VERNER ZOMBART
- Oxunub 637 dəfə
(1863, Ermsleben, Almaniya – 1941, Berlin, Almaniya)
Əsərləri:“Sosializm və XIX əsrin sosial hərəkatı” (1897),“Müasir kapitalizm” (1902), “Sosial siyasətin idealları” (1906), “Tacirlər və qəhrəmanlar” (1915), “XIX əsr və XX əsrin əvvəlində Almaniyada milli iqtisadiyyat” (1924), “Sinfi mübarizə ideyası” (1924), “Təsərrüfat həyatının quruluşu” (1926), “Proletar sosializmi” (1927), “Kapitalizmin gələcəyi” (1932), “Alman sosializmi” (1934)
Siyasi iqtisadda yeni istiqamətin – sosial istiqamətin yarandığı bir vaxtda Almaniyada ən yeni tarix məktəbinin tanınmış simalarından biri iqtisadçı Verner Zombart olmuşdur. O, “təsərrüfat” və ya “iqtisadi” sistem kateqoriyalarına tərif vermək və “qarışıq iqtisadiyyat”ın müxtəlif tiplərinin nəzəri modelini yaratmaq cəhdi edənlər arasında birinci olmuşdur.
Zombart kapitalizm tarixini erkən kapitalizm, inkişaf etmiş kapitalizm və gecikmiş kapitalizm kimi inkişaf mərhələlərinə ayıraraq bütövlüklə təhlil etmişdir. O, kapitalizmin iqtisadi inkişaf perspektivlərini nəzərdən keçirərək, “sosial plüralizm” nəzəriyyəsini irəli sürmüşdür. Təsərrüfat formalarının inkişaf tarixindən Zombart belə bir nəticəyə gəlirdi ki, cəmiyyət inkişaf etdikcə təsərrüfat formaları da artır, belə ki, köhnə formalar itmir, əksinə, yeniləri ilə yanaşı fəaliyyətlərini davam etdirirlər.
Zombart öz əsərlərində kapitalizmlə sosializmin yaxınlığını sübut etməyə cəhd edirdi. O deyirdi ki, sabitləşdirilmiş və tənzimlənmiş kapitalizmlə texniki cəhətdən təkmilləşmiş, səmərələşdirilmiş sosializm arasında fərq çox da böyük deyildir və deməli, təsərrüfatın kapitalistcəsinə və ya sosialistcəsinə təşkil olunacağı az və ya çox dərəcədə əhəmiyyətsizdir. Sonralar Zombartın “sosial plüralizm” konsepsiyası “qarışıq iqtisadiyyat” nəzəriyyəsinin əsasını təşkil etmişdir.
“Konyukturun sabitləşdirilməsi” haqqında təlim də həmçinin Zombarta məxsusdur. Zombart belə hesab edirdi ki, kapitalizm inkişaf etdikcə ziddiyyətlərin aradan qaldırılmasına, yumşaldılmasına və son nəticədə onların tamamilə itib getməsinə meyl üzə çıxır. Zombart konyunkturun sabitləşməsinə kömək edən bir sıra amilləri irəli sürür: kapitalistlər tərəfindən bazar strukturunun daha dərindən dərk edilməsi, konyuktur institutlarının yaradılması, səhmdar cəmiyyətlərin təşkili sahəsində dövlətin rolunu tənzimləyən Mərkəzi Bankın ağıllı uçot siyasəti və pul dövriyyəsinin şüurlu təşkili və başqaları. Onun fikrincə, dövlətin təsirinin güclənməsi iqtisadiyyatda tsiklik dəyişikliklərin hamarlanmasına, böhranların, işsizliyin aradan qaldırılmasına səbəb olur, kapitalizm tənzimlənən kapitalizm olur.
İqtisadiyyata dövlət müdaxiləsini zəruri hesab edən Zombart iqtisadiyyatın gələcək inkişafını və millətin rifahının təmin edilməsini iri istehsalın məhdudlaşdırılması, xırda biznesin və əkinçiliyin hər cür dəstəklənməsi ilə bağlayırdı. Bundan başqa, Zombart dövlət tənzimlənməsi sistemində sosial münasibətlərin fəhlə və sahibkarlar arasında əmək qanunvericiliyi, tarif müqavilələri, əmək şəraitinə nəzarət formasında tənzimlənməsinə xüsusi əhəmiyyət verirdi.
Zombart öz təlimində təsərrüfat dövrü və təsərrüfat sistemi kimi kateqoriyaları ayırır. Təsərrüfat dövrü dedikdə, real iqtisadi sistemi nəzərdə tuturdu. Dövrlərin ayrılması 3 qrup elementlə: ruh, forma və mahiyyətlə xarakterizə olunan təsərrüfat sistemləri əsasında həyata keçirilir. Zombart hesab edirdi ki, inkişaf, təsərrüfat sisteminin təkamülü çoxamilli prosesdir. İqtisadi inkişafın əsas amili, hərəkətverici qüvvəsi onun sosial-psixoloji səviyyəsi ilə müəyyən olunan təsərrüfat ruhudur.
Zombart kapitalist ruhu, yəni təsərrüfat fəaliyyətinin əsas motivini iki tərkib hissəyə - işgüzarlıq ruhuna və burjua ruhuna ayırır. İşgüzarlıq ruhu yeniyə, iqtisadiyyatda yeni kombinasiyaların yaradılmasına, riskə hazır olmaq, maksimum mənfəət almağa cəhddir. Burjua ruhuna əməksevərlik, sadəlik, qənaətcillik, təsərrüfat bacarıqları, müqaviləyə sadiqlik daxildir. Formaya sosial, hüquqi, siyasi münasibətlərin məcmusu daxildir, mahiyyət isə maddi-texniki istehsal bazası, texnika və texnologiyadır.
Zombart iqtisadi fikrin inkişafında böyük rol oynamışdır.
P.S. Alman iqtisadçısı, sosioloq və tarixçi, mədəniyyət filosofu Verner Zombart ailədə dörd uşaqdan kiçiyi olmuşdur. Liberal fikirli zəngin torpaq sahibi və sənayeçi olan atası övladları üçün bir milyon markadan artıq miras qoymuşdur. Müasirlərinin dediyinə görə, “insan qazandığı şeylə deyil, sərf etmədiyi şeylə zəngin olur” fikrini daima təkrarlayan atası ağlasığmaz dərəcədə xəsis bir insan olmuşdur. Vernerlə atası arasında münasibətlər mürəkkəb idi. Sərt valideyn tərbiyəsinin uşağın xarakterini gücləndirdiyini iddia edən atası həftələrlə oğluna bircə xoş söz belə söyləmirdi. Verner özündən 20 yaş böyük olan bacı və qardaşları ilə də demək olar ki, ünsiyyət qurmurdu.
O, iqtisadiyyatla yanaşı, hüquq, fəlsəfə və tarix üzrə təhil almış, Qustav fon Şmoller və Adolf Vaqnerin tələbəsi, eləcə dəalman imperializminin və faşist rejiminin ideoloqu olmuşdur. O, özünün Marksa yaxın olmasını və Marksın onu Şmollerdən ayırdığını bildirmişdir. Fridrix Engels Vernerin “Kapital” əsərini anlayan yeganə alman professoru olduğunu söyləmişdir. Lakin Zombart sonralar marksizmə qarşı çıxmışdır.
Zombart 20-ci əsrin ilk onilliklərində alim kimi çox məşhur idi,dünyada aparıcı sosial elm adamlarından hesab olunur, əsərləri çox nəşr və tərcümə olunurdu. 20-ci illərdə alman sosial cəmiyyətinin ilk prezidenti olmuşdur. Ömrünün son illərində o, elm səhnəsindən geri çəkilmişdir. Hakimiyyətə gəlmiş nasistlər Zombartın kitablarının yayılmasının qarşısını almış, tələbələrə isə onun mühazirələrində iştirak etmək qadağan edilmişdi. İqtisadçı ölümündən sonra unudulmuşdur. Lakin son illərdə sosioloqlar Zombartın işlərinə yenidən maraq göstərməyə başlamışlar.
Onun birinci evlilikdən dörd, ikinci evlilikdən isə iki uşağı olmuşdur.
Müharibəni qəhrəmanlıq təcəssümü hesab edən Zombarta görə, “Böyük Britaniyaya qarşı müharibə - kommersiya idealına qarşı müharibədir”.
Tomas Maltusu tənqid edən Zombart, eyni zamanda əhalinin artımını iqtisadi və sosial mübarizənin amili hesab edirdi. Onun “əhalinin sosioloji nəzəriyyəsi” faşist irqçiləri tərəfindən istifadə edilmişdir.
Zombart Yaponiyada həmişə çox məşhur olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva