Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

KARL QUSTAV ADOLF KNİS

  • Oxunub 708 dəfə

 (1821, Marburq, Almaniya  – 1898, Heydelberq, Almaniya)

  Əsərləri: “Statistika” (1850),“Tarixi metod nöqteyi-nəzərdən siyasi iqtisad” (1853),“Pul və kredit” (1885-86)

 Almaniyada köhnə tarix məktəbinin banilərindən biri və üçüncü görkəmli nümayəndəsi Karl Knis olmuşdur. Knisin iqtisadi fikrin sosial-tarixi istiqamətinin əsas metodoloji müddəalarının yaradılmasında xidməti böyükdür. Onun əsərlərində tarix məktəbinin metodoloji yanaşmalarının sistemli ifadəsi verilmişdir.

 Knis də tarix məktəbinin digər nümayəndələri kimi siyasi iqtisad klassik məktəbinin antitarixliyini tənqid edirdi. Cəmiyyətin iqtisadi inkişafının obyektiv qanunauyğunluğu ideyası onun tərəfindən xüsusi tənqid olunurdu.

Knis ümumi iqtisadi qanunların inkar olunmasında fəal olmuşdur. O, iqtisadi nəzəriyyələrin mövcud olmaq imkanının özünü qəbul etmir, xüsusi iqtisadi qanunların fəaliyyət göstərmədiyini, həmişə və hər yerdə yalnız təbii qanunların olduğunu qeyd edirdi. Təbii qanunların cərəyan etdiyi təbiəti hər hansı qanunların təsirindən azad olan cəmiyyətə qarşı kəskin surətdə qoyurdu.

Knis vulqar-tarixi metodu baxımından siyasi iqtisadın yenidən qurulması zərurətinə haqq qazandırmaq istəyirdi. İqtisadi qanunların mövcudluğunu inkar etməklə o, faktiki universal iqtisad elmini də inkar etmiş olurdu. O göstərirdi ki, elm yalnız öyrənilən hadisələrin tez-tez təkrar baş verdiyi yerdə mövcuddur.

Knis tarix məktəbinin digər nümayəndələri kimi müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Onun fikrincə, xalqların iqtisadi inkişaf yolları o dərəcədə unikal və sfesifikdir ki, təkrarlanma haqqında söz gedə bilməz. Bu baxımdan o, müxtəlif millətlərin təkamül səviyyəsindəki fərqləri, ənənələri və qabiliyyətləri ön plana çəkirdi.

Knis hesab edirdi ki, siyasi iqtisad yalnız təsvir edə bilir və nəzəri ümumiləşdirmələr vermək imkanında deyil. O, statistikanı və tarixi təsviri iqtisadi hadisələrin dərk olunmasının vasitələri hesab edirdi. Knisə görə, iqtisadi hadisələr prinsip etibarilə idrakla başa düşülən deyil. Yalnız onların əmələ gəlməsini və inkişafını müşahidə və təsvir etmək və onlara əxlaqi, mənəvi qiymət vermək mümkündür. Nəticədə, siyasi iqtisad müxtəlif vaxtlarda iqtisadi fikirlərin sadə tarixinə çevrilir.

İqtisadçının fikrincə, müxtəlif xalqların iqtisadi təkamülündə ümumi qanunlar tapmaq olmaz, ən yaxşı halda oxşarlıqlar haqqında danışmaq mümkündür. Knisə görə, cəmiyyətin iqtisadi quruluşu bir sıra mərhələlərdən keçir və inkişaf edir və cəmiyyətin təşkilinin heç bir forması mütləq deyildir.

Tədqiqatçı iddia edirdi ki, insan davranışı milli cəhətlərlə müəyyən olunur. Belə ki, hər insan ilk növbədə müəyyən xüsusiyyətləri ilə fərqlənən xüsusi millətin nümayəndəsidir (məsələn, ingilislərdə - qənaət, milli qürur; fransızlarda - bərabərliyə meyl, zövq, yenilik; almanlarda - işgüzarlıq, ədalət hissi, humanizm və s.). Beləliklə də, fərdi şəxslərin iqtisadi davranışı eqoist istəklərlə məhdudlaşmır, millətin təfəkkür tərzi ilə müəyyən olunur. Knis hesab edirdi ki, ticarətin artımı və rabitə obyektlərinin təkmilləşdirilməsi müxtəlif ölkələrin inkişafının sinxronizasiya edilməsi meylini yaradır.

P.S. İqtisadi tarixin tədqiqatçısı Karl Knispolis zabitinin oğlu olmuşdur. O Marburq, Freyburq və Heydelberq universitetlərində professor kimi çalışmışdır. Knis pulun metallistik nəzəriyyəsinin tərəfdarı olmuş, XIX əsrin ikinci yarısında erkən metallistlərin baxışlarını təkmilləşdirmişdir. Pul kimi banknotları qəbul etməklə yanaşı, eyni zamanda kağız pullara qarşı çıxırdı.

  O, klassik iqtisadın amansız tənqidçisi idi. Siyasi iqtisadla bağlı fərqli fikirlərinə görə, Knisin ilk kitabı demək olar ki, diqqətdən kənarda qalmışdır. Tarixçilər və iqtisadçılar onu görməməzlikdən gəlmişdilər. Yalnız yeni tarixi məktəb inkişaf etdiyi zaman Knisin köhnə kitabına diqqət yetirilmişdi. Knis, Vilhelm Roşerin onun ideyalarını müzakirəyə cəlb etməməsindən dəfələrlə şikayət etmişdir. Con Beyts Klark, Maks Veber, Karl Menger, Oygen fon Bem-Baverk, Fridrix fon Vizer onun davamçıları olmuşlar.

Protestant olan Knis həmin dövrdə hakim olan katolik din adamları ilə yola getmirdi. Burjua cəmiyyətinin sosial-iqtisadi əsaslarının əbədi olması fikrini müdafiə edən iqtisadçı sosialist hərəkatının qatı əleyhdarı olmuşdur.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva