Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

FERDİNANDO QALİANİ

  • Oxunub 755 dəfə

(1728, Kieti, İtaliya -1787, Neapol, İtaliya)

 Əsərləri: “Pul haqqında” (1750), “Taxıl ticarətinə dair söhbətlər”(1770)

XVIII əsrin məşhur italyan iqtisadçısı Ferdinando Qaliani merkantilizmin son nümayəndələrindən olmuşdur.

Qaliani əsərlərində əşyaların dəyəri, vergilər, pul faizləri, kredit, bankların xarakteri və mənşəyi, ictimai borclar, məzənnə haqqında və s. kimi məsələlərə baxmışdır. İqtisadçı qeyd edirdi ki, malların yüksək qiyməti əhalinin yoxsulluğunun sübutu kimi xidmət edir. Həm də əksinə olaraq, iddia edirdi ki, bəzi fövqəladə hallar istisna olmaqla, əmtəələrin yüksək qiyməti  ölkənin rifah və zənginliyini təsdiq edir.

Onun fikrincə, faiz kreditorun ayırdığı pul ilə bağlı yarana biləcək riski kompensasiya etmək üçün ödənilir. İqtisadçı həmçinin faizin tənzimlənməsinə qarşı çıxırdı.

 Sikkə pula əmtəə kimi baxılmasını tövsiyə edən Qaliani pulun iki növünü ayırırdı: qiymətlərin təyin edilməsi üçün istifadə edilən ideal forma və faktiki mübadilə üçün istifadə olunan real forma.

Qaliani, bir tərəfdən, əmtəələrin dəyərini onların faydalılığı və nadirliyi ilə, pulun dəyərini isə qiymətli metalların təbii xüsusiyyətləri ilə izah etməyə çalışırdı. Buna görə də o, Avstriya iqtisadi məktəbinin sələflərindən biri sayılır. Digər tərəfdən də iddia edirdi ki, yalnız əmək şeylərə dəyər verir, yəni əmtəənin dəyəri onun istehsalına sərf olunan vaxtın və əməyin kəmiyyət və keyfiyyətindən asılıdır. Sərvətə isə insanlar arasındakı münasibət kimi baxırdı.

O, pul dövriyyəsi ilə bağlı fikirlərində qeyd edirdi ki, pulun  hərəkəti və böyüməsi kənd təsərrüfatı məhsulları, sənaye istehsalı və əhalinin sayı ilə
əlaqəlidir.

Qalianinin mütləq ticarət azadlığı ilə bağlı özünəməxsus yanaşması olmuşdur. O azad ticarətə qarşı olmadığını və hətta pul məsələsinə gəldikdə, belə növ ticarətin tərəfdarı olduğunu qeyd edirdi. Amma çörəyi xüsusi növ mövzu hesab edən iqtisadçının fikrincə, çörəklə bağlı qayğılar ticarətə deyil, polisə məxsusdur.

O, həmçinin beynəlxalq ticarətin praktiki və nəzəri məsələləri ilə bağlı fikir yürütmüşdür. Kənd təsərrüfatı məhsullarının ticarətində bu məhsulların ixracının məhdudlaşdırılması siyasətini müdafiə edirdi ki, bu da onun fikrincə, qiymətlərin aşağı düşməsinə kömək etməlidir. Bu isə öz növbəsində, daha ucuz əməyə gətirib çıxarmaqla sahibkarların mənfəətini artırar.

Qalianiyə görə, qida (ərzaq) məsələsində ən yaxşı sistem hər hansı bir sistemin olmamasıdır. Qida işini təşkil edərkən digər ölkələrin nümunələrinə əsaslanmaq lazım deyil, çünki hər bir ölkənin özünəməxsus şəraiti vardır.

O qeyd edirdi ki, kiçik ərazisi, lakin çoxlu sayda sənətkarlıq və manufakturası olan kiçik dövlətlər üçün ictimai ehtiyat mağazalarının olması zəruridir. Orta dövlətlər arasında münbit torpağı olan və münbit torpağı olmayanları fərqləndirir və hesab edirdi ki, ticarətin tam azadlığı ikinciyə uyğun gəlir. Sırf kənd təsərrüfatı olan dövlətlər daim ən acınacaqlı vəziyyətdə olur; yalnız sənaye və dəniz ticarəti xalqların zənginliyinin təməlini təşkil edir.

Qaliani iddia edirdi ki, istehsalat sənayesindən xəyanət və köləlik kimi insanlığın iki əsas xəstəliyinin müalicəsini gözləmək olar.

P.S. İtalyan burjua iqtisadçısı, rahib, tarixçi, filosof, dövlət xadimi Ferdinando Qaliani maarifçilik dövrünün yazıçılarından olmuşdur. Kral auditorunun oğlu olan Qalianinin tərbiyəsi ilə məşhur arxiyepiskop olan əmisi məşğul olmuşdur. İyirmi iki yaşında olarkən o, artıq ona İtaliya hüdudlarından kənarda çox şöhrət qazandıran iki əsərin müəllifi idi ki, onlardan biri cəlladın ölümü haqqında zarafat şəklində yazılmış şeir idi. Onun əsərləri zərif, rahat, ağılllı tənqidlərlə zəngin dildə yazılmışdır.

Dövllət qulluğuna daxil olan və sonra Parisdə səfirlikdə işləyən Qaliani bu şəhərdə qalmaq qərarına gəlmiş və təxminən 10 il orada yaşamışdır. Burada o, mükəmməl ağlı və əxlaqı sayəsində yüksək cəmiyyətə daxil ola bilmişdir. Sonradan uzun illər yazışmalarını davam etdirdiyi ensiklopedistlər və bir çox görkəmli ictimai xadimlərlə tanış olmuşdur. O, Deni Didro ilə dost olmuşdur.

Qaliani fiziokrat məktəbinin aparıcı tənqidçilərindən biri idi. Fiziokratların bir çoxu Qalianiyə qarşı yazılar yazırdılar ki, bu da onun acığına gəlirdi. Bu narazılıqlar səbəbindən o, gözlənilmədən Parisdən öz ölkəsinə geri çağırılmışdır. Bu şəhərdən ayrılması onun üçün siyasi və ədəbi ölüm kimi idi.

Fridrix Nitşe Qalianini “XVIII əsrin ən ağıllı adamı” adlandırmışdır.

 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva