FRANSUA MARİ ŞARL FURYE
- Oxunub 1105 dəfə
(1772, Bezanson, Fransa – 1838, Paris, Fransa)
Əsərləri: “Dörd hərəkat və ümumi talelər nəzəriyyəsi”(1808), “Ev və kənd təsərrüfatı assosiasiyası haqqında traktat” (1822), “Dünya birliyi nəzəriyyəsi” (1822), “Yeni iqtisadi və ictimai dünya” (1829), “Yanlış sənaye” (1835-1836)
Şarl Furye fransız utopik sosializminin görkəmli nümayəndəsi olmuşdur.
Cəmiyyətin inkişafının kapitalist mərhələsini tənqid edən Furye hesab edirdi ki, azad rəqabət şəraitində insanların iqtisadi fəaliyyəti istehsalın anarxiyasına gətirib çıxarır. Onun fikrincə, məhz azad rəqabət prinsipləri təkcə elə Fransada bir milyon insanın kənd təsərrüfatı və sənaye istehsalı əməyindən məhrum olmasına səbəb olmuşdur. Azad rəqabət iqtisadiyyatı “tacir və ticarət agentləri” ordusunu hədsiz dərəcədə genişləndirir.
Furye sənayenin parçalanması sahəsində çətinliklərin mənbəyini “ticarət feodalizmi” sistemini yaradan inhisar ticarətində görürdü. Tacir sinfinin 99%-ni “parazit” adlandıraraq iddia edirdi ki, işçilərin istismarı, ilk növbədə, alıcı kimi insanların aldadılmasına əsaslanır.
Gələcəyin ədalətli cəmiyyətinin orijinal modelini irəli sürən Furye hesab edirdi ki, bu cəmiyyətin əsasını 1700-dən 2000-ə qədər insanı birləşdirən falanqalar təşkil edir. Bunlar universal qardaşlıq ideyasını əhatə edir və xüsusi və ümumi maraqların uyğunluğuna əsaslanır. Belə bir yeni cəmiyyətin uğuru üçün əmək məhsuldarlığının artmasına ehtiyac vardır. Onun fikrincə, hamı üçün sərvəti təmin edəcək bu cəmiyyətdə uşaqlar da daxil olmaqla, cəmiyyətin bütün üzvləri əməkdə iştirak edəcək, əmək haqqı isə ləğv ediləcək. İctimai gəlir 4/12 kapitala, 5/12 əməyə və 3/12 istedada müvafiq olaraq bölüşdürülməlidir. Yeni cəmiyyətin güclənməsi və inkişafı ilə bu nisbət əməyin lehinə dəyişəcək və sənaye istehsalı ilə əlaqədar olan böyük ümumiləşdirilmiş və mexanikləşdirilmiş kənd təsərrüfatı yaradılacaq. Bu sistemdə istehsal fəaliyyətinin xarakteri dəyişəcək, insanlar öz istəkləri və meyllərinə uyğun olaraq işləyəcək, heç bir “parazit” olmayacaq, yoxsulluq və bərabərsizlik, səmərəsiz əmək yox olacaq. Belə cəmiyyətdə xüsusi mülkiyyətin mövcudluğu ehtimalını istisna etməyən Furye dövlətin cüzi rolunun tərəfdarı idi.
İnkişafın yalnız təkamül yolunu qəbul edən Şarl inqilabı inkar edir və onu fırıldaqçıların zənginləşməsi vasitəsi hesab edirdi.
P.S. Sosioloq, filosof Şarl Furye zəngin tacirin dörd uşağından sonuncusu və yeganə oğul övladı olmuşdur. Zəif və cılız olan Şarl erkən uşaqlıqdan sakitliyi, dürüstlüyü, xeyirxahlığı, xəyalpərəstliyi, mükəmməl yaddaşı ilə fərqlənir, musiqi ilə məşğul olmaq, hərbi orkestrə qulaq asmaq və kitab oxumağa üstünlük verir, parlaq rəngləri, çiçəkləri və pişikləri sevirdi. O, yoxsullara qarşı daim səmimiyyət göstərmiş və hətta fürsət düşdükcə tez-tez gizlincə onlara kömək etmişdir.
Kiçik yaşlarından güclü müşahidə qabiliyyəti olan Furye tacirlərin saxtakarlıqlarından heyrətə gəlmiş və 7 yaşında olarkən daima ticarətə nifrət edəcəyi ilə bağlı “hannibal andı” içmiş və ömrünün sonuna qədər bu anda sadiq qalmışdır. Lakin atasının peşəsini davam etdirməli olan Şarla ticarət işləri öyrədilmiş və o, məcburi olaraq ticarət sahəsində xidmət göstərmiş, mühasib, kassir, ekspeditor, kargüzar, satıcı və birjaçı kimi fəaliyyət göstərmişdir. Davamlı olaraq özünütəhsil ilə məşğul olmuş və elmin müxtəlif sahələrini öyrənmişdir.
İşgüzar səfərlərinin birində Furye diqqət yetirmişdir ki, Paris restoranında bir almanın qiyməti Bezansonda olduğundan yüz dəfə çox bahadır. Məhz bu hadisə onun “yeni ictimai qayda”nın mahiyyətini anlaması üçün ilham anı olmuşdur. Şarl iddia edirdi ki, Nyuton kimi o da məhz almanın sayəsində “birlik” ideyasını ortaya çıxarmağa nail olmuşdur.
Ticarət dünyası, maliyyə və ticarət spekulyasiyası üzrə mütəxəssis və 1793-cü ildə Lion üsyanı zamanı həmin vaxtlar müstəmləkə malları mağazasının sahibi olan Furye bütün əmlakını itirmiş, iki dəfə həbs edilmiş və az qala güllələnəcəkmiş. Şarl heç vaxt evlənməmişdir. O, özü bir dəfə yoldaşlarına etiraf etmişdir ki, heç vaxt qadını həqiqətən xoşbəxt edə bilməyəcəyindən qorxduğu üçün ailə qurmamışdır.
Özünü “ixtiraçı” adlandırmağı sevən Furye ömrünün son illərində çox tənha olmuşdur. Buna əsas səbəb isə çoxları üçün onun xarakterinin dözülməz və çətin olması idi. Belə ki, yaşlılıq və xəstəlik onda şübhəlilik, inadkarlıq kimi xüsusiyyətləri gücləndirmişdi.
Furye “feminizm” termininin müəllifi, “furyerizm” sisteminin təsisçisi olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva