xaricilər ölkədən pulu çıxarır, xaricdən idxal olunan mallar isə daha da bahalaşır, bu səbəbdən də İngiltərə daha kasıb olur. İqtisadçı sikkələrin dəyərini yüksəltmək üçün xarici malların idxalını azaltmağı lazım bilirdi. Eləcə də ölkəni pulla zənginləşdirən, ixrac üçün işləyən sənaye sahələrinin dövlət tərəfindən təşviq edilməsinə ehtiyac olduğunu qeyd edirdi. Xaricilər İngiltərəyə mümkün qədər az mal satmalı, ingilislər isə xammal və yarımfabrikat məhsulların ixracını dayandırmalı, onları özləri ölkə daxilində emal etməyə başlamalıdır. O qeyd edirdi ki, əcnəbilər İngiltərədən xammalı ixrac edir və artıq emal olunmuş məhsulları idxal edir ki, bununla da burada yüksək qiymətə satırlar. Lakin əgər xammal İngiltərədə emal edilmiş olsa, onda hazır məhsulların qiyməti çox aşağı olardı. O, ümumiyyətlə belə hesab edirdi ki, İngiltərədəki yerli mallara nisbətən daha ucuz satılarkən belə xarici malların alınmasından çəkinmək lazımdır.

Staffordun fikrincə, milli sərvətin artımına kömək edə biləcək əsas vasitə yerli sənayenin müdafiəsidir. O, sənayeçiləri üç qrupa bölməklə fərqləndirirdi: bəziləri yalnız ölkədən pul çıxarır; digərləri xarici ölkədə əldə etdiyi pulları elə orada da sərf edirlər; üçüncü qrup isə xaricdən pulu gətirir və bununla da ölkənin pul xəzinəsini artırır. Sənayeçilərin ən son qrupu xüsusi himayəyə layiqdir.

Pul dövriyyəsinin aktiv tənzimlənməsinin tərəfdarı olan iqtisadçı ölkədəki pul yığımının inzibati tədbirlərlə bağlı olduğunu hesab edirdi. Stafford ingilis ticarətində əcnəbilərin hakim mövqe tutmasından şikayətlənirdi. O deyirdi ki, xarici tacirlər ingilis mallarını deyil, əksinə öz mallarına görə əldə etdikləri pulları ölkədən çıxarır. O, bunu digər ölkələrdə ingilis sikkəsinin yüksək alıcılıq qabiliyyəti ilə izah edirdi. Stafforda görə, xaricilər İngiltərəyə onlara ucuz başa gələn malları gətirir və çox baha satırlar. Əcnəbilərin İngiltərədə sikkələr şəklində satdığı mis buradakı ilə eyni olmasına baxmayaraq, gümüş kimi qiymətləndirilir. Və ölkədən pul axınının qarşısını almaq mümkün deyildir.

Stafford böyük miqdarda pul xərclənən və bununla da pulların ölkəni daimi olaraq tərk etməsinə səbəb olan dəbdəbəli malların davamlı olaraq istehlakının artmasına qarşı çıxırdı. O qeyd edirdi ki, pulların ölkədən axını qiymətlərin artmasına səbəb olur və insanların maddi vəziyyətini pisləşdirir. Stafford iqtisadi problemlərin həllini idxalı məhdudlaşdırmaq üçün ticarətin tənzimlənməsində və qızıl və gümüşün ixracının qadağan edilməsində görür və hesab edirdi ki, bu yol idxaldan asılılığın azalmasına və beləliklə də ölkənin pul balansının yaxşılaşmasına səbəb olar. Bununla da Stafford himayədarlıq, yəni xarici rəqabətdən qorumaq yolu ilə yerli sənayenin inkişafına nail olmaq siyasətinin tərəfdarı idi.

P.S. Stafford ailəsiXIII əsrdən XVI əsrin əvvəllərinə qədər güclü və nüfuzlu ailə olmuşdur. Uilyam Stafford dünyaya gəldikdən qısa müddət sonra protestantların təqib edilməsi səbəbindən ailəsi İsveçrəyə qaçmalı olmuş və bir müddət sonra vətənə geri qayıtmışdır. Onun anası kraliça Yelizavetanın qulluqçusu olmuşdur.

Stafford Britaniya və Fransa arasındakı siyasi çəkişmələrdə iştirak etmişdir. Bu məqsədlə o, ingilis səfiri işləyən qardaşının yanına - Parisə getmiş, burada rəsmi hökumət təlimatı olmadan kəşfiyyat fəaliyyəti ilə məşğul olmuşdur. Londona geri döndükdə fransız səfir tərəfindən Kraliça Yelizavetanı zəhərləmək məqsədilə sui-qəsdə cəlb edilmiş, lakin o, bu gizli danışığı ifşa etmişdir. Ailə qurduqdan sonra Stafford fəal ictimai həyatdan imtina etmişdir.

Uilyam yeganə əsərini U.S. (ingiliscə W.S.) inisialı altında nəşr etdirmişdir. Əsər əhalinin müxtəlif təbəqələrinin nümayəndələri (torpaq sahibi, tacir, sənətkar, fermer və ilahiyyatçı) arasında dialoq şəklində yazılmışdır. Burada ilahiyyatçı müəllifin adından danışır. Əsər belə formada yazıldığından və yazarın adı yalnız baş hərflərlə qeyd edildiyindən, uzun illər müəllifin Uilyam Şekspir olduğu zənn edilmişdir.

Stafford pulun metal nəzəriyyəsinin tərəfdarı idi.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva