KARL VİLHELM BÜHER
- Oxunub 689 dəfə
(1847, Qessen, Almaniya – 1930, Leypsiq, Almaniya)
Əsərləri: “Xalq təsərrüfatının meydana gəlməsi” (1893),“Sənayenin təkamülü” (1893), “İş və ritm” (1896)
Karl Büher Almaniyanın yeni tarix məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur. Büherin təklif etdiyi bəşəriyyətin iqtisadi tarixinin dövrləşdirilməsi böyük maraq doğurur. O, təsərrüfatın inkişaf tarixini dövrləşdirdikdə istehsal sferasında baş verən dəyişikliklərə deyil, mübadilə sferasında baş verən dəyişikliklərə əsaslanmışdır. Büher mübadilə üsulunu iqtisadi inkişafın əsası hesab edirdi. O, dövrləşmənin əsasına mübadilədəki fərqləri, daha doğrusu, istehsalçılarla istehlakçılar arasında məsafənin uzunluğunu qoymuşdur. Bu əsasdan Büher irəli sürdüyü təsərrüfatın inkişaf sxemini üç mərhələyə bölmüşdür: “qapalı və ya ev təsərrüfatı pilləsi”, “şəhər təsərrüfatı pilləsi” və “xalq təsərrüfatı pilləsi”.
Ev və yaxud qapalı natural təsərrüfat adlanan birinci mərhələ mübadiləsiz təsərrüfatdır, burada məhsullar mübadilə üçün yox, öz tələbatlarını ödəmək üçün yaradılır. Məhsullar istehsal olunduqları yerdə də istehlak olunur. İstehsalçı ilə istehlakçı arasında məsafə sıfıra bərabərdir. Büher təsərrüfatın ilk pilləsini əvvəlcə matriarxat, sonra isə patriarxatın olduğu qəbilə sistemi ilə xarakterizə olunan xalqlara aid edirdi. Başqa sözlə, onun ev təsərrüfatı mərhələsi antik dövr və erkən orta əsrləri əhatə edir.
İkinci mərhələ şəhər təsərrüfatı adlanır. İstehsal xarici istehlakçılar üçün, bilavasitə mübadilə üçün həyata keçirilir. Bu mərhələdə istehsalçılarla istehlakçılar arasında daxili bazar çərçivəsində müəyyən məsafə olur. Təsərrüfatın ikinci mərhələsi son orta əsrlərdə şəhər istehsalının inkişafını əhatə edir.
Büher üçüncü mərhələni xalq təsərrüfatı adlandırır. Bu vaxt istehsalçılar onlar üçün məlum olmayan bazara işləyirlər, əmtəələr istehlakçılara çatana qədər bir sıra təsərrüfatdan keçir. İstehsalçılarla istehlakçılar arasında məsafə olduqca böyük olur. Təsərrüfatın üçüncü mərhələsi qalan bütün vaxtı əhatə edir və hazırda da davam edir. İnkişaf boyunca istehsal və istehlak arasındakı məsafə getdikcə artır.
Xalq təsərrüfatında pul kapitalının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Borc kapitalının artan rolunu göstərən iqtisadçıya görə, sahibkarlar, torpaq mülkiyyətçiləri, ticarətçilər və fəhlələr bərabər dərəcədə borc kapitalının hakimiyyəti altına düşür.
Büher sənayenin inkişafının forma və mərhələlərinin təsnifatını vermişdir. O, sənayenin beş əsas formasını fərqləndirib: 1. ev (qapalı) istehsalı (daxili ehtiyaclar üçün istehsal); 2. sifarişli iş; 3. sənətkarlıq; 4. ev və ya sənətkarlıq sənayesi; 5. iri fabrik istehsalı.
İqtisadçı “kütləvi istehsal qanunu”nun müəllifidir. Büherin bu qanununa görə, məhsul buraxılışının artması ilə məhsul vahidinə düşən xərclər azalır. Başqa sözlə, sənaye miqyaslı istehsalın artması təklifi genişləndirir və bu, məhsul vahidinə düşən qiymətlərin enməsinə səbəb olur. Məhsul vahidinə düşən xərclər daha qabaqcıl texnologiyaların tətbiqi ilə azaldıla bilər.
Kapitalizmdən öncəki cəmiyyətlərin iqtisadiyyatını araşdıran Büher onun təbii və iqtisadi əsasını vurğulamışdır. Onun orta əsr şəhərlərinin tarixi ilə bağlı işləri özündə şəhər əhalisinin sayı, sənətkarlığın təşkili və s. haqqında qiymətli materialları ehtiva edir.
P.S. İqtisadi tarixçi və statistikKarl Büher kiçik bir kənddə, fermer ailəsində dünyaya gəlmişdir. O, tarix və filologiya üzrə təhsil almışdır. Təhsil aldıqdan sonra ev müəllimi və gimnaziyada müəllim, həmçinin jurnalist işləmişdir. Sonralar Derpt, Bazel, Karlsruer və Leypsiq Universitetlərinin professoru olmuşdur.
Büher qeyri-bazar iqtisadiyyatının yaradıcılarından biri və akademik fənn olaraq jurnalistikanın banisi kimi tanınır. Karl liberal, anti-Bismark baxışları ilə məşhur idi. Büherin kapitalist sənayesi formalarının təsnifatı Vladimir İliç Lenin tərəfindən tənqid edilmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva