Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ADOLF VAQNER

  • Oxunub 964 dəfə

 (1835, Erlangen, Almaniya – 1917, Berlin, Almaniya)

 

 Əsərləri: “Torpaqlara mülkiyyət hüquqlarının ləğvi” (1870), “Rus kağız pulu” (1871),“Siyasi iqtisad dərsliyi” (1879), “Maliyyə iqtisadiyyatı” (1883), “Siyasi iqtisadın əsasları” (1892), “Akademik iqtisadiyyat və sosializm” (1895), “İctimai təhsil” (1916)

Məşhur alman iqtisadçısı Adolf Vaqner iqtisadiyyatda tarixi məktəbin üzvlərindən biri olmuşdur. O, tarixə “Vaqner qanunu” adı ilə daxil olmuş qanunun müəllifidir. Belə ki, iqtisadçı 1892-ci ildə dövlət xərclərinin daimi artımı ilə əlaqədar qanun hazırlamışdır. O, əvvəlcə öz ölkəsi və sonra digər ölkələr üçün bunu müşahidə etmişdir. Vaqner dövlət xərclərinin artması səbəbini sivilizasiyanın təbii inkişafı ilə izah edirdi. Vaqner qanununa əsasən belə hesab olunur ki, rifah dövləti, iqtisadiyyatın geniş spektrlərində ümumi gəlir səviyyəsi artdıqca əhalinin artan sosial xidmətlər üçün səs verməsi səbəbi ilə azad bazar kapitalizmində inkişaf edir. Sənaye iqtisadiyyatı inkişaf etdikcə milli iqtisadiyyatda (ümumi milli məhsulda) dövlət sektorunun payı daim artır. Dövlət sektorunun artım tendensiyası isə belədir: dövlət xərcləri milli istehsalın artımına nisbətən daha sürətli böyüyür.

Vaqner dövlət xərclərininin daimi artırılmasının üç əsas səbəbini qeyd edirdi:

1. Sosial-siyasi. Tarix boyunca dövlətin sosial funksiyalarının əhəmiyyətli dərəcədə genişlənməsi baş vermişdir. Məsələn, dövlətdən qanun və qaydanı qorumaq, pensiya sığortasını təmin etmək və təbii fəlakətlərdə insanlara kömək etmək üçün daha çox səy tələb olunur;

2. İqtisadi. Bura elmi və texniki tərəqqi və bunun da nəticəsi olaraq elmə dövlət xərclərinin artırılması, müxtəlif investisiya layihələri və s. daxildir. Elm, mədəniyyət və xeyriyyəçilik sahəsində xidmətlərə tələbat gəlirlərdən daha sürətli böyüyür;

3. Tarixi. Dövlət gözlənilməz xərcləri maliyyələşdirmək üçün dövlət istiqrazlarını buraxır. İldən-ilə dövlət borcu (başqa sözlə onun saxlanılması xərcləri) və ondan irəli gələn faizlərin həcmində artım olur.

Vaqner sosial təhlükəsizlik doktrinasının əsas müddəalarını hazırlamışdır. Məhz onların əsasında 1882-1890-cı illərdə Almaniyada icbari sosial sığorta təşkilatlarının formalaşdırılmasına dair qanunlar qəbul edilmişdir.

Vaqner işçilərin həyat və sağlamlığına zərər vurulduğu hallar üçün işəgötürənlərin əmlak məsuliyyətinin qanunvericiliklə müəyyənləşdirilməsinin zəruriliyini əsaslandırmışdır.

P.S. Alman iqtisadçısı və siyasətçi Adolf Vaqnerin atası universitet professoru, fizioloq və həkim olmuşdur. Vaqner iqtisadiyyat üzrə doktorluq işini müdafiə etdikdən sonra bir neçə universitetdə müəllim kimi fəaliyyət göstərmişdir. O, 23 yaşında professor adını almışdır.

Vaqner “dəmir siyasətçi” Otto fon Bismark dövrünün ən görkəmli iqtisadçılarından biri sayılır. O, Bismarkın Prussiyanın rəhbərliyi altında Almaniyanın birləşməsi məqsədini daşıyan siyasətinin davamçısı olmuşdur.

Birinci Dünya müharibəsinə qədər Vaqnerin kredit-pul siyasəti üzrə təklif və layihələri Almaniyada mərkəzi bank sistemi və maliyyə təcrübəsi üçün əsas standartlar hesab olunurdu.

Vaqner həmçinin Qustav fon Şmoller ilə birgə iqtisad elmi və sosial siyasətin postulatlarını özündə birləşdirən dövlət sosializmi məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi tanınır.

Məşhur iqtisadçı Karl İohan Rodbertus-Yagetsov onun elmi rəhbəri, Verner Zombart və Lujo Brentano isə tələbələri olmuşdur.

Adolf ilə Şmoller arasındakı münasibətlərdə çətinlik yaşanırdı. Vaqner həmçinin Lujo Brentanonun düşməni idi. Halbuki, hər iki şəxs onun ən yaxın dostları olmuşdur.

Vaqner nadir hallarda kompromisə gedən, tünd xasiyyəlit, çətin və sərt bir adam idi. Müasirlərinin dediyinə görə o, xolerik temperamentə malik şəxs olmuşdur.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva