MARİ ESPRİ LEON VALRAS
- Oxunub 885 dəfə
(1834, Evri, Fransa – 1910, Montre, İsveçrə)
Əsərləri: “Xalis siyasi iqtisadın elementləri” (1874), “İctimai sərvətin riyazi nəzəriyyəsi” (1883), “Pul nəzəriyyəsi” (1886), “Sosial iqtisadiyyatın etüdləri” (1896),“Tətbiqi siyasi iqtisadın etüdləri” (1898).
XIX əsrin 70-ci illərində iqtisad elmində meydana gələn subyektiv-psixoloji istiqamət olan marjinalizmin görkəmli nümayəndələrindən biri, Lozanna məktəbinin banisi fransız iqtisadçısı Leon Valras olmuşdur.
Valras müasir makroiqtisadi modelləşdirmənin banisi sayılır. Ümumi iqtisadi tarazlıq haqqında ilk konsepsiyanı Valras yaratmışdır. Bu nəzəriyyənin mərkəzi problemi cari qiymətlərin, həmçinin tələb və təklif qanunlarının müəyyən edilməsidir. İqtisadi sistemi tələb və təklifin bərabərliyi sistemi kimi təqdim etməklə Valras iqtisadi nəzəriyyənin riyaziləşdirilməsi sahəsində həlledici addım atmış və ona məntiqi ardıcıllıq verilməsinə yardım etmişdir ki, bu da elmi biliklər haqda müasir təsəvvürlərə cavab verir.
Valrasın yaratdığı iqtisadi tarazlıqla bağlı riyazi model abstrakt xarakter daşıyır. İqtisadi tarazlıq haqqında yaradılan abstrakt-riyazi model məhsul istehsalının bütün çeşidlərini özündə əks etdirir, tələb və təklifi tam mənası ilə nəzərə alır (məhsul çeşidləri üzrə). Digər tərəfdən, hər bir əmtəə üzrə tələb və təklifin bərabərliyi bütün əmtəələrin qiymət funksiyası əsasında müəyyən olunur. Nəticə etibarilə əmtəələrin miqdarı ilə onların qiyməti arasında olan qarşılıqlı təsir nəticəsində tələb və təklif bərabərləşir.
Valras tələb və təklifin bərabərliyinə iqtisadiyyatın vəziyyətini müəyyən edən amil kimi baxırdı. Valrasın iqtisadiyyatı - öz məqsədlərini optimallaşdıran fiziki şəxslərin fəaliyyət göstərdiyi mücərrəd bir sistemdir. Burada bütün zəruri məlumatlar qiymətlərə bağlıdır və bütün iştirakçılar üçün bərabər dərəcədə əlçatandır; heç bir ayrı bazar iştirakçısının bazarın vəziyyətinə hər hansı bir təsirinin olmadığını ifadə edən mükəmməl rəqabət vardır və bu da öz növbəsində onları öz arzularını həyata keçirmələri üçün bərabər imkanlarla təmin edir; sistemdə bütün dəyişikliklər ani baş verir. Aydındır ki, belə bir sistem reallıqdan uzaqdır, lakin o, özündə bazar iqtisadiyyatının əsas xüsusiyyətlərini əks etdirən abstraksiyanı ifadə edir.
Valrasa görə, qarşılıqlı əlaqə ideyası o deməkdir ki, bir bazarın vəziyyəti digəridən asılıdır, başqa sözlə, cari bazarda tələb və təklif qismən tarazlıq halında ehtimal edildiyi kimi müvafiq məhsulun qiymətindən deyil, bütün əmtəələrin qiymətlərindən asılıdır. Başqa sözlə, bazarların tarazlıq vəziyyəti o deməkdir ki, istehsal xidmətlərinin tələb və təklifi bərabərdir, yəni istehsal amilləri bazarında bərabərlik istehlak malları bazarındakı bərabərliyə uyğundur, bazarda məhsulların daimi sabit qiyməti vardır və istehsal amillərinin qiymətlərini özündə əks etdirən məhsulun satış qiyməti xərclərə bərabərdir.
İstehsal və mübadilə, malların və kapitalın hərəkəti proseslərini, kapitalist iqtisadiyyatının əlaqələrini əhatə edən qapalı riyazi statik modeli ilk hazırlayan Valras olmuşdur. Onun iqtisad elminə olan böyük töhfəsi istehlakçı davranışı nəzəriyyəsidir. Bütövlükdə iqtisadi sistemin təhlili üçün universal bir vasitə kimi Valrasın təklif etdiyi ümumi iqtisadi tarazlıq anlayışında istehsalın bütün iqtisadi subyektləri iki qrupa bölünür: istehsal xidmətlərinin sahibləri (torpaq mülkiyyətçiləri, işçilər və kapitalistlər) və sahibkarlar. Sahibkarın funksiyası onların istehsal xidmətlərinin köməyi ilə kənd təsərrüfatı, sənaye və ticarət sahəsində yeni sərvət yaratmaq məqsədilə müxtəlif növ kapitalları fərqli birləşmələrdə birləşdirməkdən ibarətdir. Valras onlar arasındakı iqtisadi əlaqələri qarşılıqlı bərabərliklər sistemi vasitəsilə ifadə etmişdir. Beləliklə, qarşılıqlı təsirdə olan iki müxtəlif bazar ayırd edilir: xidmətlər bazarı (resurslar, kapital) və məhsullar bazarı (son mallar). Birincidə torpaq sahibləri, işçilər və kapitalistlər alıcı kimi çıxış edən sahibkarlara öz istehsal xidmətlərini satırlar. İkincidə isə sahibkarlar torpaq sahibləri, işçilər və kapitalistlərə son məhsulları satırlar. Beləliklə, məhsuldar xidmətlər və istehlak malları bazarları qarşılıqlı əlaqədədir. Bu modeldə alıcılar və satıcıların rolu daim dəyişir. Sistemin normal fəaliyyəti üçün tələb və təklif (amillər və mallar) arasında uyğunluq olmalıdır.
Valras qeyd edirdi ki, istehlak mallarının qiymətləri istehsal amillərinin qiymətlərindən (icarə, faiz, əmək haqqı) və istehsal amillərinin qiymətləri istehlak mallarının qiymətlərindən asılıdır (qida məhsulları, geyim, ayaqqabı, nəqliyyat vasitələri).
O, ümumi tarazlığın əsas prinsiplərinin müəyyən edilməsi əsasında mübadilə, istehsal, yığım, investisiya və pul dövriyyəsi proseslərinin təhlilini vermişdir. İqtisadçı dörd bazar konsepsiyasını irəli sürmüşdür: əmək, kapital, maliyyə, istehlak malları və xidmətlər bazarı.
Valrasın tarazlıq konsepsiyası klassik anlayışların inkişafı ilə yanaşı, eyni zamanda iqtisadiyyatın təhlilinə prinsipial baxımdan yeni yanaşma idi. Ən böyük “təmiz nəzəriyyəçilər”dən biri hesab edilən Leon Valrasın asılılıq ideyası, həmçinin qarşılıqlı asılılığın necə inkişaf və təzahür etməsini göstərən nəzəriyyəsi yaradıcı bir nailiyyət olmaqla yanaşı, iqtisadiyyatın sosial-iqtisadi əlaqə və münasibətlərinin riyazi əsaslarına söykənən mühüm bölmələrinin sonrakı inkişafı üçün əsas rolunu oynamışdır.
P.S. Atası filosof və iqtisadçı olanLeon Valras deyilənə görə, cəbr və analitik həndəsəni pis bilməməsinə baxmayaraq Parisdəki Politexnik məktəbinə qəbul imtahanı zamanı iki dəfə riyaziyyat fənnindən kəsilmişdir. Gəncliyində müxtəlif elm sahələri ilə, o cümlədən fəlsəfə, tarix ilə maraqlanmışdır. Əvvəlcə ədəbiyyat, sonra isə təbiət elmləri sahəsində diplom alan Valras jurnalist kimi işləməyə cəhd göstərmiş, romantik janrda roman nəşr etdirmiş, sosiologiyadan mühazirələr oxumuş, dəmir yolu şirkətində kargüzar kimi çalışmış, istehsal kooperativlərinə kredit verilməsi ilə məşğul olan bankın təşkilatçısı və idarəedicisi olmuşdur. Atası onda iqtisadiyyat elminə maraq oyatmışdır.
Formal iqtisadi təhsilinin olmaması səbəbindən vətənində iqtisadiyyat müəllimi kimi işləyə bilməyən Valras Fransanı tərk edərək İsveçrədə yaşamağa məcbur olmuşdur.
Valras 1893-cü ildə gənc davamçısı olan Vilfredo Pareto ilə Lozanna məktəbinin əsasını qoymuşdur. Valrasın nəşrlərinin əksəriyyəti fransız dilində olduğundan əksər iqtisadçılar onun işləri ilə tanış deyildi. Həmçinin onun yazıları öz dövrünün bir çox oxucuları üçün riyazi mürəkkəbliyi ilə seçilirdi.
Valras həyatının qalan hissəsini işlərinin hamı tərəfindən rədd edilməsi səbəbindən, eləcə də yaşlılığı ilə bağlı fəaliyyət qabiliyyətsizliyi və əqli zəifliyi üzündən tənhalıq içərisində keçirmişdir. Yozef Şumpeter Leon Valrası “bütün iqtisadçıların ən böyüyü" adlandırmışdır.
Valras özü haqda yazmışdı: “Mən iqtisadçı deyiləm. Mən memaram. Amma siyasi iqtisadı iqtisadçılardan daha yaxşı bilirəm”. İqtisadi nəzəriyyəyə vahid quruluş və ciddi riyazi forma kimi həqiqi “memarlıq” planı verməsinə görə Valras özünü memar adlandırırdı.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva