Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

VİLHELM GEORQ FRİDRİX ROŞER

  • Oxunub 736 dəfə

 (1817, Hannover,  Almaniya – 1894, Leypsiq, Almaniya)

 Əsərləri: Tarixi metod nöqteyi-nəzərindən siyasi iqtisad kursunun qısa əsasları” (1843),“XVI-XVII əsrlərdə ingilis siyasi iqtisadının tarixi” (1851), “Siyasi iqtisadın prinsipləri” (1854),Xalq təsərrüfatının əsasları (1854-1894), “Almaniyada milli siyasi iqtisad tarixi” (1874)

Siyasi iqtisadda alman tarixi məktəbinin inkişafının birinci mərhələsi olan köhnə tarixi məktəbin banilərindən biri məşhur iqtisadçı Vilhelm Roşer olmuşdur.

Roşer iqtisad elminin klassik burjua siyasi iqtisadına qarşı yönəldilmiş tarixi və ya tarixi-fizioloji metodunu işləmişdir. O, siyasi iqtisadı digər ictimai elmlərlə sıx əlaqədə faktları toplamaq, müşahidə olunan təsərrüfat təzahürlərini təsvir etmək və bunları nəzəri ümumiləşdirmələr əsasında deyil, tarixi analogiyaların axtarışı yolu ilə izah etməyə qadir olan milli elm kimi bəyan etmişdir.

Onun fikrincə, iqtisad elmi amansızcasına keçmiş ideyaları tənqid etməklə iqtisadi fikir tarixi vasitəsilə inkişaf etməlidir. Roşerə görə, iqtisadi inkişaf müəyyən artım mərhələlərindən keçir ki, bu da bioloji mərhələlərə (körpəlik, gənclik, yetkinlik və qocalıq) oxşardır. Beləliklə, inkişaf həm yüksələn, həm də enən bir istiqamətdə gedir. Onun bu ideyası Fridrix Listin təkamülün yalnız yüksələn xətlə baş verməsi nəzəriyyəsindən fərqlənirdi. Vilhelmin fikrincə, iqtisad elmi millətlərin iqtisadi həyatının inkişafının qanunlarını aşkara çıxarmalıdır.

Roşer əsərlərində tarixi metoda müvafiq olaraq, hər bir millətin inkişafını təbiət, əmək və kapital amillərinin dəyişən hökmranlığı ilə əlaqələndirərək, Jan Batist Seyin üç istehsal amili nəzəriyyəsini şərh etmişdir. Onun fikrincə, iqtisadi inkişaf prosesində ayrı-ayrı istehsal amillərinin əhəmiyyəti (buna müvafiq olaraq milli məhsuldakı payı) dəyişir. İnkişafın ilkin mərhələlərində torpaq (təbiət) böyük rol oynayır, sonra əmək və nəhayət kapital. Bununla da, milli gəlirdə kapital sahiblərinin gəlirinin payının həcmi milli iqtisadiyyatın inkişaf səviyyəsini əks etdirir. Kapitala məhsuldar istehlak üçün nəzərdə tutulmuş hər hansı bir məhsul kimi baxırdı. O, həmçinin kapitala işçilərin ixtisaslaşmasını da daxil edirdi.

Roşer əmək-dəyər nəzəriyyəsini qəbul etmir, əmtəənin dəyərini onun faydalılığı ilə eyniləşdirirdi. İqtisadçı mənfəəti əməyin idarə edilməsinə görə sahibkarın əmək haqqısı kimi müəyyən edirdi. O hesab edirdi ki, gəlir bölgüsündə harmoniya hökm sürür, onların bərabərsizliyi isə iqtisadi tərəqqini stimullaşdırır.

Roşer milli xüsusiyyətləri mütləq prinsip səviyyəsinə qaldırmışdır. O, müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını və deməli, iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Roşer xalqların təbii fərqlərini, həmçinin onun rəyincə, müxtəlif millətlərdə ümumi təsərrüfat tipinin mümkünlüyünü istisna edən qabiliyyətlərinin və inkişaf dərəcələrinin fərqlərini ön plana çəkirdi. O, belə hesab edirdi ki, “donun eyni ölçü üzrə tikilmədiyi kimi, bütün xalqlar üçün də eyni iqtisadi ideal ola bilməz”. Bu baxımdan da, bütün dünya üçün ümumi iqtisadi nəzəriyyə ola bilməz. Onun fikrincə, iqtisadiyyat milli mədəniyyətin bir hissəsi kimi, daha doğrusu, iqtisadi mədəniyyət kimi qəbul edilməlidir.

İqtisadçı fəhlə sinfinin şəraitinin yaxşılaşdırılması və sosialist ideyalarının yayılması üçün sosial siyasətin müxtəlif tədbirlərinin tələb olunduğunu iddia edirdi.

Roşer cəmiyyətin inkişafının inqilabi yolunu rədd edərək, inkişafın yalnız təkamül formasını qəbul edirdi. İnqilabi çevrilişləri qeyri-qanuni hesab edir, xalqları öz həyat formalarını dəyişdirərkən hər şeyi dəyişdirən zamanı rəhbər tutmağa çağırırdı ki, çox yavaş və tədricən həyata keçirilən dəyişikliklər hiss olunmasın. Roşer inanırdı ki, hər bir inqilab, onun etdiyi dəyişikliklərə nə qədər ehtiyac olsa belə, böyük bədbəxtlik və xalq həyatının ölüm xəstəliyi olaraq qalır.

Öz nəzəriyyəsində Roşer milli iqtisadiyyatın inkişafı üçün sənayeyə, nəqliyyatın təkmilləşdirilməsinə böyük önəm verirdi.

P.S. Hakim ailəsində dünyaya gələn Vilhelm Roşer tarix və siyasəti öyrənmişdir. Hettingen və Leypsiq universitetlərinin professoru olmuşdur. O, 1843-cü ildə tarixi məktəbin əsasını qoymuşdur.

Roşerin “Siyasi iqtisadın prinsipləri” əsəri XIX əsrin ikinci yarısında Almaniyada iqtisadiyyat üzrə ən çox oxunan dərslik olmuşdur. Bu əsərini ömrünün sonuna qədər genişləndirmiş və üzərində düzəlişlər etmişdir.

Roşer hüquq və fəlsəfə ilə məşğul olmağı sevirdi. Yaradıcılığının erkən vaxtlarında sırf tarixi və fəlsəfi kitab və məqalələr, bəzi siyasi traktatlar yazmışdır.

Hər bir iqtisadçının şəxsiyyəti və hər bir iqtisadi işin xarakteri ilə də maraqlanan Roşer iqtisadi ədəbiyyat tarixi ilə bağlı bir çox tədqiqatlar aparmışdır. O, həmçinin taxıl ticarəti, müstəmləkə sistemi, meşə və kənd təsərrüfatı iqtisadiyyatı kimi məsələlər üzrə kitab və məqalələrin müəllifi olmuşdur. Onun maşınqayırmanın inkişafı haqqındakı nəzəriyyəsi alman avtomobil istehsalına böyük təkan vermişdir.

Roşer Fridrix Nitşe ilə birgə Leypsiq Universitetinin nəzdində filologiya klubunu yaratmışdır.

O, 18-ci əsrdə inkişaf etmiş çağdaş fəlsəfənin təsiri altında olan mütləq monarxiya növü haqqında 1847-ci ildə ilk dəfə “maariflənmiş mütləqiyyət” ifadəsini işlətmişdir.

Avstriya iqtisadiyyat məktəbinin qurucusu Karl Menger “Siyasi iqtisadın əsasları” kitabını Roşerə həsr etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva