Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

JAN BATİST KOLBER

  • Oxunub 962 dəfə

 (1619, Reyms, Fransa - 1683, Paris, Fransa) 

  Jan Batist Kolber Fransada merkantilizm siyasətinin tərəfdarı olmuşdur. O, Fransa iqtisadiyyatını idarə edən məsul şəxslərdən biri kimi tanınır. İqtisadi nəzəriyyə ilə məşğul olmasa da, Kolber merkantilist ideyaların əməli icraçısı olmuşdur. O, ticarət, sənaye və milli donanmanın inkişafına böyük töhfələr vermişdir.

Kolber sənaye və ticarətlə bağlı fikirlərində başlanğıcdan proteksionist mövqedə durmuşdur. Belə ki, o, sənaye və ticarətin dövlət tərəfindən himayə  edilməsi və nəzarət sisteminin tərəfdarı idi. Sonradan onun adı ilə adlandırılmış “kolbertizm” sistemini bütün təşəbbüslərində ardıcıl olaraq icra etmişdir. Onun əsas məqsədi ixracın artırılması, idxalın azaldılması və bunun da nəticəsində ölkəyə pul axınının artmasını təmin etmək idi. Kolber dövlətin gücünün və böyüklüyünün pulun miqdarı ilə müəyyən olunduğunu iddia edirdi. O, tarifləri artıraraq daxili iqtisadiyyatın inkişaf etdirilməsinə çalışırdı. Bu məqsədlə 1667-ci ildə xarici mallardan tutulan vergilərin çox yüksək olmasını nəzərdə tutan yeni bir gömrük tarifi tətbiq edildi ki, bu da təxminən idxalın qadağasına bərabər hesab olunurdu.

Kolberin dirijist siyasəti vasitəsilə dövlət müxtəlif sahələrdə istehsalyönümlü müəssisələri təşviq edir, yeni sənaye sahələri yaradır, ixtiraçıları müdafiə edirdi. Sənayenin bütün növləri məhsulların hazırlanmasının ciddi tənzimləmələrlə qurulduğu şirkətlərdə təşkil edilmişdi. Burada itaətsiz kəslər üçün sərt cəzalar tətbiq edilirdi. Ölkəyə böyük xərclə xarici istehsalçılar və işçilər cəlb edilir, fransız işçilərin isə başqa ölkələrə  emiqrasiyası qadağan edilirdi. Belə siyasət nəticəsində kənd təsərrüfatı və heyvandarlıq sahələri zərər çəksə də, sənaye sahəsində artım baş verirdi.

O, əlverişli ticarət balansını yaratmağa və ölkəyə xarici sərmayələrin cəlb edilməsinə çalışırdı. Ticarəti daimi müharibə hesab edən Kolberə görə, yalnız xarici ticarət sərvəti və hökumət üçün məmnunluq yarada bilər.

Kolber fransız müstəmləkə imperiyasının formalaşması üçün iqtisadi zəmin yaratmış və müstəmləkəçiliyi təşviq etmişdir. O, bir sıra ticarət və dəniz şirkətlərinin əsasını qoymuş və idarə etmişdir. Bunlara Vest-Hind və Ost-Hind şirkətləri aid idi. Onun dövründə yollar və kanallar çəkilmişdir. Yolların əla vəziyyəti tam dövlət mərkəzləşməsinin ən güclü vasitələrindən biri idi.

Kolber Fransız donanmasının yaradıcısı hesab edilir. Onun bu sahədə yürütdüyü siyasət və islahatlar nəticəsində 1683-cü ildə fransız dəniz ticarəti Avropada Hollandiya və İngiltərədən sonra üçüncü olmuşdur. Eləcə də onun rəhbərliyi dövründə hərbi gəmilərin sayı 300-ə çatmışdır.

 P.S. “Böyük Kolber” təxəllüsü ilə tanınan fransız dövlət xadimiJan Batist Kolber zəngin tacirin oğlu olmuşdur. O, 20 yaşından hərbi komissar seçilmişdir. Əsas vəzifəsi maliyyə naziri olan Kolber eyni zamanda bir çox digər yüksək vəzifələrdə də mövqeyə sahib olmuşdur. İstedadlı şəxslərə xüsusi əhəmiyyət verən Kardinal Mazarini tərəfindən XIV Lüdovikə tövsiyə edilən Kolber 1665-ci ildən sonra bu hökumətin faktiki rəhbəri hesab edilirdi.

Ailə qurarkən həyat yoldaşı Mari Şaronun ailəsindən cehiz əvəzi 100000 livr əldə edən Kolberin evliliyindən 9 övladı olmuşdur.

Kolber incəsənət və ədəbiyyata böyük maraq göstərirdi. Onun Avropanın və Yaxın Şərqin hər bir yerindən qiymətli əlyazmalarla dolu olan olduqca gözəl şəxsi kitabxanası olmuşdur. Kolberin nəvəsi onun əlyazma kolleksiyasını 1732-ci ildə Kral kitabxanasına satmışdır.

Kolber bir sıra institutların, o cümlədən Əlyazmalar və Medallar Akademiyası, Elmlər Akademiyası, Paris Rəsədxanası, Memarlıq Akademiyası, Musiqi Akademiyası, Roma şəhərində Fransız Akademiyası və s. digər şəhərlərdə Akademiyaların əsasını qoymuşdur. O, 1673-cü ildə o dövrün rəssamlarının əsərlərindən ibarət ilk sərgiyə rəhbərlik etmiş, eləcə də Luvr muzeyini yüzlərlə şəkil və heykəllərlə zənginləşdirmişdir.

Qarşısına daim yüksək məqsədlər qoyan, inadkarlığı, sərtliyi və zülmkarlığı ilə seçilən Kolber gün ərzində on beş saat işləyir, ətrafdakıların fikirlərinə əhəmiyyət vermirdi. O, son saatlarına qədər davamlı çalışmışdır. İşi onun dini idi. Bir dəfə o, hansının - erkən qalxmaq və işləmək və ya gec təqaüdə çıxmaq və işləməyin daha yaxşı olub-olmadığı haqqında düşünmüş və belə qərara gəlmişdir ki, ən yaxşı variant erkən oyanmaq və gec təqaüdə çıxmaqdır.

Kolber hakimiyyətdə olduğu illər ərzində Fransanın dövlət gəlirlərini o dövrdə başqa bir ölkənin nail ola bilmədiyi yüksək bir səviyyəyə qaldıra bilmişdir. Lakin dağıdıcı müharibələr onun uzun illər gördüyü işlərin nəticəsini məhv etmişdi. Həyatının sonuna doğru əvvəlki nüfuzunu itirən Kolber onun tərəfindən qurulan iqtisadi sistem ilə Lüdovikin xarici siyasəti arasında böyük uyğunsuzluğun olduğunu anlamalı olmuşdur. Deyilənə görə, o, öz iş otağına çəkilir, kimsəni qəbul etmir və məyus vəziyyətdə olurmuş.

Həyatının sonuna doğru o, mədə ağrılarından əziyyət çəkirdi ki, bu da onun üçün çox çətinlik yaradırdı. 64 yaşında yatağa düşən Kolber ad günündən qısa müddət sonra dünyasını dəyişmişdir. Kolberi müayinə edən cərrahlar onun böyrək daşlarından əziyyət çəkdiyini aşkar etmişlər.

Ağır vergilərdən təngə gələn insanlar bütün belə növ yeni vergilərin təşəbbüskarı hesab etdikləri Kolberin cənazə mərasiminə hücum etmiş, hərbi qüvvələr tabutunu xalqın qəzəbindən müdafiə etmək üçün onu gecə vaxtı, gizli şəkildə dəfn etmişlər.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva