Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

VİLFREDO FEDERİKO DAMASO PARETO

  • Oxunub 1442 dəfə

 (1848, Paris, Fransa – 1923, Cenevrə, İsveçrə)

 Əsərləri: “Siyasi iqtisad kursu” (1898), “Sosialist sistemlər” (1902-1903), “Siyasi iqtisadın təlimi” (1906), “Ümumi sosiologiya üzrə traktat” (1916)

 Neoklassik iqtisadi nəzəriyyənin görkəmli nümayəndəsi, riyazi məktəbin nəzəriyyəçisi Vilfredo Pareto müvazinət nəzəriyyəsinin optimal xarakterini tədqiq etmişdir. O, iqtisadi hadisələrin səbəb-nəticə əlaqələrindən tamamilə imtina etmiş və əsas diqqətini “xalis” iqtisadi nəzəriyyəni yaratmaqla iqtisad elmini dəyər, faydalılıq anlayışlarından azad etməyə yönəltmiş, iqtisadi hadisələrin gedişatında “məntiqi metoddan” deyil, “riyazi” metoddan istifadə etmişdir.

Pareto iqtisadi hadisələrdə funksional mövqeyə üstünlük verir, faydalılıqdan (tələbatdan) imtina edərək, göstərirdi ki, bu hal heç də mübadilənin gedişatının əsas səbəbi deyil. İqtisadi müvazinətin və ümumi tarazlığın baş verməsi üçün tələb (istehlak) və təklif (istehsal) elementləri əsas götürülürdü. Onun “xalis” iqtisadi nəzəriyyə ideyasına əsasən, gəlirlərin bölgüsündəki qeyri-bərabərlik onların sinfi xarakterindən deyil, istehsaldan irəli gəlir.

 Paretonun ilk dəfə əsaslandırdığı maksimum ictimai fayda məfhumu iqtisadi ədəbiyyatlarda “pareto optimumu” adlandırılır. Maksimum ictimai faydaya nail olunmanın əsas meyarını Pareto resursların düzgün bölüşdürülməsində görürdü. Resursların optimal bölgüsü üç şərtə əsaslanır: hər bir adam hamıdan yaxşı özünün şəxsi rifahını qiymətləndirməyi bacarır; ictimai rifah yalnız ayrı-ayrı adamların rifah vahidləri ilə müəyyən edilir; ayrı-ayrı adamların rifahı müqayisə olunmayandır. Pareto optimumu o vaxt baş verir ki, hər hansı dəyişikliyin qiymətləndirilməsi ya hamının rifah halının yaxşılaşmasını, ya da hamının rifah halını pisləşdirməməklə heç olmasa bir nəfərin rifah halının yaxşılaşdırılmasını əks etdirir.

 “Pareto optimumunun” həyata keçirilməsi, məhz mənfəətin maksimum həddə çatdırılmasında optimal qərarların qəbul olunması ilə bağlıdır. Onun optimal müvazinət nəzəriyyəsində əsas yeri həm ayrı-ayrı fərdlərin, həm də əhalinin rifah halının yaxşılaşdırılması tutur. Rifah halının yaxşılaşdırılması, əgər hər hansı dəyişiklik şəraitində baş verirsə və belə halda heç kəsin vəziyyəti pisləşmirsə, bu hal optimal müvazinətə nail olunmaq kimi götürülür. Əgər iqtisadiyyatda gedən dəyişikliklər birinin vəziyyətinin yaxşılaşmasına, digərinin vəziyyətinin pisləşməsinə səbəb olursa, deməli, maksimum ictimai fayda əldə olunmur. İctimai rifah halı fərdi rifah halı ilə qiymətləndirildiyindən, bu vəziyyət qeyri-optimal hesab olunur.

Pareto optimal müvazinət prosesini təkcə azad rəqabət şəraitində deyil, eyni zamanda müxtəlif tipli inhisarlaşdırılmış bazarlar şəratində də öyrənmişdir. Məhz o,  müvazinəti inhisarçılıq şəraitində öyrənən ilk iqtisadçı hesab edilir. İqtisadi asılılıqları əks etdirən ümumi müvazinətin optimal səviyyəsini müəyyən etməklə Pareto iqtisadi nəzəriyyənin bu sahədəki problemlərinin həlli istiqamətini müəyyən etmişdir.

 “Üstünlük” anlayışını işlədərək, iqtisadçı deyirdi ki, mövcud nemətin digərindən faydalı olması o deməkdir ki, insan bu neməti digərindən üstün tutur.

P.S. Vilfredo Pareto görkəmli italyan mühəndisi, sosioloqu, iqtisadçı, politoloq və filosof olmuşdur. Onun atası italyan, anası isə fransız olmuşdur. 1848-ci il alman inqilabından həvəslənən valideynləri onun adını Frits Vilfred qoysa da, sonradan İtaliyaya qayıtdıqda yenidən dəyişərək Vilfredo Federiko etmişlər. Riyaziyyat və mühəndislik üzrə təhsil alan Pareto yalnız 42 yaşından sonra iqtisadiyyatla ciddi məşğul olmağa başlamışdır. Pareto Leon Valrasın tələbəsi və onun “Lozanna məktəbi” üzrə davamçısı olmuşdur. Geniş maraq dairəsinə sahib olan Pareto həmçinin qədim tarix, fəlsəfə, dillər və din, sosiologiya ilə də məşğul olmuşdur.

O, 1897-ci ildə hazırda yaşadığımız dünyanın formalaşmasına gətirib çıxarmış və zəmanənin ən böyük sirrlərindən biri olaraq qalan Pareto prinsipini (80/20 prinsipi) irəli sürmüşdür. İqtisadçı XIX əsrdə İngiltərədə var-dövlət və gəlirlərin bölüşdürülməsini nəzərdən keçirərkən gəlir və material dəyərlərin çox hissəsinin tədqiq olunan qruplarda insanların az bir hissəsinə məxsus olduğunu görmüşdür. İnsan qrupunun sayı ilə (nəzərdən keçirilən əhalinin ümumi sayına %-lə nisbətdə) bu qrupun nəzarət etdiyi var-dövlət və gəlir arasında dəyişməz riyazi əlaqənin olması faktını aşkar etmişdir (yəni, insanların 20%-i sərvətin 80%-nə malikdir). Pareto üçün burada başlıca olan var-dövlətin əhali arasında balanslaşdırılmamış bölgüsü idi. Bu baxımdan Pareto parlaq yenilikçi idi. Qanunun adını isə Paretonun ölümündən 18 il sonra 1941-ci ildə keyfiyyət sahəsində amerikalı ekspert Cozef Juran təklif etmişdir. O, əsərlərinin birində İtaliyada ev təsərrüfatlarının 20%-nin gəlirlərin 80%-ni aldığını qeyd etmişdir.

Alessandrina Bakunina adlı rus xanımla ailə həyatı quran Paretonu xanımı 3 il sonra gənc bir qulluqçuya görə tərk etmişdir. Pareto həyatı boyu marksizmin opponenti olmuşdur. Həyatının son illərində o, iqtisadi nəzəriyyəni tərk etmiş və siyasi və sosioloji məsələlərə diqqət yetirmişdir. Sosial təhlillərdə “elita” termininin populyarlaşması da Paretonun adı ilə bağlıdır.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva