Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

LUJO BRENTANO

  • Oxunub 638 dəfə

 (1844, Aşaffenburq, Almaniya – 1931, Münhen, Almaniya)

  Əsərləri: “Fəhlələrin müasir birləşmələri” (1871-1872), ”Klassik siyasi iqtisad” (1888), “Müasir sosial ehtiyacların səbəbləri haqqında” (1889), “Tarixdə əxlaq və xalq təsərrüfatı”(1894), “Aqrar siyasət” (1897)

Lujo Brentano Almaniyada yeni tarix məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur. Brentano siyasi iqtisadın vəzifəsini iqtisadi hadisələrin bilavasitə müşahidəsində, faktların təsvirini verməkdə görmüşdü. Təsərrüfat həyatında istehsal formalarında satış və mübadilə şərtlərini həlledici hesab etmişdir. Mübadilə konsepsiyasının tərəfdarı kimi merkantilist məktəbini üstün tutmuşdur.

İqtisadçı dəyər, izafi dəyər, kapitalist yığımının tarixi meyli qanununun problemlərini süni və uydurma hesab edərək, klassik siyasi iqtisadın və marksist təliminin kəskin tənqidi ilə çıxış edir və göstərirdi ki, Karl Marksın ümumiləşdirmələri abstrakt anlayışlar və ümumi tarixi fəlsəfi obrazlardan başqa bir şey deyildir. O, iqtisadiyyatda həlledici rolu əxlaq və hüquqi amillərə vermişdir. Həmçinin qeyd edirdi ki, insanın davranışı sosial mühitdən, ictimai münasibətlərdən təcrid olunmuş halda götürülməməlidir, insanı primitiv istehlakçı kimi təsvir etmək olmaz.

Brentano sosial bərabərliyin kapitalizmdə mümkünlüyünü iddia edirdi. Kapitalist iqtisadiyyatının inkişafı yalnız ilk vaxtlarda işçilərin vəziyyətinin pisləşməsinə gətirib çıxarır, lakin kapitalizmin sonrakı mərhələsində  yüksələn əmək haqqı, iş gününün azaldılması və fəhlə sinfinin həyatının yaxşılaşdırılması ilə müşayiət olunur. Onun fikrincə, iş gününün qısaldılması və əmək haqqının yüksəldilməsi təkcə işçilərə deyil, sahibkarlara da əlverişlidir. Çünki bununla əmək məhsuldarlığının artımı üçün, nəticədə isə istehsalın gəlirliliyinin artması üçün şərait yaranır. Bu, dünya bazarında işçilərə yaxşı ödəniş edən ölkələrin qalib olması faktını izah edir.

Sosial-iqtisadi islahatları praktiki surətdə həyata keçirmək üçün Brentanonun da birbaşa iştirakı ilə yaradılmış “Sosial siyasət ittifaqı”nın məqsədi fəhlələrin vəziyyətinin yaxşılaşdırılması üzrə qanunvericilik tədbirlərinin dəstəklənməsi, daha doğrusu: məktəblərdə məcburi tədrisin həyata keçirilməsi (12 yaşına qədər), uşaqların, yeniyetmələrin və qadınların əməyinin dövlət tərəfindən tənzimlənməsi, xəstəlik və bədbəxt hadisələrdən fəhlələrin sığorta edilməsinin təşkili, qocalıq və əmək qabiliyyətini itirmişlər üçün təqaüdün müəyyən edilməsi, istehlak və mənzil kooperasiyasının təşkili və s. idi. Bu tədbirlər “dövlət sosializmi” adlandırılırdı. İqtisadçı dövlət mülkiyyətini və iqtisadi həyata dövlət müdaxiləsini məqbul saymışdır. Dövlət sosializmi ideyaları Almaniyanın iqtisadi siyasətinin həyata keçirilməsinə güclü təsir göstərmiş, ayrı-ayrı ölkələrdə onun ideyalarının geniş yayılmasına kömək etmişdir.

Brentano həmkarlar ittifaqlarının praktiki surətdə geniş inkişafı üçün çıxış edirdi. Onun təmsil etdiyi liberal islahatçı qrupunun məqsədi başlıca amili  həmkarlar ittifaqının inkişafı olan siniflər dünyasının qurulması idi. Brentano yazırdı ki, fəhlənin sahibkara satdığı əmtəə (yəni əmək) xüsusi növ əmtəədir. Öz ilkin sahibindən ayrılmaz olduğu üçün fəhlə hər yerdə öz əmtəəsinin dalınca getməlidir və satış üçün yalnız əməyə malik olduğundan tez-tez onu sahibkara ən əlverişsiz şərtlərlə güzəştə getməli olur. Əməyin alış-satışı sahəsində bir-birindən ayrılmış işçilərin yerinə yaxşı təşkil olunmuş həmkarlar gəldikdə isə vəziyyət kəskin dəyişir.

Brentano sübut edirdi ki, xırda kəndli təsərrüfatı tamamilə möhkəmdir, iri təsərrüfatlar isə bəzi üstünlüklərə malikdir. Qalan sahələrdə xırda təsərrüfat daha əlverişli, sabit  və perspektivlidir, iri təsərrüfatdan sərfəlidir. O, həmçinin “torpağın münbitliyinin azalması qanunu”nu müdafiə edir və qeyd edirdi ki, bu qanun mütləqdir, istisnasız fəaliyyət göstərir və kənd təsərrüfatı fəaliyyətinin istənilən növü üçün qüvvəyə malikdir.

O qeyd edirdi ki, kapitalistin mənfəəti “yeni məhsulda istehsal elementlərinin hamısının birləşməsi yolu ilə, bu elementlərin birləşməsinə qədərki dəyər üzərindəki dəyərin artığından” ibarətdir. Mənfəəti sahibkarın yaradıcı ruhu olan sahibkarlıq gəlirinə aid edirdi.

Monopoliyanı müdafiə edən iqtisadçı inhisarçı birlikləri iqtisadi böhranların aradan qaldırılmasının praktiki vasitəsi hesab edirdi. Belə ki, kartellər istehsalçılar tərəfindən təklifi tələbə planauyğun olaraq uyğunlaşdırmaq üçün yaradılır ki, bu da ifrat istehsal, ondan doğan bütün nəticələrin qarşısını alır.

P.S. İtalyan mənşəli alman iqtisadçısı Lujo Brentano katolik ailəsində dünyaya gəlmişdir. Brentano siyasi iqtisad, hüquq və tarix üzrə təhsil almışdır. Breslav, Strasburq, Vyana, Leypsiq və Münhen Universitetlərinin professoru, həmçinin iqtisadi və sosial siyasət, iqtisadiyyat, tarix, fəhlə hərəkatı məsələləri üzrə çoxsaylı əsərlərin müəllifi olmuşdur.

O, öz iqtisadi baxışlarında iqtisad nəzəriyyəsindən imtina edilməsini təbliğ edirdi. Brentano 1872-ci ildə Qustav Şmoller və Adolf Vaqner ilə birgə “Sosial siyasət ittifaqı”nı təşkil emişdir.

Brentano müəllim və sosial islahatçı kimi böyük nüfuza malik olmuşdur. O,

həmçinin dünya pasifist (barışsevər) hərəkatının liderlərindən biri hesab olunur.

Tez-tez səhvən iddia edilir ki, Brentano Lüdviq Josef çağırılırdı və “Lujo” sadəcə ləqəbdir. Əslində isə, iqtisadçının adı, yəni Lujo, Lüdviq və Jozef adlarının ilk hecalarından götürülmüşdür.

Almaniyanın ilk federal prezidenti və iqtisadçı Teodor Xoys Brentanonun tələbəsi olmuşdur.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva