Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

QASPAR SKARUFFİ

  • Oxunub 999 dəfə

(1519, Reggio Emiliya, İtaliya – 1584, Reggio Emiliya, İtaliya)

 Əsərləri: “Sikkə haqda düşüncələr və qızıl ilə gümüş arasındakı əsl mütənasiblik” (1582)

İtaliya əlverişli coğrafi mövqeyinə görə digər ölkələrdən əvvəl kapitalist inkişaf yoluna qədəm qoymuşdur. Pul və kredit məsələləri italyan tacir, sələmçi və bankirlərini çox maraqlandırırdı. Bu dövrdə italyan şəhərlərində fəaliyyət göstərən banklar digər Avropa ölkələri ilə xarici ticarətdə böyük rol oynayırdı. Buna görə də əmtəə və pul dövriyyəsi məsələləri İtaliya merkantilistlərinin diqqət mərkəzində dururdu. Məhz belə bir dövrdə İtaliyada yaşayıb-yaratmış iqtisadçılardan biri Qaspar Skaruffi idi. O, erkən merkantilizmin nümayəndəsi olmuşdur.

Bimetallizmin mövcud olduğu Qərbi Avropa ölkələrində çoxsaylı pul sistemi üçün vahid kurs yox idi. İtalyan və xarici sikkələrin fəaliyyətini təhlil edərək, Skaruffi belə bir qənaətə gəlmişdi ki, dövriyyədəki sikkələrin sayı və dəyişməsi, eləcə də devalvasiya kimi ixtiyari təcrübələr yalnız ticarətə maneə yaratmağa və tacirlərin və qubernatorların həddindən artıq və lazımsız çətinliklərə və danışıqlara getməsinə xidmət edir.

Skaruffi o dövr üçün böyük bir layihə təklif etmişdir. O, beynəlxalq miqyasda pul dövriyyəsini tənzimləmək üçün Papa və ya imperatorun rəhbərliyi altında Avropa konfransının çağırılması fikrini irəli sürmüşdür. Skaruffi açıq, obyektiv və ədalətli bir iqtisadi sistemin fəaliyyətini asanlaşdırmaq məqsədilə İtalyan banklarına beynəlxalq bankirlərin rolunu təklif etməklə Avropada vahid pul sisteminin tətbiqi ideyası ilə çıxış etmişdir. Onun fikrincə, universal dəyərə malik olacaq belə növ valyuta milli pulların mübadiləsi ilə bağlı xərclərin azaldılmasına və vahid bir ekvivalentdə malların qiymətləndirilməsinin asanlaşdırılmasına kömək edər. O, iddia edirdi ki, məhz bu yol ədalətli cəmiyyətin təməli ola bilər.

Skaruffi sərvətin ölçüsü kimi iki metal pulu - qızıl və gümüşü qəbul edirdi. O, bu pulların mübadiləsi üçün ciddi bir nisbət irəli sürmüşdür. Belə ki, iqtisadçı qızıl və gümüş üçün 1:12 nisbətində qiymət nisbətinin təyin edilməsini, daha dəqiq desək, 1 qram qızılın 12 qram gümüşə dəyişdirilməsini təklif etmişdir.

Digər ölkələrin erkən merkantilistlərindən (monetaristlərindən) fərqli olaraq Skaruffi əmtəə və pul dövriyyəsini məhdudlaşdıran milli maneələrin aradan qaldırılmasını tövsiyə edirdi.

Skaruffinin pul balansı haqqındakı şərhlərində yaşadığı dövrün iqtisadi meylləri öz əksini tapmışdır.

P.S. XVI əsrdə yaşamışQaspar Skaruffi zəngin bir ailədə dünyaya gəlmiş, yeddi övladdan ən kiçiyi olmuşdur. Atası ədviyyat, toxuculuq məmulatlarının ticarəti ilə məşğul olmuş və bütün uşaqları üçün böyük bir miras qoymuşdur.

Qaspar ilk olaraq iş adamı və pul mübadiləsi ilə məşğul olan şəxs kimi fəaliyyət göstərmişdir. O, daha sonra sikkələrin təhlili ilə məşğul olmuş, həmçinin xəzinədar kimi çalışmışdır. Sonralar peşəkar bankir və tacir olmuşdur. Skaruffinin vahid Avropa valyutasının yaradılması ideyası belə növ valyutanın tətbiqini 400 il qabaqlamışdır. İqtisadçı pulun metal nəzəriyyəsinin tərəfdarlarından idi.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva