Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ROBERT OUEN

  • Oxunub 1298 dəfə

(1771, Nyutaun, Böyük Britaniya – 1858, Nyutaun, Böyük Britaniya)

  Əsərləri: “İnsan xarakterinin formalaşmasına dair təcrübələr” (1813), “İstehsal sisteminin təsirinə dair müşahidələr” (1815), “Dövlətdəki bütün siniflərə müraciət” (1832), “Yeni əxlaq dünyası haqqında mühazirələr” (1836-1844), “Ağılda inqilab və insan irqinin təcrübəsi” (1849)

 Utopik sosializmin banilərindən olan Robert Ouen XIX əsrin ilk sosial islahatçılarından biri kimi tanınır.

Ouenin baxışlarının mərkəzi nöqtəsində Rikardonun əmək dəyər nəzəriyyəsi dayanırdı. Lakin ondan fərqli olaraq, Ouen hesab edirdi ki, əslində kapitalizmdə mübadilə əməyə görə həyata keçirilmir. Əməyə görə mübadilə işçinin özü tərəfindən istehsal olunan malların tam dəyərini əldə etməsini nəzərdə tutur.

Ouenin iqtisadi baxışları “əmək ümumi qəbul edilmiş ictimai faydadır” prinsipinə əsaslanırdı. O iddia edirdi ki, işçilərin qayğısına qalmaq vəzifəsi tamamilə işəgötürənin maraqlarına uyğun gəlir. Öz təcrübəsinə əsaslanaraq irəli sürdüyü “himayə” sistemində göstərməyə çalışırdı ki, insan onu əhatə edən xarici mühitin və tərbiyənin məhsuludur; bu göstəricilər nə qədər yüksək olarsa, insan təbiəti daha çox inkişaf etmiş və təkmilləşmiş olar.

Ouen ağıllı, düşüncəli, texniki cəhətdən savadlı, gözəl adətlərə və meyllərə malik, bir-birilə dost olan, sahibkarlara xeyirxah münasibət bəsləyən yeni fəhlələr tərbiyə etmək, yetkin fəhlə kollektivi yaratmaq istəyirdi. O, əmək tərbiyəsinə xüsusi yer ayırırdı. Ouen hesab edirdi ki, fiziki əməyə düzgün rəhbərlik etməklə ölkələr sonsuz artan əhali üçün yaşayış vasitələrini təmin edə bilər.

Ouen şirkət səviyyəsində yüksək məhsuldarlığa və rentabelliyə çatmaq məqsədilə bir sıra tədbirlər görmüşdür. Belə ki, iş gününün uzunluğu 16-dan 10,5 saatadək azaldılmış, bir sıra sosial məsələlərin həlli üçün sosial təminat və sığorta sistemi yaradılmış, yaşlılar üçün təqaüd, qarşılıqlı yardım fondu, müəssisədə işçilərə lazım olan hər şeyi ucuz qiymətə təmin edən böyük mağaza təşkil edilmiş, uşaq bağçaları, məktəblər, uşaqlar və böyüklər üçün mədəniyyət mərkəzi, yeməkxana, işçilər üçün evlər tikilmiş və onlara aşağı qiymətlə verilmişdir. O, həmçinin çalışanların hamısını intizama, təmizliyə riayət etməyə çağırırdı. Bütün səhvlər yalnız inzibati və mənəvi tədbirlər yolu ilə cəzalandırılırdı. Bununla da, Ouen üzvlərinin rifah səviyyəsi yüksək olan sənaye icmasının formalaşması təcrübəsini reallaşdıra bilmiş və müəssisə 1815-1816-cı illərin iqtisadi böhranı zamanı da uğurla inkişaf etmişdir. Dövlət müdaxiləsinin tərəfdarı olan Robert qarşısına aydın şəkildə işsizliyə qarşı mübarizə məqsədini qoymuşdur.

“Ədalətsiz” kapitalist cəmiyyətini tənqid edən və onun sosializm ilə əvəz edilməsinin tərəfdarı olan Ouenə görə, əməyin dəyəri üzrə ədalətli mübadilə kapitalist sistemin aradan qaldırılmasını tələb edir. Yalnız xüsusi mülkiyyətin olmadığı cəmiyyətdə işçi öz əməyini “tam dəyəri ilə” verəcəkdir.

O, malların istehsalına görə əmək xərclərinə uyğun olaraq mübadilənin həyata keçirildiyi ədalətli mübadilə bazarı təşkil etməyə çalışırdı. Belə bazarda isə mal mübadiləsində vasitəçi kimi pul deyil, işçi tərəfindən sərf edilmiş əməyin miqdarını göstərən “əmək pulları” adlanan xüsusi qəbzlər çıxış edir. Fikirlərini təcrübi olaraq həyata keçirmək üçün Ouen “Ədalətli mübadilənin milli bazarı”nı yaratsa da, cəhdi uğursuz olmuş və bu bazar tezliklə ləğv edilmişdir.

Ouenin işləri XIX əsrin ikinci yarısında iqtisadi fikrə ilham vermiş və kommunizm ideyalarına xidmət etmişdir.

P.S. İngilis filosofu, müəllim və sosialist Robert Ouen kiçik bir biznesmenin ailəsində dünyaya gəlmiş, yeddi övladdan altıncısı olmuşdur. O, sistemli təhsil almamış, lakin həvəskar oxucu olmuşdur. 20 yaşında ikən Mançesterdə fabrik müdiri olmuş mütəfəkkir fabrik qanunvericiliyinə ilk təkanı vermişdir. Onun uğurları haqda xəbər tutan böyük knyaz Nikolay Pavloviç (gələcək imperator I Nikolay) fabriki ziyarət etmişdir. Ouenin müvəffəqiyyətindən təəccüblənən knyaz ona 2 milyondan çox ingilis əhalisini özü ilə götürərək Rusiyaya köçməyi təklif etmiş, lakin Ouen qəti şəkildə imtina etmiş və İngiltərədə qalmışdır. Ouen ilk Britaniya həmkarlar ittifaqlarının təşkilatçısı idi. 8 saatlıq iş günü tələbi ilə çıxış edən Ouen “səkkiz saat iş, səkkiz saat əyləncə, səkkiz saat istirahət” şüarının müəllifidir.

Gənclik və yetkinlik illərində Oueni fərqləndirən humanistlik və işgüzarlıq kimi gözəl xüsusiyyətləri insanları ona daim cəlb etmişdir. O, bütün həyatı boyu uşaqları çox sevmişdir.

O, Şotlandiyada xeyriyyəçi və böyük tekstil fabrikinin sahibinin qızı olan Ann Karolin Deyli sevmiş və onunla ailə qurmuş, onların bu evlilikdən 8 övladı olmuşdur.

İlk vaxtlarda açıq şəkildə bütün dinlərin yalan olduğunu iddia edən Ouen sonradan ruhların mövcudluğunu əsaslandıran spiritualizm dini cərəyanına maraq göstərmişdir. O, yoxsulluq içərisində ölmüşdür.

Ouenin fikirləri Karl Marks, Fridrix Engels, Vladimir Lenin tərəfindən geniş şərh edilmişdir. 1830-cu illərdə “ouenizm” əmək hərəkatının simvoluna çevrilmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva