Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ANTONİO SERRA

  • Oxunub 718 dəfə

 (XVI əsrin ortaları, Kozensa, İtaliya - XVII əsrin əvvəli, Neapol, İtaliya)

  Əsərləri: “Qiymətli metal mədənlərindən məhrum edilmiş səltənəti bol qızıl və gümüşlə təmin etməyin vasitələri haqqında qısa traktat” (1613)

 İtaliyalı iqtisadçı Antonio Serra inkişaf etmiş merkantilizmin nümayəndəsi olmuşdur.

 Serra ticarət balansı sisteminin təhlili məsələlərinə toxunmuşdur. İlk dəfə olaraq o, mal və xidmət bazarları və kapitalın hərəkəti arasındakı balans haqqında fikirlər irəli sürmüşdür. İqtisadçı iddia edirdi ki, ölkənin pul xəzinəsini artırmağın yeganə vasitəsi əlverişli ticarətdir. Məhz ixracı təşviq etmək yolu ilə nağd pul çatışmazlığını aradan qaldırmağı tövsiyə etmişdir.

 Qiymətli metalların bolluğuna gətirib çıxara biləcək vasitələri nəzərdən keçirərkən, Serra onları təbii və süni olmaqla iki növə bölürdü. Təbii vasitə dedikdə ölkədə qızıl və gümüş mədənlərinin olmasını nəzərdə tuturdu. Süni vasitələrə gəldikdə isə onları xüsusi və adi növlərə ayırırdı. Xüsusi – müəyyən dövlətə xas olan və ölkənin kənd təsərrüfatı sahəsində artıq məhsulların ixracı nəticəsində ona bolluca qızıl və gümüş verən vasitədir ki, bu da ehtiyacları qarşılamaq üçün lazımlı olan məhsul miqdarı ilə əlaqədar olaraq ortaya çıxır.

Hər hansı bir ölkəyə xas olan və qiymətli metalların bolluğuna gətirib çıxaran adi vasitələr sırasına Serra lazımi yaşayış vasitələrini istehsal edən sənətkarlığı daxil edirdi. Bununla da, o, əkinçiliyə deyil, sənətkarlığa üstünlük vermiş olurdu.

Serra iddia edirdi ki, milli sərvətin əsl mənbəyi yalnız “qızıl mədənləri” və ya xammal deyildir. Bura həmçinin inkişaf etmiş sənətkarlıq, ticarətdə, sənaye istehsalında azadlığı da daxil edirdi.

İqtisadçı ölkədə bol pulun olması üçün ənənəvi vasitələr içərisində hökmdarın siyasətinə, onun şəxsiyyətinə, müdrik idarəetmə qabiliyyətinə əhəmiyyətli yer verirdi.

Pul balansının tərəfdarlarından fərqli olaraq, Serra pul ixracının qadağan olunmasına qarşı çıxırdı və fikirlərini malların hərəkətinin tənzimlənməsinə yönəldirdi. O qeyd edirdi ki, yüksək dəyərli məhsulların istehsalı və ixracının təşviqi ticarət şərtlərinin yaxşılaşdırılması və pul axınının bərpası üçün əsas ola bilər.

Serra maraqlı bir meyar təklif etmişdir. Belə ki, o, şəhərlərin hansının daha zəngin olduğunu aydınlaşdırmaq üçün həmin şəhərin sakinlərinin peşələrinin sayına diqqət yetirməyi məsləhət görürdü. Daha dəqiq desək, o, iddia edirdi ki, iqtisadi sistemdə əmək bölgüsünün səviyyəsi nə qədər yüksək olarsa, orada daha çox əlavə dəyər yaradılmış olar.

Serranın fikirlərində öz dövrünün italyan iqtisadiyyatının tendensiyaları əks olunmuşdur.

P.S. İtaliyalı filosof və iqtisadçıAntonio Serranın doğum və ölüm tarixləri də daxil olmaqla bioqrafiyası haqqında faktiki olaraq geniş məlumat yoxdur. O, Kozensa şəhərində böyümüş, ilahiyyat və hüquq sahəsində doktorluq dərəcəsi almış, Neapolda sosial və iqtisadi problemlərin həlli sahəsində çalışmışdır.

Serra siyasi iqtisad üzrə ilk traktatlardan birinin müəllifi olmuşdur. 1613-cü ildə o, Cənubi İtaliyanı ispan hakimiyyətindən azad etmək məqsədi daşıyan sui-qəsddə iştirakı ilə əlaqədar olaraq həbs edilmişdir. Məhz bu dövrdə onun öz əsrini qabaqlayan unikal elmi əsəri ortaya çıxmışdır. O, traktatını həmin dövrdə Neapolun görkəmli xeyriyyəçisi qraf Lemosa həsr etmişdir. Yalnız bir əsr sonra, “Maarifləndirmə” dövründə o zamanın ən tanınmış zəkalarından biri, iqtisadçı Ferdinando Qaliani “siyasi iqtisad elmində ən erkən və ən qədim yazıçı” hesab etdiyi Antonio Serranın müasirləri tərəfindən unudulmuş əsərini yüksək qiymətləndirmişdir.

 Antonio Serra tez-tez “ilk iqtisadçı”, “iqtisad elminin qurucusu” kimi də adlandırılır.

 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva