GERMAN HENRİX QOSSEN
- Oxunub 1404 dəfə
(1810, Düren, Almaniya - 1858, Köln, Almaniya)
Əsərləri: “İctimai mübadilə qanunlarının və insan fəaliyyətinin buradan irəli gələn qaydalarının inkişafı” (1854)
XIX əsrin əvvəllərində yaşamış alman iqtisadçısı German Qossen marjinalizm nəzəriyyəsinin görkəmli nümayəndələrindən biri olmuşdur.
Faydalılıq həddi nəzəriyyəsinin əsasında Qossenin irəli sürdüyü faydalılıq həddi ideyası durur. O, iqtisadi-riyazi faydalılıq nəzəriyyəsinin ilk variantını yaratmışdı. Qossen faydalılıq həddinin azalması qanununu aydın, dürüst formada ifadə etmiş, onu istehlakın fərdi aktlarına tətbiq etmiş və həm də bunu qrafik formada şərh etmişdir.
Qossenin tədqiqat obyekti istehlak, istehlak tələbi olmuşdur. O, fərd tərəfindən az miqdarda nemətlərin səmərəli şəkildə istehlak edilməsini iqtisad elminin mərkəzi problemi hesab edirdi. İqtisad elminin vəzifəsini insana nemətin istehlakından maksimal zövq almasında kömək etməkdə görürdü. Qossenə görə, iqtisadi davranışın əsası insan tərəfindən nemətin psixoloji qiymətləndirilməsi və bu nemətlər arasında seçim etməsidir. O, siyasi iqtisadın adını dəyişdirib təmin olunma və ya zövq haqqında təlim adlandırmağı təklif etmişdir.
Qossenə məşhurluq gətirən onun tərəfindən yaradılan iki qanunu olmuşdur. Onun məhsulun “son faydalılığı” haqqındakı iki mühüm prinsipi müasir iqtisad elmində Qossenin I və II qanunları adlanır. Bu qanunlara uyğun olaraq tələbatlar tədricən təmin edildikcə predmetlərin, yəni nemətlərin faydalılığı nemətin ehtiyatlarının artması ilə aşağı düşür.
I qanuna görə subyektin sərəncamında olan nemətin kəmiyyəti artdıqca onun hər bir əlavə vahidinin son faydalığı da aşağı düşür, həmin sərvətlə təmin olunma həddindən artıq olduqda isə (son həddə çatdıqda) faydalılıq sıfıra çatır.
Qossenin II qanununda göstərilir ki, istehlakın (tələbin) optimal quruluşu bütün əldə edilə bilən nemətlərin faydalılığının tarazlığı şəraitində mümkün olur. İkinci qanuna görə, nemətlərin ehtiyatı tam təmin üçün kifayət etmədiyi təqdirdə, ehtiyacların maksimum ödənilməsi üçün istehlakdan alınan zövq intensivliyinin eyni olduğu nöqtələrdə bütün nemətlərin istehlakını dayandırmaq lazımdır. II qanuna o, riyazi şərh vermişdir və nemətlərin faydalılığı ilə onların kəmiyyəti arasındakı asılılığı xətti xarakter daşımışdır.
Qossenin fikrincə, konkret tələbatı ödəyən məhsulun kəmiyyətcə hər bir artımı özündən əvvəlki “nüsxəyə” nisbətən daha az faydalıdır. İqtisadi resursların məhdudluğu şəraitində isə insanın ən vacib tələbatının ödənilməsinə xidmət edən “məhsulun son nüsxəsi” vardır. Buradan isə belə bir nəticə çıxarılır ki, məhsulun qiyməti fərdin tələbatını ödəmək üçün vacib olan “son nüsxənin” faydası ilə ölçülür, deməli, əmtəənin dəyəri onun son faydalılığı ilə müəyyən olunur.
Onun əməyin ağırlıq həddi nəzəriyyəsinə görə, təklif əməklə müəyyən olunur. Əmək əvvəlcə zövq gətirir, yorğunluq halı başladıqdan sonra isə ağrılı olur.
Mübadilə prinsipini maksimum zövq konsepsiyası əsasında şərh edən Qossen faydalılıqların mübadiləsinə faydalılığın artım mənbəyi kimi baxmışdır. Mübadilədə qiymət satılan nemətlərin artan faydalılığı və alınan nemətlərin azalan faydalılığı arasındakı tarazlıq nöqtəsinə uyğun olur.
Qossen iqtisadiyyatda optimal tarazlığa nail olunması üçün islahatların aparılmasını zəruri hesab edirdi. Bunun üçün onun fikrincə, hər bir kəsin onun üçün əlverişli olan istehsal sferasına azad daxil olması təmin olunmalı, mübadilə üçün əlverişli şərait yaradılmalı, hər cür inhisar və istehsal məhdudiyyətləri aradan qaldırılmalıdır. O, həmçinin təhsilin ümumiliyi, pulun sabitliyi, istehsalçılar üçün dövlət krediti, istehsalçıların əmək məhsuluna təminatlı hüququ və s. fikirlərlə də çıxış edirdi.
Qossenin qanunları nəinki marjinalizmin Avstriya məktəbinin, eləcə də onun sonrakı iqtisadi məktəb və cərəyanlarının makroiqtisadi nəzəriyyəsində geniş istifadə olunmuşdur.
P.S. Henrix Qossenin atası vergi toplayan olmuşdur. Henrix Almaniyanın bir neçə şəhərində oxumuş, hüquq üzrə ali təhsil almışdır.1847-ci ildən iqtisadi nəzəriyyəni inkişaf etdirməyə başlamışdır.
1854-ci ildə nəşr etdirdiyi yeganə əsərinə görə özünüKopernikin astronomiyada qazandığı uğurları ilə müqayisə edən və iqtisad elmində inqilab edəcəyini düşünən Qossen sağlığında məşhurluq tapmamış, müasirləri tərəfindən tanınmamışdır. Belə ki, əsər hissələrə və ya fəsillərə bölünmədiyindən zəif struktura malik olmuş, çətin dil üslübunda yazılmış və burada çox sayda düsturlar əks olunmuşdur. Sosial məsələlərin təhlilində riyaziyyatın istifadəsinə dərin antipatiyanın olduğu bir dövrdə ərsəyə gələn kitab diqqətdən kənarda qalmışdır. Bu, onu çox məyus etmiş və o, bütün nəşr olunmuş kitablarını satışdan geri almış, yığıb məhv etmişdi. 1878-ci ildə Uilyam Cevons və Leon Valras bir neçə salamat qalmış nüsxəni tapdıqdan sonra Qossen məşhurluq tapmış və əsəri yenidən nəşr edilmişdir.
Henrixin iqtisadi fikirlərinin formalaşmasına kimlərin təsir etdiyini müəyyən etmək çətindir, çünki o, yazılarında heç bir mənbəyə istinad etməmişdir.
Qossen xasiyyətcə ünsiyyətcil və səmimi insan, baxışlarında isə idealist idi. Geniş maraqlara sahib olan iqtisadçı musiqi və rəssamlığı xüsusilə sevmişdir. Katolik ruhda tərbiyə olunmasına baxmayaraq, o, həyatda həzz axtarışının ən mühüm şey olduğunu düşünürdü.
Qossen mərkəzləşdirilmiş planlı iqtisadiyyatın işləyə bilməyəciyini iddia edən ilk iqtisadçılardan olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva