VALTER OYKEN
- Oxunub 657 dəfə
(1891, Yena, Almaniya – 1950, London, Böyük Britaniya)
Əsərləri: “Alman pul problemi ilə əlaqədar tənqidi mülahizələr” (1923), “Təsərrüfatın ideal tipləri”,“Milli iqtisadiyyatın əsasları” (1940), “İqtisadi siyasətin əsas prinsipləri” (1952), “Kapital nəzəriyyəsinin tədqiqi” (1954)
Neoliberalist missiyanın mühüm qollarından biri olaraq fərqlənən Alman məktəbinin ən görkəmli nümayəndələri sırasında bu məktəbin banisi Valter Oyken mühüm yer tutur. Oyken “təsərrüfat tipləri”, “sosial bazar təsərrüfatı”, “iqtisadi qayda” nəzəriyyələri ilə məşhurdur.
O, ictimai-iqtisadi formasiya anlayışını inkar edir, təsərrüfat mərhələləri anlayışının doğru olmadığını qeyd edirdi. “Təsərrüfat mərhələsi” anlayışına qarşı “təsərrüfat qaydası” anlayışını irəli sürür və bunu keçmişdə və hazırkı dövrdə gündəlik təsərrüfat proseslərinin idarə edilməsinin konkret baş verdiyi formaların məcmusu kimi müəyyən edirdi. Onun fikrincə, müxtəlif dövrlərdə ayrı-ayrı dövlətlərin təsərrüfat qaydaları müxtəlifdir. Konkret təsərrüfatçılıq elementləri olan əmək bölgüsü, pul, qiymət, mənfəət, faiz, əmək haqqı, kredit və s. təsərrüfatın təşkili formasından asılı olaraq müxtəlif üsulla birləşir.
Oyken “ideal tiplər” metodologiyasının bazası üzərində təsərrüfat fəaliyyətinin təşkilinin müxtəlif üsulları hesab etdiyi təsərrüfatın iki: “azad bazar” və “mərkəzi idarəçilik” tiplərini irəli sürürdü. Birinci tip azad qiymətlər mexanizmi ilə təqdim olunan bazar vasitəsi ilə idarə edilən daha mükəmməl iqtisadiyyatdır. İkinci tip isə bazar mexanizmini təcrid edən, mərkəz vasitəsilə tənzimlənən və mübadilənin olmadığı mütləq iqtisadi komandalı formadır. İqtisadçı mərkəzdən idarə olunan təsərrüfatların xüsusi və kollektiv mülkiyyət formalarında fəaliyyət göstərdiyini qeyd edirdi. Bazar təsərrüfatına isə sərbəst, azad bazarı daxil edir və göstərirdi ki, çoxsaylı fərdi təsərrüfatlar öz iqtisadi fəaliyyətlərini bazar əsasında uzlaşdırır. Oykenə görə, heç bir təsərrüfat tipi “xalis formada” mövcud olmur. Onlar yalnız real iqtisadiyyatın təyinedici keyfiyyəti prinsipində çıxış edirlər.
Oyken ideal təsərrüfat tipinin xüsusi forması kimi irəli sürdüyü sosial bazar təsərrüfatını bu iki təsərrüfat tipi arasında orta təsərrüfat tipi hesab edirdi. Onun xarakterik cəhəti xüsusi mülkiyyətə əsaslanan azad bazar təsərrüfatıdır. Burada iqtisadi fəaliyyət sferasına daxil olan sahibkarlar iqtisadi azadlığa malik olduqları üçün iqtisadi fəaliyyət növlərini özləri seçir və bu fəaliyyət sahəsinə tam cavabdehlik daşıyırlar. Bu da istehlakçıların azad seçiminə, alqı-satqı azadlığının təmin olunmasına səbəb olur. O, sosial bazar təsərrüfatının əsas elementi kimi azad rəqabəti müdafiə edir, onun əmək məhsuldarlığını artırması, texniki tərəqqini inkişaf etdirərək iqtisadi artıma səbəb olması fikrini irəli sürürdü. Azad rəqabətin təminatçısı isə dövlət olmalıdır. Lakin dövlət ancaq müəyyən həddə, yəni inhisarların hökmranlığı nəticəsində iqtisadiyyatda baş verən hərcmərclik zamanı və rəqabətin tənzimlənməsi zəruri olduqda iqtisadiyyatı müdafiə etməlidir.
Oyken bazar sisteminin normal fəaliyyət göstərməsini qiymət mexanizmindən və stabil pul tədavülündən asılı hesab edirdi. Qiymətqoymanın azad surətdə, bazarın tələb təklifinə uyğun olaraq həyata keçirilməsini vacib sayırdı. Oykenə görə, stabil pul tədavülü qiymət azadlığı, inhisarsız əmtəə təsərrüfatıdır. Həmçinin xarici ticarətdə açıq bazar prinsipinin qorunmasını bazar təsərrüfatının səmərəliliyi üçün şərt sayırdı. Onun sosial bazar təsərrüfatı nəzəriyyəsi sosial ədaləti təmin etmək üçün inhisar və rəqabətin tənzimlənməsidir. Dövlətin iqtisadi siyasətinə isə azad bazarı və azad rəqabəti birbaşa və dolayı yolla tənzimləmək üçün hüquqi normaların yaradılmasını aid edirdi.
Valterin konsepsiyası azad və mütəşəkkil bazara hesablanmış yeni dünyagörüşün formalaşmasının güclü vasitəsinə çevrilmişdi.
P.S. Valter Oykenin atası ədəbiyyat üzrə Nobel laureatı, anası isə rəssam olmuşdur. O, intellektual mühitdə böyümüşdür. Alman imperiyasının ən nüfuzlu filosoflarından biri olan atası oğulları ilə birlikdə Aristoteli orijinalda oxuyurdu.
Oyken tələbəlik illərində iqtisadiyyat, fəlsəfə, tarixi öyrənmişdir. Birinci Dünya Müharibəsi dövründə Qərb və Şərq cəbhələrində zabit kimi xidmət etmişdir.
Alman neoliberalizminin banisi vəQərbi Almaniyada nəşr olunan illik “Ordo” (almanca bazar təsərrüfatı ilə təbii quruluş sözlərinin vəhdətindən yaranıb) jurnalının yaradıcısı olmuş və bu jurnalda neoliberalizmin ideyalarını bütün ölkələrdə yaymışdır. Onun ideyaları Qərbi Almaniyada “sosial bazar iqtisadiyyatı”nın qurulmasında təməl rolunu oynamışdır.
Valter yazıçı və filosof Edit Erdzik ilə ailə qurmuşdur. Onların bu evlilikdən iki qızı və bir oğlu dünyaya gəlmişdir. İqtisadçı həyat yoldaşının yəhudi olması səbəbindən aktiv siyasətdən uzaq qalmalı olmuşdur. Lakin onun ailəsi təzyiqlərə məruz qalmamışdır.
İqtisadiyyat üzrə professorolan Oyken Böyük Britaniyada London İqtisadiyyat Məktəbində mühazirə deyərkən ürəktutmasından vəfat etmişdir. Hazırda Frayburqda Valter Oyken adına elmi-tədqiqat institutu fəaliyyət göstərir.
Lüdviq Erxardın müəllimi olan Oykenin görkəmli iqtisadçılar Yozef Şumpeter və Fridrix Avqust fon Xayeklə yaxın mənəvi əlaqələri olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva