CON LO of LORİSTON
- Oxunub 733 dəfə
(1671, Edinburq, Böyük Britaniya – 1729, Venesiya, İtaliya)
Əsərləri: “Milləti pulla təmin etmək haqqında təklif ilə əlaqədar olaraq baxılan pul və ticarət” (1720)
Şotlandiyalı iqtisadçı Con Lo bir sıra orijinal iqtisadi fikirləri ilə öz dövrünü qabaqlaya bilmişdir. Onun ideyaları iqtisadi nəzəriyyə və maliyyə siyasətinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malik idi.
Banklardan istifadəni pulların artırılması üçün ən yaxşı yol hesab edən Lo iddia edirdi ki, pul xalqın əsas sərvətidir və buna görə də onları çoxaltmaq lazımdır. O, kağız pullar vasitəsilə kapital yaratmağın mümkün olduğunu əsas gətirərək belə sadə bir yol ilə ölkəni zənginləşdirməyi təklif edirdi.
Lo 1716-cı ildə qızıl ehtiyatı ilə təmin edilmiş öz kağız pulunu çap etdirmək üçün kral imtiyazı əldə edən “Ümumi Bank” adlanan özəl bank yaratmışdır. Standart sxem, qızıl və gümüş sikkələri əvəz edən buraxılmış kağız pulun nominal miqdarının qızıl ehtiyatlarının həcmindən artıq olmamasını tələb edirdi. Bu da kağız pulun istənilən vaxt sikkə pula dəyişdirilə bilməsi üçün bir zəmanət idi. Bununla da kağız pulun alıcılıq qabiliyyəti təmin edilirdi. Bu, pul kütləsinin böyüməsini məhdudlaşdırırdı.
Lo qeyd edirdi ki, daxili ticarət insanların məşğulluğu və mal mübadiləsidir. Daxili ticarət puldan asılıdır. Dövriyyədə pulun olmaması təsərrüfat fəaliyyətini ləngidir. Yəni, iqtisadiyyatda bütün əməliyyatlar üçün kifayət qədər pul çatışmazlığı vardır. Buna görə də, o, qeyri-məhdud miqdarda pul çap edilməsini mümkün və hətta zəruri hesab edirdi. Onun kağız pulları xəzinəyə vergilərin ödənilməsi vasitəsi kimi qəbul edilirdi, çünki ilk vaxtlarda, bu pullara güvən köhnə pullara nisbətən daha yüksək idi.
1717-ci ildə Lo “Qərb ticarət şirkəti”ni yaratmış, həmçinin Kanada, Çin və Hindistanla silah və tütün ticarəti üzrə inhisar əldə etmişdir. 2 il sonra bu şirkət “Hind şirkəti”nə çevrilmişdir.
Paralel olaraq, Lo Şimali Amerikada fransız müstəmləkələri ilə ticarət üzrə inhisar hüququ qazanmış Missisipi şirkətini təsis etmişdir. Bu fikir o dövrdəki böyük imtiyazlı ticarət şirkətlərinin fəaliyyətinə əsaslanan Avropanın merkantilizmi ruhunda idi. İnvestorları cəlb etmək üçün Lo müstəmləkələrdə qızıl yataqlarının tapılması ilə bağlı şayiələr də yaymışdı. Nəticədə, səhmlərə böyük tələb yaranmış və onların dəyəri də yüksəlmişdi. Lo yeni səhmlər emissiya edir, müəssisə hələ də gəlir gətirmədikcə, köhnə səhmdarlara dividendləri yenilərindən əldə edilən pullarla ödəməli olmuşdu. Mississippi şirkətinin səhmlərini almaq üçün kreditlər Lonun bankı tərəfindən verilirdi.
1718-ci ilin sonunda Lonun özəl bankı Fransa Dövlət Bankı oldu. Bankın səhmləri gündəlik olaraq minlərlə alınırdı. Bir neçə ay ərzində 600000-dən çox səhm çap olunmuşdu ki, onların da qiyməti nominal dəyərindən on dəfələrlə yüksək idi və ölkənin qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə üstələyirdi. Bu, o zaman insanların hələ anlamadığı, bu gün “inflyasiya” adlandırdığımız proses idi. Buna baxmayaraq, kreditlərin aşağı faiz dərəcəsi hesabına Fransada sürətli iqtisadi artım baş verirdi. İnsanlar banka qızıl verərək əvəzində kağız pul götürməklə işlərini inkişaf etdirirdilər. Qısa müddətdə sənaye və kənd təsərrüfatında ciddi artım müşahidə edildi. Bu dövrdə Mississippi səhmlərinə həddindən artıq tələbat bir çox səhmdarların onları satmağa başlamasına səbəb oldu. Nəticədə, səhmlərin qiymətlərində 3 dəfədən çox enmə baş verdi.
Belə aşkar təhlükəli vəziyyətin olmasına baxmayaraq, 1720-ci ilin əvvəlində Con Lo Maliyyə naziri vəzifəsinə təyin edilir. Bununla da, Lo ölkənin bütün maliyyə və kredit sistemini qısa müddətə olsa da, əlində saxlaya bilir. Lakin gec və ya tez “şişirdilmiş” səhmlər çökməli idi, bu isə həmin ilin sonunda baş verdi və onunla birgə bank da dağıldı. Bununla da, Fransanın maliyyə sistemi tamamilə sarsıldı.
Avropanın “Lo sistemi” adlanan ilk maliyyə piramidasının qurucusunun bu siyasəti sonradan hiyləgərlik kimi adlandırılsa da, onun iqtisadi nəticələri bəzi cəhətləri ilə olduqca əhəmiyyətli idi. Burada bir neçə müsbət məqam var idi. Belə ki, bu sistemin nəticəsi olaraq, Fransa dövləti xarici borcun bir hissəsini ödəməyi bacardı, bundan əlavə, Atlantik okeanının hər iki tərəfində möhkəm şəkildə ticarət əlaqələri quruldu. Bu hadisələr XVIII əsrin avropalılarına kağız pullardan istifadə edərkən olduqca ehtiyatlı olmağı öyrətmişdir.
P.S. Maliyyəçi Con Lo zərgər və bankir ailəsində dünyaya gəlmişdir. Uşaqlıqdan riyaziyyatı mükəmməl bilməsi ilə seçilən Lo gəncliyindən iqtisadiyyata ciddi maraq göstərmişdir. Atasından ona böyük miras qalmışdır. Lakin cəmi bir neçə il ərzində bu sərvəti boşuna xərcləmiş və üstəlik borc da yaratmışdı. 23 yaşında olarkən o, İngilətərə kralının sevgilisi olmuş xanıma görə aralarında yaranmış mübahisənin nəticəsi olaraq dueldə ingilis zadəganını öldürdüyü üçün ölüm cəzasına məhkum edilmiş, ancaq daha sonra əfv edilərək həbsxanaya atılmış, çox keçmədən dostlarının köməyi ilə oradan qaçmış və ölkəni tərk etmişdir. O, Hollandiya, İtaliya, Fransaya səfər etmişdir.
Parisdə onun evində böyük kart oyunları təşkil edilirdi. Bura gələnlər içərisində XIV Lüdovikin qardaşı Orlean hersoqu Filip də var idi. Maliyyə məsələlərini Cona həvalə etməsinin səbəbi Filipin daha çox rəqs, kart, qadınlarla əyləncəli vaxt keçirməyi sevməsi idi. Qeyd etmək lazımdır ki, patronu – hersoq Filipin adını daşıyan Yeni Orlean şəhərinin əsasını məhz Lo qoymuşdur. Ona ölkənin çiçəklənməsindəki xidmətlərinə görə hakim sülalənin ən yüksək etimadı hesab edilən hersoq titulu da verilmişdir. 1717-ci ildə Parisə səfəri zamanı rus imperatoru I Pyotr onunla maliyyə məsələləri ilə bağlı məsləhətləşmişdir.
Çox vaxt macəraçı kimi təsvir edilən Lo əbədi olaraq tarixdə ən böyük və istedadlı fırıldaqçı kimi qalmaqdadır. O, həmçinin fantastik şanslı adam kimi də tarixə düşmüşdür. Onun hər yerdə - kart masalarından tutmuş gözəl xanımlaradək bəxti gətirirdi. Təbii gözəlliyinə görə “Yaraşıqlı Lo”, qumarda bəxti gətirdiyinə görə isə “Avropanın ən uğurlu qumarbazı” təxəllüsü ilə tanınan məşhur Lo haqqında deyilənlərə görə, o kart oyunlarında 5 milyon livrədək sərvət qazana bilmişdir. Fransız dilində “milyoner” sözü, həmçinin ilk fond birjası məhz bu dövrdə meydana gəlmişdir.
Qurduğu və cəmi 4 il davam edən uğursuz sistemin dağılmasından sonra Fransada ən nifrət edilən şəxsə çevrilən Lonun bu ölkəni tərk etdikdən sonra əmlakı müsadirə edilmiş, XV Lüdovik tərəfindən ona 12 min livr təqaüd təyin edilmişdir. Sətəlcəm xəstəliyindən dünyasını dəyişən Lo ailəsinə bir neçə şəkil və 40 min livr dəyəri olan bir almaz miras qoymuşdur. Onun həyat yoldaşı Brüsseldə yoxsulluq içərisində vəfat etmişdir.
Lonun fəaliyyəti fiziokratlar təliminin yaranmasında müəyyən rol oynamışdır.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva