Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

CEREMİ BENTAM

  • Oxunub 1253 dəfə

  Əsərləri: “İdarəetmə haqqında xülasə” (1776), “Sələmçiliyin müdafiəsi” (1787), “Əxlaq və qanunvericiliyin təməlinə giriş” (1789), “Cəza və mükafatların nəzəriyyəsi” (1811), “Deontologiya və ya əxlaq elmi” (1834), “Ceremi Bentamın əsərləri” (1838-1843)

Ceremi Bentam ingilis fəlsəfəsində istiqamətlərdən biri olan utilitarianizmin yaradıcısı olmuşdur. Bentam fərdi, şəxsi maraqları tək real olaraq nəzərə alır, ictimai maraqlara isə onların cəmi kimi baxırdı. Onun irəli sürdüyü “fayda prinsipi”nə görə,  insanların hərəkətləri və münasibətləri onların gətirdiyi faydaya görə mənəvi qiymət almalıdır. Faydalar müəyyən edilərkən insanın şəxsi maraqları nəzərə alınır. Onun fikrincə, hər bir insan həyatdan aldığı zövqü artırmağa və buna müvafiq olaraq, əzabları azaltmağa çalışır. Bununla da hər bir şəxs hər kəsdən daha yaxşı öz payına düşən zövq və əziyyətlərin mənbələrini qiymətləndirə bilər.

Bentamın “böyük sayda insanların böyük xoşbəxtliyi” prinsipi ümumi xoşbəxtliyi yüksəldən şəxsi firavanlığa nail olmağa çağırış idi. Burada mənəvi meyar kimi “fayda, xeyir, zövq və xoşbəxtliyin əldə edilməsi” çıxış edir.

Onun fikrincə, əgər insana bir qədər pul verilərsə, onda bu ona müəyyən zövq gətirəcək. Əgər ona sonradan yenə eyni miqdarda pul verilərsə, o zaman bundan alınan əlavə zövq əvvəlki məbləğə nisbətən daha az olacaqdır. Buna görə də, Bentam hesab edirdi ki, yoxsul insanın gəlirinə əlavə olunan müəyyən miqdarda pul varlının gəlirlərinə əlavə olunan eyni miqdarda pula nəzərən daha çox xoşbəxtlik gətirəcək. Buradan belə qənaətə gəlirdi ki, varlı və yoxsullar arasında gəlirlərin müəyyən bir şəkildə yenidən bölüşdürülməsi cəmiyyətdə xoşbəxtliyin ümumi miqdarını artıra bilər. Bentamın ideyaları sonradan faydalılıq prinsipi adını almış nəzəriyyəni qabaqlamışdır.

Bentam siyasi liberalizmin ən böyük nəzəriyyəçilərindən biri kimi tanınır. O, azad ticarət və məhdudlaşdırılmayan rəqabət ideyasının tərəfdarı idi. Onun fikrincə, bu, ictimai əmin-amanlıq, ədalət və bərabərliyi təmin etməlidir. Bentam iqtisadi siyasətin konkret məsələləri üzrə praqmatist idi. Məsələn, əgər o, sələmçilik haqqında ilk işlərində liberal mövqedə duraraq kredit faizinin miqdarına görə məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirdisə, sonradan taxıl qanunları ətrafında müzakirələr zamanı taxıl üçün birbaşa inzibati qiymət məhdudiyyətinin olmasını dəstəkləmişdir. Pul nəzəriyyəsi məsələsində də o, dövlətin fəal pul siyasətinin lehinə olmuşdur. Onun təklif etdiyi islahatlar arasında sosial sığorta ideyasını nəzərdə tutan tədbirlər də nəzərdə tutulmuşdur. “İdarəedicilərin məsuliyyəti” dedikdə, Bentam onların öz hərəkətlərinə görə vətəndaşların qarşısında cavab vermək  (hesabat) vəzifəsini başa düşürdü.

Bentama görə, qanunvericilik sahəsi əsasən mülkiyyət münasibətləri ilə məhdudlaşdırılmalıdır. O, ictimai kapitalı sabit dəyər kimi nəzərdən keçirirdi. Əmək (iş) fondu adlandırdığı dəyişən kapitalı isə təbiət qüvvələrindən asılı olaraq, ictimai sərvətin ayrı hissəsi kimi əsaslandırırdı. Buradan da işçilərin öz mövcudluğunu yaxşılaşdırmaq üçün mübarizəsinin qeyri-mümkünlüyü ideyası ortaya çıxır.

Bentam İngiltərədəki sənaye inqilabının orta burjuaziyasının ideoloqu kimi ingilis kapitalizmini təbii və ideal hesab etmişdir.

 P.S. Britaniyalı filosof, hüquqşünas, moralist, politoloq, sosioloq Ceremi Bentam varlı hüquqşünas ailəsində anadan olmuşdur. Atasının yolunu davam edərək Oksford Universitetində hüquq təhsili alan Ceremi ona təklif edilən vəkil vəzifəsindən imtina etmiş və bütün ömrünü əxlaqi fəlsəfə və nəzəri hüquqşünaslıq sahəsində araşdırmalara həsr etmişdir.

1785-1788-ci illərdə İtaliya və Türkiyə vasitəsilə qardaşının xidmət etdiyi ölkəyə - Rusiyaya səfər etmiş, bir müddət Belarusiyada yaşamışdır.

Bentamın məşhurluğu İngiltərənin hüdudlarından kənara çıxmışdı. Müxtəlif ölkələrdə çoxsaylı tərəfdaşları olan Bentam bir çox görkəmli ictimai və siyasi xadimlərlə məktublaşmışdır. Onun ardıcılları arasında David Rikardo, Con Stüart Mill, Herbert Spenser olmuşdur. Rus imperatoru I Aleksandr Komissiyasından yeni qanunvericiliyin hazırlanması zamanı ortaya çıxan bütün şübhəli və sual doğuran hallarla bağlı məsləhət almaq üçün Bentama müraciət etməyi tələb etmişdir. Ceremi 1792-ci ildə Fransanın fəxri vətəndaşı olmuşdur.

Təbii hüquq konsepsiyasının qətiyyətli rəqibi olan Bentam həmçinin Jan Jak Russonun üsyan ruhunu doğuran ictimai müqavilə nəzəriyyəsini sərt tənqid etmişdir. O, söz azadlığının, seçki hüquqlarının demokratikləşdirilməsinin, kilsənin dövlətdən ayrılmasının, qadınların hüquq bərabərliyinin, boşanma hüququnun, köləliyin, işgəncə və fiziki cəzanın qadağan edilməsinin, homoseksuallar üçün cəzanın ləğvinin tərəfdarı idi. O, heyvanların hüquqlarını müdafiə etmişdir. Eləcə də irsi aristokratiya və hətta monarxiyanın da əleyhinə olmuşdur.

Sakit, mehriban və xeyirxah xarakterinə baxmayaraq, çoxlu sayda rəqibi olan Bentamın fikirləri çox sərt qiymətləndirilmiş və həmişə şiddətli mübahisələrə səbəb olmuşdur. Karl Marks onu “burjua axmaqlığının dahisi” adlandırmışdır.

Bentam cəsədinin gələcək nəsillər üçün saxlanılmasını vəsiyyət etmişdir. Onun istəyinə əsasən, cəsədi anatomiya dərsində daxili orqanları öyrənmək üçün istifadə edilmiş, lakin skeleti və başı saxlanılmışdır. Onun qalıqlarına kostyum geyindirilmiş, üzünə isə mum maskası çəkilmişdir. Bu formada alim hələ də London Universitet Kollecinin əsas binasında taxta kabinetdə saxlanılır.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva