Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

LÜDVİQ VİLHELM ERXARD

  • Oxunub 886 dəfə

(1897, Bavariya, Almaniya - 1977, Bonn, Almaniya)

 Əsərləri: “Hamı üçün rifah” (1956), “Rəqabət yolu ilə firavanlıq” (1958), “Uğur iqtisadiyyatı” (1963)

Almaniyada neoliberal istiqamətdə Frayburq məktəbinin xüsusi maraq doğuran nümayəndələrindən biri Lüdviq Erxard olmuşdur. O, sosial bazar təsərrüfatı konsepsiyasına əsaslanaraq iqtisadi islahatların praktiki olaraq həyata keçirilməsinin müəllifi olmuşdur.

Erxard sosial bazar təsərrüfatının əsasında duran şəxsin azadlığı və məsuliyyətini, bu bazarın başlıca elementi kimi hər şeydən əvvəl azad rəqabəti müdafiə etmişdir. Bazar sistemində rəqabət şəxslərin təşəbbüs göstərməsinə, yaradıcı enerjisinin ortaya çıxmasına kömək edir, eləcə də iqtisadi tərəqqi və yüksək məhsuldarlığa imkan yaradır. Lakin o, azad bazar təsərrüfatının öz-özünə fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü dərk etmiş və iqtisadiyyatda dövlətin rolunu vacib saymışdır. Erxarda görə, sosial bazar təsərrüfatının saxlanması üçün dövlət azad bazar qaydalarına əməl etməli, yəni inhsarçılığa yol vermədən qiymət üzərində nəzarəti, xüsusi mülkiyyətin qorunmasını təmin etməlidir. Deməli, sosial bazar təsərrüfatı bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən sosial ədaləti və sosial müdafiəni təmin edən prinsiplərin vəhdətidir.

II Dünya müharibəsindən sonra Qərbi Almaniyada kəskin böhranın aradan qaldırılması məqsədilə Erxardın rəhbərliyi ilə hərtərfli islahat planı (Hamburq) hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Bu dövrdə pul və qiymət, ardınca bank və valyuta islahatının həyata keçirilməsi sayəsində alman markasının kursu qalxmış, nəticədə pul kütləsinin həcmi dəfələrlə ixtisar olunmuş, qiymətlərin yüksəlməsi dayanmış və inflyasiyanın yeni təzahürünün qarşısı alınmışdır. İqtisadiyyatda struktur dəyişikliyinin aparılması üçün dövlətin bəzi sənaye sahələrinə, xüsusilə də kömür, metallurgiya, elektrik enerjisi sahələrinə kömək məqsədilə sahibkarlara vergi güzəştləri tətbiq edilmişdir. Qeyd etmək lazımdır ki, islahatların müvəffəqiyyəti düzgün iqtisadi siyasətlə bərabər ölkədaxili amillərin: ölkədə olan maddi bazanın qorunub saxlanmasından, ucuz iş qüvvəsi hesab olunan qadın və uşaq əməyindən istifadə edilməsindən və sairədən asılı olmuşdur. Nəticədə bu islahatlardan geniş və bacarıqla istifadə olunması iqtisadiyyatın dirçəlməsinə səbəb olmuşdur. Erxardın sosial siyasət proqramı həmçinin sahibkarların müdafiə olunmasını, orta təbəqənin həyat səviyyəsinin yüksəldilməsi üçün şərait yaradılmasını və bununla da sosial ziddiyyətlərin yumşaldılmasını, dövlətlə işçilər arasında iqtisadi fəaliyyətin optimal nisbətinin tapılmasını nəzərdə tuturdu. Onun bu islahatlarından Cənubi Koreyada, Tayvanda, İspaniyada və başqa ökələrdə müvəffəqiyyətlə istifadə olunmuşdur.

1965-ci ildə Xristian Demokratlar İttifaqının Qurultayında Almaniyada formalaşmış cəmiyyətin qurulması elan edildi. Sosial bazar təsərrüfatı nəzəriyyəsinin məntiqi davamı olan “formalaşmış cəmiyyət” nəzəriyyəsi Erxardın fikrincə, daha yaxşı təbii iqtisadi qaydaların mövcud olduğu bir cəmiyyətdir ki, buna da sosial bazar təsərrüfatı vasitəsilə nail olmaq mümkündür. O, bu konsepsiyanı sosializm sisteminə qarşı qoyur və göstərirdi ki, onun əsas prinsipi sinfi mübarizə yox, bütün qrupların və mənafelərin əməkdaşlığıdır, əsas cəhəti isə cəmiyyətin və dövlətin vəhdəti, gələcək tərəqqi naminə birləşməsidir. Erxard formalaşmış cəmiyyəti ümumi rifah dövləti adlandırır və bu səviyyəyə çatmaq üçün müxtəlif mərhələlərdən (sinfi cəmiyyət mərhələsi, plyuralizm mərhələsi, cəmiyyət üzvlərinin məhsuldar ittifaqı mərhələsi) keçildiyini qeyd edirdi. O yazırdı ki, ümumi rifahın qoruyucusu dövlət, daşıyıcısı isə sahibkardır. Dövlət hər kəsin təhsil almaq, peşəyə yiyələnmək, pul qazanmaq imkanını təmin etməlidir. Onun “formalaşmış cəmiyyət” nəzəriyyəsində əsas müddəalardan biri də cəmiyyətin hər bir üzvünün mülkiyyət sahibi olması ideyasıdır. Bundan başqa, gəlirlərinin əksəriyyəti onun alıcılarının əlində qalmalı, vergi şəklində sosial ehtiyacları üçün geri alınmamalıdır. Ümumiyyətlə, sosial bazar təsərrüfatı nəzəriyyəsi və “formalaşmış cəmiyyət” konsepsiyası sosializmə qarşı yönəlmişdi.

P.S. Kiçik sahibkar ailəsində dünyaya gələn iqtisadçı və dövlət xadimi Lüdviq Erxard yeniyetməlik dövründə mağazada satıcı kimi işləmişdir. O, 3 yaşından iflicdən əziyyət çəkmiş, nəticədə sağ ayağının deformasiyasına görə ömrü boyu ortopedik ayaqqabı geyinməyə məcbur olmuşdur. Erxard I Dünya Müharibəsində sol çiynindən ağır yaralanmış və yeddi əməliyyat keçirmişdir. Sol qolunun sağ qolundan qısa olması və fiziki işlə məşğul ola bilməməsi səbəbindən sonradan iqtisadiyyat elminə gəlmişdir.

Erxard dünyada ilk yeni tipli liberal islahatçı idi. O, iqtisadiyyata dövlət müdaxiləsinin reallığa çevrildiyi şəraitdə işləməli olmuşdur. Lüdviq 14 il iqtisadiyyat naziri olmuş, 1963-1966-cı illərdə Almaniya Federal Respublikasının ikinci kansleri işləmiş və bu ölkənin “iqtisadi möcüzə”si üçün çox şey etmişdir. O, ölümünə qədər Bundestaqın ən yaşlı millət vəkili olmuşdur.

Parlaq natiq olan Erxard insanları özünə inandırmaq, onların etibarını qazanmaq kimi xüsusiyyətlərə malik idi. Lüdviq sonralar xatirələrində yazırdı ki, Frankfurtda universitetdə oxuyan zaman tamamilə tək idi. Öz səsini unutmamaq üçün parka getməli və uzun müddət öz-özünə yüksək səslə danışmalı olurmuş. Lakin o, bu çətinliyin öhdəsindən gəlmiş və yaşadığı dövrün ictimai həyatında ən inteqrasiya olunmuş şəxslərdən birinə çevrilmişdir.

Lüdviq uşaqlıqdan tanıdığı, bacısının rəfiqəsi, iqtisadçı Luiza Letter ilə ailə qurmuş, bu evlilikdən onların bir qızı olmuşdur.

1930-cu illərdən siqar Erxard obrazının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Yaxınlarının sözlərinə görə, o, bəzən bir gün ərzində 15-20 siqar çəkirdi. Bir çox şəkil, portret və hətta şərəfinə buraxılan markalarda əlində siqar ilə görüntülənib. Dövlət xadimi ürək çatışmazlığından vəfat etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva