Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

MAKS VEBER

  • Oxunub 1705 dəfə

(1864, Erfurt, Prussiya – 1920, Münhen, Almaniya)

  Əsərləri: “Şərqi Almaniyada kənd təsərrüfatı əməyinin vəziyyəti” (1892), “Birja” (1894-1896), “Milli dövlət və iqtisadi siyasət” (1895), “Protestant etikası və kapitalizm ruhu” (1904), “Elm peşə kimi” (1918), “Siyasət bir peşə kimi” (1919), “İqtisadiyyat və cəmiyyət” (1922), “Ümumi iqtisadi tarix” (1923), “Hökumətin sosiologiyası” (1926) 

Maks Veber məşhur alman iqtisadçılarından biri olmuşdur. Veber fəaliyyətində rasionallığın təcəssümünü görürdü. Rasionallıq dedikdə, o, funksional səmərəliliyi, yatırılmış vəsait və çəkilən zəhmətdən maksimum fayda əldə etməyi nəzərdə tuturdu. 

Veber cəmiyyətin tarixinin başa düşülməsində dinə böyük əhəmiyyət vermişdir. O hesab edirdi ki, iqtisadiyyat ictimai həyatın əsasını təşkil etmir, əksinə, iqtisadi fəaliyyətin formaları mədəni, ilk növbədə dini-etik amillərdən asılıdır. Veberə görə, sahibkarlığın əsasında rasional protestant əxlaqı dayanır. O sübut edirdi ki, dünyagörüşü, mənəviyyat sahibkarın fəaliyyətinə çox mühüm təsir göstərir və belə nəticəyə gəlmişdi ki, protestantlar kapital sahibləri sahibkarlar və yüksək ixtisaslı işçilər arasında üstünlük təşkil edir.

Veber tarixi dövrlərin təsnifatı kriteriyalarını vermiş və tarixi şərti olaraq ənənəvi, feodal, kapitalist adlı üç böyük dövrə bölmüşdür. Bu dövrlər üçün ümumi olan cəhət adamların birinin digəri üzərində ağalığıdır, yəni hökmranlıq növüdür (ənənəvi, xarizmatik və rasional tip). Ənənəvi yaxud antik cəmiyyətdə ağalıq, yəni hakimiyyətin hökmdarlar və onlara tabe olanlar tərəfindən müqəddəs və ənənəvi olaraq ən qədim zamanlardan irsən keçmiş olmasına əsaslanırdı. Bu cəmiyyətdə ağa ilə tabe olan arasındakı münasibətlər iqtisadi, yaxud da inzibati prinsiplərlə müəyyən olunmur, ənənəvi borc hissi ilə, tabe olanın öz ağasına sədaqəti ilə müəyyən edilir. Xarizmatik idarəçilik öz mahiyyətinə görə irrasionaldır, çünki heç bir qayda ilə nizamlanmır. Bu tip ağalığın da ən zəif cəhəti qanun yox, şəxsi ləyaqətin daha vacib olmasıdır. Qanun olmadığı üçün lider, nəticəsindən asılı olmayaraq, istənilən hərəkəti edə və siyasəti yürüdə bilər. 

Rasional (məntiqlə, qanunla) və ya büroktarik idarəçilik tipində isə bütün hakimiyyət qanunun aliliyi əsasında qurulur. Veberə görə, bu sistem bütün dünyada kapitalizmin dirçəlişindən sonra yayılmışdır. Liderdən tutmuş hakimiyyətin ən aşağı təbəqəsinə kimi bütün vəzifələrə seçkilər və təyinatlar şəxslərin bacarıqları, təhsili və qabiliyyəti əsasında aparılır. İnsanlar arasında əmək bölgüsü yaradılır, həmçinin ixtisaslaşma səviyyəsi yüksəlir. Bu idarəetmə sistemi qanunun aliliyinə görə ən davamlı, möhkəm və effektiv idarəetmə üsulu olmaqla, əsasən böyük ölçüsü olan cəmiyyətlər üçün səmərəlidir. Qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir. Cəmiyyətin üzvləri hüquqlarının dövlət hakimiyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər. 

Veberə görə, kapitalizmin təsərrüfat və idarəçilik sistemi kimi üstünlüyü və mükəmməlliyi kapitalist müəssisəsinin qazancının əməyin və istehsalın səmərəli təşkili ilə əlaqədardır. Veber inkişafı bir və bir neçə qanunauyğunluqla determinə edilə bilən vahid kapitalizmin mövcudluğunu inkar edirdi. O, əsasında dini etiqadlar və əməyin təşkili formalarının durduğu köklü surətdə bir-birindən fərqlənən bir neçə kapitalizm tipi göstərmişdir. 

P.S. Alman sosioloqu, tarixçi, filosof, siyasi iqtisadçı, hüquqşünas Maks Veber ailədə yeddi uşaqdan ən böyüyü olmuşdur. Əsl adı Maksimilyan Karl Emil Veber idi. Atası varlı və tanınmış dövlət məmuru idi və bu səbəbdən görkəmli siyasi xadimlər, alimlər, yerli hakimiyyət nümayəndələri tez-tez onların evinə toplaşırdı. Uşaqkən siyasi mübahisələr və müxtəlif mövzularda intellektual müzakirələr şəraitində böyümüş və bu da onun dünyabaxışının formalaşmasına təsir etmişdir. Yeniyetmə olarkən Maks valideynlərinə qeyri-adi Milad hədiyyəsi - özünün yazdığı iki tarixi oçerki hədiyyə etmişdir. 

Hüquq üzrə təhsil alan və bir müddət vəkil kimi işləyən Veber həmçinin iqtisadiyyat, fəlsəfə, qanun və tarixi də oxumuşdur.

Maks sosiologiya və sosial elmlərin inkişafında müstəsna xidmətlər göstərmişdir. Buna görə də Karl Marks və Emil Durkheym ilə birgə sosial elmlərin təməlini qoyan şəxslərdən biri sayılır. O, “sosial fəaliyyət” terminini elmi dövriyyəyə daxil etmişdir.

İqtisadçı kimi Veber alman tarixi məktəbinə aid edilirdi. Verner Zombart onun tələbəsi olmuşdur. Uzun müddət ərzində Veberin konsepsiyası marksizmə ən ciddi alternativ kimi qiymətləndirilib.

Maks uzaq qohumu Marianna Şnitqer ilə evli olmuşdur. Alimin həyat yoldaşı sosiologiyanı ciddi öyrənmiş və qadınların hüquqlarını müdafiə etmişdir. Onların bu evlilikdən övladı olmamışdır.

Aralarında baş verən ciddi mübahisə nəticəsində atası Maks ilə barışmadan ölmüş, bu kədər iqtisadçının psixikasına ciddi təsir etmişdir. Bu səbəbdən alim depressiyaya düşmüş, yuxusuzluqdan və daimi sinir gərginliyindən əziyyət çəkmiş və hətta bir müddət tədrisi dayandırmışdır. Veber öz qorxu və pozğunluqlarını, zehni vəziyyətində baş verən sapmaları haqda ətraflı qeydlər etmiş, lakin həyat yoldaşı ərinin qalan işlərinin qadağan ediləcəyindən qorxduğu üçün bu yazıları məhv etmişdir. 

Birinci Dünya Müharibəsinin əvvəlində Veber könüllü olaraq cəbhəyə getmiş, hərbi xəstəxanaların təşkili işi ilə məşğul olmuşdur. O, müharibədən sonra yaranan liberal alman demokratik partiyasının qurucularından biri olmuşdur. Veber İspan qripinə yoluxmuş və ağciyər iltihabından dünyasını dəyişmişdir. 

Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva