Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

KARL İOHAN RODBERTUS-YAGETSOV

  • Oxunub 664 dəfə

(1805, Qrayfsvald, Almaniya - 1875, Felşov, Almaniya )

 Əsərləri: “İqtisadi yazılar” (1936), “İşçi sinfinin iddiaları” (1837),“Bizim dövlət-təsərrüfat sisteminin öyrənilməsinə doğru” (1842), “ Kapital haqqında tədqiqat: ticarət böhranları və dövlət iqtisadiyyatı”, “Roma imperiyasının vergi sistemi”, “Roma imperiyasında torpaq münasibətləri”, “Standart iş günü”(1871)

 İqtisadi fikir tarixində özünəməxus yer tutan Karl Rodbertus-Yagetsov məşhur alman iqtisadçısı, “dövlət sosializmi” nəzəriyyəsinin banilərindən biri olmuşdur.

Rodbertusun iqtisadi konsepsiyası David Rikardonun və utopik sosializmin təsiri altında formalaşmışdı. O, kapitalizmi tənqid edir və eyni zamanda islahatlar yolu ilə sosial problemlərin həlli üçün çıxış edirdi.

Rodbertus Rikardonun əmək-dəyər nəzəriyyəsinin tərəfdarı olmasına baxmayaraq, əmtəənin dəyərini bilavasitə fəhlə pulu adlandırılan pulların buraxılması yolu ilə iş vaxtında qanuni olaraq ifadə etməyi təklif edirdi. Beləliklə, onun hesab etdiyi kimi, dövlətin köməyi ilə qiymətin və dəyərin bərabərləşməsinə nail olmaq olardı.

Torpaq rentası və mənfəət məsələləri ilə bağlı iqtisadçı qeyd edirdi ki, torpağa və kapitala olan mülkiyyət torpaq mülkiyyətçilərinin və kapitalistlərin əməyi ilə yaranmır. Mülkiyyətin bu növlərini Rodbertus “gəlir gətirən, sahiblərinə renta verən, lakin onların öz şəxsi əməyi sərf olunmayan mülkiyyət” kimi müəyyən etmişdir. Rodbertus “ümumiyyətlə renta” kateqoriyasını tətbiq edir. O hesab edirdi ki, torpaq rentasının və kapitalist mənfəətinin hökmran xarakteristikası odur ki, hər iki forma zəhmətsiz gəlir əldə edir.

Rodbertusun fikrincə, yeganə məhsuldar qüvvə əməkdir, istənilən dəyər yalnız və yalnız əmək tərəfindən yaradılır. Şübhəsiz ki, renta da dəyərdir, lakin o, onu əldə edən şəxsin əməyinin nəticəsi deyil, başqa şəxsin əmək məhsulunun hissəsidir. Torpaq rentasının yaranma mənbəyini Rodbertus torpağa olan xüsusi mülkiyyət hesab edirdi. Bundan başqa, o, tamamilə düzgün olaraq, torpaq rentasının torpağa mülkiyyət obyekti kimi inhisarla əlaqəsini üzə çıxarmışdır.

Fəhlə sinfinin vəziyyəti məsələlərinə toxunan iqtisadçı onların yoxsul şəraitini tənqid edir və işçiyə onun zəhmətinin tam şəkildə ödənilməsini, eləcə də işçilər üçün normal iş gününün yaradılmasını tələb edirdi.

 Rodbertusun “dövlət sosializmi” nəzəriyyəsi xüsusi maraq doğurur. Kapitalizmi tənqid edən iqtisadçı cəmiyyətdə islahatların aparılmasının ictimai əməyin bərabər paylanması vasitəsilə həyata keçirilməsinə ümid bəsləyirdi. Milli məhsulda zəhmətli və zəhmətsiz gəlirləri müəyyən edən Rodbertus belə qənaətə gəlirdi ki, milli məhsulda işçilərin payı  kapitalist və torpaq sahiblərinin xeyrinə azalır. Buna görə də o, zəhmətsiz gəlirlərin aradan qaldırılması məqsədilə xüsusi mülkiyyətin aradan qaldırılması fikrini irəli sürürdü. Milli məhsulun bölgüsündə dövlətin rolunun gücləndirilməsini vacib sayırdı.

Rodbertusa görə, insan cəmiyyəti öz təkamülündə üç mərhələdən keçir: antiklik; feodalizm və kapitalizm; kommunizm. Bu mərhələlər istehsal vasitələrinə mülkiyyətin xarakteri ilə müəyyən edilir. Antikliyin əsasını o dövrün əsas məhsuldar qüvvəsi olan insan-qul mülkiyyəti təşkil edirdi, feodalizm və kapitalizm dövrləri torpağa və kapitala, kommunizm dövrü isə əməyə və əmək haqqına olan mülkiyyətlə xarakterizə olunur.

Rodbertusun rəyincə, kommunizmin rüşeymləri bəşəriyyətin inkişafının kommunizmə qədərki inkişaf dövrlərində yaranır. Dövlət son dövrə - kommunizmə təkamül keçidi üçün ideal təşkilatdır. Rodbertus hesab edirdi ki, ölkənin sosial və iqtisadi problemlərini yalnız dövlət həll edə bilər və həll etməlidir.

Rodbertusun iqtisadi konsepsiyası iqtisad elminin inkişafında mühüm rol oynamış, sonralar isə Almaniyanın yeni tarix məktəbinin nümayəndələri tərəfindən əsas konsepsiya kimi qəbul edilmişdir.

P.S Varlı ailədə dünyaya gələn Rodbertusun atası hüquq üzrə professor olmuşdur. Karl özü də hüquq və fəlsəfə təhsili almışdır. O, həm də tarixçi olmuşdur. Hollandiya, Fransa və İsveçrəyə tez-tez səyahət etmişdir.

  Burjua zadəganlığının maraqlarından çıxış edən iqtisadçı 1848-ci il İnqilabı dövründə Frankfurt parlamentinin üzvü, “islahat partiyası”nın təşkilatçılarından biri, mədəniyyət və maarif naziri vəzifələrində çalışmışdır. İnqilabın məğlubiyyətindən və burjua nümayəndələri ilə qarşıdurmalardan sonra siyasətdən uzaqlaşmış, liberal mövqeyə sahib olmuş və siyasi həyatda aktiv iştirak etməmişdir. Ömrünün son iyirmi ilini təqaüddə keçirmiş və malikanəsində ev təsərrüfatı ilə məşğul olmuşdur.

Rodbertusun ölümündən sonra 1879 və 1881-ci illərdə onun məktubları nəşr olunmuşdur. Burada iqtisadçı 1842-ci ildə yazdığı kitabında Karl Marksdan daha əvvəl, qısa və aydın şəkildə izafi dəyərin mənşəyini göstərdiyini iddia edirdi. Bəzi burjua iqtisadçıları Rodbertusun izafi dəyər nəzəriyyəsinin Marks tərəfindən oğurlandığı fikrini tez-tez təkrarlayırdılar.

O, Rodbertus-Yagetsovkimi də tanınır.Yagetsov onun  1835-ci ildə aldığı əmlakının adından götürülmüşdür. Ədəbiyyatlarda əsasən soyadının ənənəvi ikinci hissəsi (Yagetsov) yazılmır, yalnız birinci hissəsi (Rodbertus) istifadə edilir.


 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva