QUSTAV FON ŞMOLLER
- Oxunub 602 dəfə
(1838, Haylbronn, Almaniya – 1917, Bad-Qartsburq, Almaniya)
Əsərləri:“Fransız ticarət müqaviləsi və onun opponentləri” (1862), “19-cu əsrdə alman kiçik biznesinin tarixi” (1870), “Hüquq və xalq təsərrüfatının bəzi əsas məsələləri haqqında” (1875), “Xalq təsərrüfatı haqqında ümumi təlimin əsasları” (1900-1904), “Sosial siyasətlə bağlı bir neçə məsələ haqqında” (1904.
Siyasi iqtisadda Almaniyanın yeni tarix məktəbinin rəhbəri Qustav fon Şmoller olmuşdur. Şmoller tarix məktəbinin ideyalarına əsaslanaraq iqtisadi təzahürlərə təsviri, empirik yanaşmaya və faktiki materialın toplanmasına üstünlük verərək elmi abstraksiyaların rolunu inkar edirdi.
Şmollerin rəyincə, iqtisadçılar kifayət qədər faktiki material toplaya bilmədikləri üçün yalnız bir neçə yarım həqiqət və mübahisəli ümumiləşdirmə irəli sürə bilmişlər. O, həmçinin israr edirdi ki, müasir iqtisad elmi iqtisadi təzahürlərin “empiriya”, “incə təcrübə öyrənmə” mərhələsindədir. Yalnız çox illər keçdikdən sonra, material yığdıqca təcrübi məlumatların izahının ali səmərəli dövrü gələ bilər.
Şmoller hesab edirdi ki, iqtisadi nəzəriyyənin yaranmasından əvvəl konkret-tarixi tədqiqat aparılmalıdır. Belə ki, yalnız dərindən, genetik yanaşma sosial təzahürlərin səbəb bağlılıqlarını müəyyən etməyə imkan verir. Onun fikrincə, iqtisad elmində tədqiqat obyekti təsərrüfat subyektlərinin niyyətləri, texnikanın inkişaf səviyyəsi, yanaşı fəaliyyət göstərən sosial institutların xarakteri, təbiət və başqa şərtlərdir, iqtisadi subyektlərin hərəkəti müxtəlif amillərin qarşılıqlı təsirinin nəticəsidir.
Şmollerə görə, siyasi iqtisada psixologiya, sosiologiya, coğrafiya və s. daxildir, onun normativ xarakteri vardır. O israr edirdi ki, təsərrüfat həyatı yalnız təbiət və texniki tövsiyələrlə deyil, həmçinin mənəvi amillərlə müəyyən edilir: sərt qayda-qanunsuz nə bazar, nə pul mübadiləsi, nə əmək bölgüsü, nə də dövlət vardır.
Şmoller milli iqtisadiyyatı dəstəkləmək və sinfi ziddiyyətləri yumşaltmaq məqsədilə dövlətin təsərrüfat həyatına fəal müdaxiləsi uğrunda çıxış edirdi. O, təsərrüfat həyatında həlledici rolu dövlətə verir və hesab edirdi ki, yalnız güclü milli dövlət iqtisadiyyatın inkişafını təmin edə bilər. İqtisadi həyatın dövlət-hüquqi tənzimlənməsini bir bütöv kimi xalq təsərrüfatının özünün mövcudluğunun zəruri şərti hesab edirdi.
İqtisadi hadisə və kateqoriyaları idealistcəsinə şərh edən Şmoller istehsalın üstünlüyü fikrini inkar edir, cəmiyyətin tarixi inkişafına psixoloji və etik baxımdan yanaşırdı. O, iqtisad elmini mənəvi-əxlaqi elm adlandırmışdır.
Şmoller milli iqtisadda etik prinsipdən irəli gələrək, sosial və sinfi fərqlərin mövcudluğuna bəraət verirdi. O israr edirdi ki, əmlak bərabərsizliyi də çox zəruridir. Sosial siniflərin mövcudluğu və onlar arasındakı mübarizəni ictimai tərəqqinin zəruri şərti hesab edən iqtisadçı bu sinifərin yaranmasını irqi xüsusiyyətlər, əmək bölgüsü və gəlirlərin qeyri-bərabər paylanması ilə bağlayırdı. Lakin siniflərin mübarizəsinin məqsədini cəmiyyətin inqilabi dəyişikliklərində deyil, mübarizə aparan tərəflər arasında kompromisə nail olunmasında görürdü.
Şmoller fəhlə sinfinin vəziyyətinin tədricən təkmilləşdirilməsinə və sosial ədalətsizliyin yumşaldılmasına yönəldilmiş bir sıra tədbirləri (müvafiq fabrik qanunvericiliyi, fəhlələrin sığortalanması və s.) müəyyənləşdirmişdir.
İqtisadçı fəhlə sinfinin maddi və mədəni səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş paternalist siyasəti inqilabın qarşısının alınmasının və
fəhlələrin monarxiya dövlətinə inteqrasiya olunmasının yeganə yolu hesab edirdi. O, hətta monarxiya və fəhlə sinfi arasında ittifaqı da qəbul edirdi.
Siyasi iqtisadın nəzəri problemlərindən imtina edilməsi nəinki Şmollerə, bütün yeni tarix məktəbinə xas idi.
P.S. Almaniyanın dövlət və ictimai xadimi, tarixçi Qustav fon Şmollerin atası dövlət qulluqçusu kimi çalışmışdır. Uşaqlıq illərində iki qardaşı və anasını itirən Qustav zəif sağlamlığı ilə seçilir və bu səbəbdən tez-tez müalicəyə göndərilirdi. Səhhətinə görə, bir tədris ilini praktik olaraq öz otağında və atasının kabinetində keçirməli olmuşdur. Təhsil almaq onun üçün çətin olsa da, məktəbi bitirərkən məzunlar arasında akademik göstəricilərinə görə üçüncü yeri tutmuşdur. Buna görə, ömrünün sonuna qədər ona xüsusi diqqət yetirmiş iki fədakar müəlliminə minnətdar olmuşdur.
Şmollerin tərcümeyi-halı elm və ictimai fəaliyyəti sahəsindəki çoxsaylı uğurları ilə zəngindir. Şmoller Qall, Strasburq və Berlin Universitetlərinin professoru olmuşdur. O, iqtisadçıların sağ, açıq mühafizəkar qanadına rəhbərlik etmişdir.
Alim həyatı boyunca iqtisadi tarix və siyasi iqtisad haqqında bir çox əsərlər yazmış və nəşr etdirmişdir. Doğma ölkəsində böyük nüfuzu və populyarlığına baxmayaraq, Şmollerin bu gün geniş tanınmamasının əsas səbəblərindən biri onun kitab və məqalələrinin çoxunun ingilis dilinə tərcümə edilməməsidir. O, həmçinin Avstriya marjinalizm məktəbinin nümayəndəsi Karl Menger ilə aralarında təxminən iki il davam edən və nəticəsiz qalan ictimai müzakirə - metod barədə mübahisəsinə görə də tarixdə iz buraxmışdır.
Şmoller əsas gücünü Marksizmə qarşı yönəltmişdir. Verner Zombart onun tələbəsi olmuşdur.
Sosial islahatçı olanŞmoller Adolf Vaqner ilə birlikdə “dövlət sosializmi” nəzəriyyəsini yaratmışdır. O, həmçinin dünyadakı almandilli iqtisadçıları birləşdirən “Sosial siyasət ittifaqı” adlı beynəlxalq iqtisadi cəmiyyətin qurucusu və ilk sədri olmuş, ömrünün sonuna qədər, 44 il müddətində cəmiyyətərəhbərlik etmişdir. Şmoller alman imperiyasının xarici müstəmləkələrinin genişlənməsinin sadiq və səmimi tərəfdarı olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva