Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

VİLHELM REPKE

  • Oxunub 626 dəfə

 (1899, Şvarmştedt, Almaniya  - 1966, Cenevrə, İsveçrə )

Əsərləri: “İqtisadiyyat (1922),  “Konyuktura(1927), “Kapitalın formalaşması nəzəriyyəsi (1929), “Böhran və konyuktura (1932), “Müasirliyin ictimai böhranı (1942), “Humanist cəmiyyət (1944), Beynəlxalq qaydalar (1945), “Tələb və təklifin digər tərəfində (1958).

Frayburq məktəbinin görkəmli nümayəndələrindən biri olan Vilhelm Repke neoliberalizmin ilkin tədqiqatçılarından olmuşdur. O, neoliberalizmin nəzəriyyə və siyasətinin, sosial funksiya və xüsusiyyətlərinin ümumi əsaslarını və prioritetlərini hazırlamışdır.

Repke öz iqtisadi fikirlərində azad rəqabətə, azad bazar təsərrüfatına, xüsusi mülkiyyətə müsbət mövqedən yanaşmışdır. Azad əmtəə təsərrüfatının mövcud olması və fəaliyyət göstərməsi üçün iqtisadiyyata dövlət müdaxiləsini məhdud həddə məqbul hesab etmişdir.

Repke göstərirdi ki, hər bir cəmiyyətin, iqtisadi quruluşun başlıca problemləri iki yolla həll edilir. Bunlardan biri tələb, təklif, rəqabət və azad qiymətlər vasitəsilə fəaliyyət göstərən bazar sistemi, digəri isə problemlərin böyük əksəriyyətini dövlətin köməyi ilə həll edən inzibatçılıq sistemidir. İnzibati-amirlik sisteminin, planlı təsərrüfatın şəxsi təşəbbüsü boğduğu, istehlakçıların tələbini nəzərə almadığı üçün bazar sistemi ilə bir araya sığmır. Buradan da bazar sistemini təsərrüfat həyatını tələb-təklif, rəqabət və azad qiymət mexanizmi vasitəsilə tənzimləyən iqtisadi sistem adlandırır. Həmçinin, bazar təsərrüfatı bütün cəmiyyətin və istehlakçıların şəxsi mənafeyi naminə bütün təsərrüfat və ayrı-ayrı fərdlərin planlarını əlaqələndirir.

Repke öz tədqiqatında sübut etməyə çalışırdı ki, bazar təsərrüfatı planlı təsərrüfata nisbətən səmərəli və məhsuldar təsərrüfat sistemidir. Bazar təsərrüfatını ikinci dayaq sistemi kimi xüsusi mülkiyyəti hesab edirdi. Onun fikrincə, azad bazar təsərrüfatı - kollektivçiliyə qarşı fərdiçilik, mərkəzi hakimiyyətə qarşı azadlıq, mərkəzləşməyə qarşı qeyri-mərkəzləşmə, təşkilatçılığa qarşı müstəqillikdir.

Repke tərəfdarı olduğu humanist cəmiyyəti öz-özünü tənzim edən, iqtisadi sərbəstliyə malik olan qeyri-mərkəzləşmiş, kollektiv bir cəmiyyət kimi təsvir edirdi. Həmçinin belə bir humanist cəmiyyətin əsasını sosial bazar təsərrüfatının təşkil edəcəyini qeyd edirdi. “Beynəlxalq bazar təsərrüfatı, “iqtisadi humanizm, “iqtisadi inteqrasiyavə s. nəzəriyyələrini sosial bazar təsərrüfatı ideyasına daxil edirdi. Bir sıra tədqiqatçılardan fərqli olaraq, Repke inhisarların mövcudluğunu inkar etmir, azad və humanist cəmiyyət naminə inhisarlara qarşı çıxış edirdi.

Repke iqtisadi qayda və iqtisadi siyasət nəzəriyyəsi ilə bağlı məsələlərə və onlar arasındakı əlaqələrə xüsusi diqqət yetirirdi. O, həmçinin beynəlxalq iqtisadi və pul-kredit, konyuktur və iqtisadi böhranlar məsələlərinə də nəzər salmışdır. O, qeyri-sosialist ölkələri arasında ticarətdə kəmiyyət və valyuta məhdudiyyətlərinin aradan qaldırılmasını təklif etmiş, valyuta dönərliliyinin azadlığını, regional iqtisadi blokların aradan qaldırılmasını müdafiə etmişdir. Kapitalizmin müdafiəçisi və sosializmin dönməz rəqibi kimi Repke burjua hökumətlərinə sosialist ölkələri, xüsusilə də SSRİ-yə qarşı ticarət sahəsində ayrı-seçkilik siyasətini yeritməyi tövsiyə etmişdir.

İqtisadçının fikrincə, dövlət iqtisadi siyasəti iqtisadi fəaliyyətdə sərt qaydanı - bazar vasitəsilə təmin olunan azadlığı və azad rəqabəti təmin etməlidir.

P.S. Alman və isveçrəli iqtisadçı Vilhelm Repke kənd həkimi ailəsində anadan olmuşdur. Hüquq və iqtisadiyyat üzrə ali təhsil almış, 23 yaşında olarkən Almaniyanın ən gənc professoru adını qazanmışdır.

Nasistlərin hakimiyyətə gəlişindən sonra Almaniyada dərs demək hüququndan məhrum edilmiş, ailəsi ilə birgə Türkiyəyə mühacirət etmiş, orada İstanbul Universitetində xalq təsərrüfatı nəzəriyyəsi kafedrasına rəhbərlik etmişdir. Sonra İsveçrəyə köçmüş, ömrünün sonuna qədər Cenevrə Beynəlxalq Araşdırmalar İnstitutunda çalışmışdır.

Repke XX əsrin 30-cu illərinin əvvəllərində tənzimlənən kapitalizm nəzəriyyəsi mövqeyində olmuş, iqtisadi həyatda burjua dövlətinin fəal təsirinə tərəfdar kimi çıxış etmişdir. 30-cu illərin sonlarından isə neoliberalizm mövqeyinə keçmişdir.

O, “sosial bazar təsərrüfatı“ nəzəriyyəsinin yaradıcılarından biri olmuşdur. İqtisadi qərarların qəbul edilməsində mənəvi aspektlərə xüsusi diqqət yetirən Repke yalnız bazar mexanizmlərinin fəaliyyətini deyil, eləcə də insan davranışının əxlaqi təzahürünü də təsvir etməyə çalışmışdır. O qeyd edirdi ki, iqtisadi prinsipləri insan davranışından ayırmaq mümkün deyil.

Həmçinin tarixçi olan Repke 1965-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur.

Vilhelm 1961-62-ci illərdə Mon Pelerin Cəmiyyətinin prezidenti olmuş, lakin Fridrix Avqust fon Hayeklə aralarında baş verən uzun mübahisənin nəticəsi olaraq o, vəzifəsindən getmiş və üzvlüyünə xitam vermişdir.

Repke 20-dən çox kitabın müəllifidir

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva