Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

KLOD HENRİ SEN-SİMON

  • Oxunub 1151 dəfə

(1760, Paris, Fransa -1825, Paris, Fransa)

  Əsərləri: “Cenevrə sakininin öz müasirlərinə məktubları” (1802), “Siyasət” (1819), “Təşkilatçı” (1819-1920), “Sənaye sistemi haqqında” (1821), “Sənayeçilərin sorğu-sualı” (1823), “Yeni xristianlıq” (1825)

Henri Sen-Simon utopik sosializm məktəbinin təsisçisi olmuşdur. Sen-Simonun təlimi özünün təkamüllü və tarixi yanaşması ilə fərqlənir. Onun nəzəriyyəsinə görə, bəşəriyyət öz inkişafında quldarlıq, feodalizm, kapitalizm və industrializm epoxalarından keçir. Bir formasiyadan digərinə keçid isə bilik və iqtisadi inkişafın böyüməsi nəticəsində baş verir.

Sənayeləşmənin təbliğçisi kimi tanınan Sen-Simon ictimai əlaqələrin inkişaf yolunu sənayeçilik sistemində görürdü. O, inkişaf edən sənaye cəmiyyətinin əsas xüsusiyyətlərini müəyyən edən ilk mütəfəkkirlərdən biri idi. O dövrün kapitalist cəmiyyətini tənqid edən Henri bu cəmiyyəti “dünyanın tərsinə çevrilmiş şəkli”nə bənzədirdi. Onun əsas fikirlərinin xülasəsi “Sen-Simon parabolası” adlandırılır. “Parabola”nın müəllifinin idealı - məhsuldar qüvvələri yüksəldə biləcək və kapitalist cəmiyyətinin islahatını təmin edəcək tədrici sənayeləşmədir.

Onun fikrincə, insanların yaşadığı dünya sənayeyə əsaslanır, cəmiyyət sənaye, elm, istehsal ilə məşğul olanların fəaliyyəti sayəsində güclüdür. Sənayeçilərə isə o, fermerlər, istehsalçılar və tacirləri daxil edirdi. Sen-Simon hesab edirdi ki, məhz sənayeçilər bütün sərvəti yaradır və buna görə də pul vəsaitinə sahibdirlər, həmçinin onlar zehni olaraq başqalarından üstündür.

O, belə iddia edirdi ki, əgər cəmiyyət öz əsas sənayeçilərini, elm adamları və bankirlərini itirərsə, onda millət cansız bir orqanizmə çevrilər. Əgər cəmiyyət məmur, kahin və zadəganlarsız qalarsa, dövlətə ciddi ziyan dəyməz.

Sen-Simonun sözlərinə görə, cəmiyyətdə iki qrup insan vardır: işləyənlər və avaralar. Birincilər - cəmiyyətin təməlidir, ikincilərdən isə qurtulmaq lazımdır.

Klassiklərdən fərqli olaraq, Sen-Simon ön sıraya gəlirlərin deyil, əmlakın bölgüsünü qoyurdu. O qeyd edirdi ki, sosial bərabərsizliyi əsas maddi sərvətlərin ədalətli bölüşdürülməsi yolu ilə aradan qaldırmaq mümkündür. Bu bölgüdə hər bir kəsin payı əməyinə və yatırılmış sərmayənin miqdarına uyğun olaraq müəyyən edilməlidir.

Sen-Simon inanırdı ki, yalnız istehsalın hərtərəfli inkişafı cəmiyyətin təşkilinin elmi prinsiplərindən səmərəli istifadə etmək yolu ilə işçi kütlələrini bəlalardan xilas edə bilər. Bu prinsiplər - universal məcburi məhsuldar əməyin tətbiqi, hər kəsə öz bacarıqlarını istifadə etmək üçün bərabər imkanların təmin edilməsi, cəmiyyətin bütün ehtiyaclarını təmin etməli olan istehsalın planlı təşkilinin yaradılması olmalıdır. Əsas sosial məqsədin məhsuldar əmək olduğunu bildirən Sen-Simona görə, cəmiyyət böyük məhsuldar birlik olmalıdır, bütün dünya isə tədricən millətlərin dünya birliyinə çevriləcək.

Sen-Simon məhsuldar işin pozulmasının qarşısını almaq üçün iqtisadiyyata dövlət müdaxiləsinin minimallaşdırılmasının tərəfdarı idi.

Sen-Simonun irəli sürdüyü fikirlər sosial bərabərlik, sosial və iqtisadi dəyişikliklərlə bağlı ideyaların formalaşmasınaböyük təsir göstərmişdir.

P.S. Fransız filosofu, sosioloq, tarixçi, iqtisadçı, biznesmen, məşhur sosial islahatçı Klod Henri de Ruvrua, Qraf de Sen-Simon kübar nəslin nümayəndəsi olmuşdur. 13 yaşında olarkən atasına kilsəyə getməkdən imtina və Allahı inkar etdiyini bildirmişdir. Qəzəblənən atası onu fikrindən döndərmək üçün qalaya həbsə göndərmişdir. Henri israrla həbsxana işçisindən onu buraxmasını tələb etmiş, təkidinin rədd edildiyini gördüksə isə qəzəbli şəkildə bıçaqla gözətçini yaralamış, açarları ələ keçirmiş və oradan qaçmışdır. Gəncliyindən yüksək iddialılığı ilə seçilən Sen-Simon köməkçisinə hər səhər onu “Qalxın, qraf, Sizi böyük işlər gözləyir!” deyə oyatmağı əmr etmişdir.

Sonradan zabit olan Sen-Simon ABŞ-da vətəndaş müharibəsi zamanı könüllü olaraq Vaşinqton bayrağı altında vuruşmuş, igidliyinə görə orden ilə təltif edilmişdir. Sen-Simon sosialist ideyaların lehinə özünün qraf və zadəgan titulundan imtina etmişdir.

Dünyanın kanallar vasitəsilə bağlanmalı olduğunu iddia edən Sen-Simonun ilk layihələri arasında Atlantik və Sakit okeanları kanalla birləşdirmək və Madriddən dənizə kanal çəkmək ideyaları olmuşdur.

Böyük maliyyə spekulyantı olan Henri valyutanın dəyərdən düşməsi sayəsində zəngin olmuş, lakin onun sərvəti sonradan iş ortağı tərəfindən oğurlanmışdır. Yazılarının nəticələrinin uğurlu olmaması səbəbindən məyus olan və ümidsizliyə qapılan Henri bir dəfə intihara cəhd etmiş və yalnız bir təsadüf faciənin baş verməsinə mane olmuşdur. Belə ki, o, başına altı dəfə atəş açmış, uğursuz olmuş, amma bir gözünün görmə qabiliyyətini itirmişdir.

Vaxtilə lüks Paris salonunun sahibi, möhtəşəm layihələrin, parlaq publisist traktatların müəllifi olan Sen-Simon ömrünün sonuna doğru demək olar ki, dilənçiyə çevrilmişdir. O, yazılarını yenidən yaza bilmək üçün paltarlarını belə satmışdır. İfrat yoxsulluq içərisində ölən mütəfəkkirin cənazə mərasimində heç bir qohumu olmamış, yalnız tələbələri və yoldaşları iştirak etmişdir.

Vladimir İliç Lenin Sen-Simonun ideyalarını marksizmin üç mənbəyindən biri hesab etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva