Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

BRUNO HİLDEBRAND

  • Oxunub 911 dəfə

 (1812, Naumburq, Almaniya  – 1878, Yena, Almaniya)

  Əsərləri: “İndinin və gələcəyin siyasi iqtisadı” (1848), “Natural təsərrüfat, pul təsərrüfatı və kredit təsərrüfatı” (1864)

Alman iqtisadçısı Bruno Hildebrand alman köhnə tarixi məktəbinin ikinci görkəmli nümayəndəsi olmuşdur. Hildebrand istəyirdi ki, iqtisad elminin mərkəzinə özünün mürəkkəb psixikası və əxlaqı ilə, milli və tarixi cəhətləri ilə birlikdə konkret insan qoyulsun. O yazırdı ki, siyasi iqtisad “insan eqoizminin adi təlimi yox, ancaq əxlaqi elm olmalıdır”. Hildebrand siyasi iqtisadı xalqların iqtisadi inkişafı ilə bağlı olan nəzəriyyəyə çevirmək istəyirdi.

İqtisadçı, klassik məktəbi öz tədqiqatlarını ictimai həyatın digər sferalarını nəzərə almayaraq, yalnız bir iqtisadi hadisələr sahəsi ilə məhdudlaşdırdığına görə ittiham etmişdir. Hildebrand tarixi metodun tətbiqinin tərəfdarı olmuşdur. O, elmi-abstraksiya metodundan imtina etmişdir. Abstrakt metoda qarşı empirik tədqiqatı, statistik və tarixi informasiyaların yığımını qoymuşdu.

İqtisadçı əmək-dəyər nəzəriyyəsini inkar etmişdir. O hesab edirdi ki, əmək-dəyər nəzəriyyəsi kapitalistlərin istismarda günahlandırılması üçün əsas verir.

Hildebrand mənfəətin sahibkarların ən yüksək əmək haqqısı olması fikrini irəli sürürdü. O qeyd edirdi ki, sahibkarlar və muzdlu işçilər arasında, fabrikant və fəhlə arasında fərq həmişə mövcud olmuşdur. Cəmiyyətin sahibkarlara və fəhlələrə bölgüsünün “xalqların iqtisadi inkişafının zəruri vasitəsi” olmasını sübut etməyə çalışmışdır. İqtisadçı xüsusi mülkiyyəti daimi hesab etmiş və onun “insan ruhunun inkişafının güclü hərəkətverici qüvvəsi” olduğunu söyləmişdir.

Hildebrand mövcud iqtisadi qanunları müəyyən etməyə çalışırdı. Onun fikrincə, iqtisadi inkişaf xətti qeyri-tsiklik xarakter daşıyır.

O, mübadilə üsulunu əsas götürməklə cəmiyyətin iqtisadi inkişafını üç mərhələyə bölürdü: natural iqtisadiyyat, pul iqtisadiyyatı, kredit iqtisadiyyatı. Birinci mərhələdə məhsulların mübadiləsi ya yoxdur, ya da o, pulsuz həyata keçirilir. İkinci mərhələdə pul mübadilənin zəruri vasitəçisi olur. Üçüncü – kredit təsərrüfatında pul mübadilədə vasitəçi rolunu oynamır. Burada mübadilə pulun iştirakı olmadan, kredit əsasında baş verir. Hildebrand krediti pulların və kapitalın hökmranlığına son qoymağa və müasir kapitalist dünyasını ədalət əsasında dəyişdirməyə qabil olan qüvvə hesab edirdi.

Hildebranda görə, kredit təsərrüfatı təsərrüfatın yüksək tipidir, çünki burada fəal insanlar üçün bütün imkanlar açılır, hətta kapitala malik olmadan onlar kredit sayəsində sahibkar ola bilərlər. Onun fikrincə, kredit təsərrüfatı pul təsərrüfatının yalnız gələcək inkişafıdır. Bununla da  cəmiyyətin sinfi strukturu və iqtisadi formasiyaların sosial xarakterini müəyyən edən istehsal vasitələri üzərində mülkiyyət xarakterini rədd etmiş olurdu.

 P.S. Frankfurt Milli Məclisinin deputatı olan Bruno Hildebrand 1848-ci ildə Almaniyada baş qaldırmış qarışıqlıqla əlaqədar dövlətə xəyanətdə ittiham olunmuş və ona ölüm hökmü kəsilmişdir. Canını qurtarmaq üçün o, İsveçrəyə qaçmalı olmuşdur.

Əsl peşəsi tarixçi olan Hildebrand iqtisadçı olmaqla yanaşı, statistik kimi də tanınırdı. O, mühacirətdə olduğu zaman Berndə ilk İsveçrə statistik ofisinin yaradılmasında köməklik göstərmiş, həmçinin bu ölkədə dəmir yolu şirkəti də yaratmışdır. İsveçrənin iqtisadi həyatında fəal iştirakı ona qarşı qərəzli münasibət doğurduğu üçün Almaniyaya köçmək məcburiyyətində qalmışdır.

Hildebrand Almaniyanın və İsveçrənin bir sıra universitetlərində siyasi iqtisad üzrə professor olmuşdur. O, klassik iqtisadi məktəbin, xüsusilə də, David Rikardonun işlərinin materialist, universal və kosmopolit olması səbəbilə kəskin tənqidi ilə tanınır. İqtisadçı həmçinin marksist ideyalara da qarşı çıxırdı.

İqtisadi fikirləri analitik cəhətdən diqqətçəkən olmasa da, lakin onun tədrisi, xüsusilə də Yena şəhərində təşkil etdiyi seminarlar tarix məktəbinin bir çox iqtisadçılarını ilhamlandırmışdır.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva