Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ALEKSANDER RÜSTOV

  • Oxunub 1004 dəfə

 (1885, Visbaden, Almaniya - 1963, Heydelberq, Almaniya)

 Əsərləri: “Gömrüyün müdafiəsi, ya azad ticarət” (1925), “Gömrük müdafiəsi siyasətinin lehinə və əleyhinə” (1925), “Kapitalizm və kommunizm arasında” (1949), “Sənaye və mədəniyyət” (1955), “Sənaye möcüzəsinin arxa tərəfi” (1961)

Aleksander Rüstov sosial bazar iqtisadiyyatı və ordoliberalizmin aparıcı ideoloqlarından biri olmuşdur.

Rüstov hesab edirdi ki, azad rəqabət siyasətinin həyata keçirilməsi inkişaf etmiş ölkələrin iqtisadi həyatında inhisarların böyük nüfuz qazanmasına səbəb olmuşdur. O, XIX əsrin sonunda meydana gələn kapitalist rəqabətini tənqid edir və onun qüsurlarını dövlətin iqtisadiyyata kifayət qədər nüfuz etməməsi ilə əlaqələndirirdi. Neoliberal kimi, o, dövlət tərəfindən güclü tədbirlərin həyata keçirilməsinin tərəfdarı idi.

Rüstov bazar mexanizminin  azad və demokratik cəmiyyətin uğurlu inkişafı üçün kafi səviyyədə olmadığını bildirirdi. Onun fikrincə, həqiqi azad iqtisadiyyatın inkişafını yalnız dövlət təmin edə bilər və azad rəqabət “liberal müdaxilə” ilə əvəz edilməlidir ki, bu da azad bazar mühitinə kredit, valyuta, vergi siyasəti və s. kimi tədbirlərin daxil olduğu dövlətin müdaxiləsinə əsaslanır. Bu müdaxilə bazar qanunlarına qarşı çıxan hər hansı fəaliyyət deyil. Onun əsas məqsədi bazar iqtisadiyyatı sisteminin, qiymət sisteminin normal fəaliyyətinin davam etdirilməsini təmin etməkdir.

İqtisadçı yalnız kortəbii rəqabət mexanizminə üstünlük veriləcəyi təqdirdə kapitalizmi hədələyən təhlükələri də vurğulayırdı. Rüstovun yazılarında kapitalist cəmiyyətinin inkişaf perspektivləri haqqında narahatedici bəyanatlara rast gəlmək mümkündür.

Rüstov, eyni zamanda, inhisarların iqtisadi fəaliyyətinə hökumət müdaxiləsinin tam əksinə olmaqla, onlara tam azadlığın təmin edilməsini tələb edirdi. O, dəmir yolu nəqliyyatı, kommunal xidmətlər və hərbi sənaye sahələrində təbii inhisar subyektlərinin mövcudluğuna normal baxırdı.

Rüstov öz əsərlərində iqtisadi, sosial və mədəni inkişaf problemlərinə toxunurdu. İqtisadiyyatda mənəvi, etik prinsiplərə daha çox diqqət yetirən iqtisadçı fərdlərin azadlıq problemi, fərdi fəaliyyət məsələlərinə xüsusi önəm verir, ciddi fərdi məsuliyyəti müdafiə edirdi. Ona görə, insan azadlığı yalnız dəyər kateqoriyası deyildir, həmçinin səmərəli iqtisadi qaydanın ən mühüm komponentidir. Rüstov cəmiyyət daxilində həmrəyliyin mövcudluğunun tərəfdarı idi.

P.S. Köhnə Prussiya hərbi ailəsinin nümayəndəsi, alman iqtisadçısı, sosioloq, tarixçi Aleksander Rüstov universitetlərdə riyaziyyat, fizika, fəlsəfə, hüquq,  filologiya  və siyasi iqtisadiyyat üzrə təhsil almışdır.

Həmişə incəsənətdəki avanqard və psixologiya sahəsində yeni meyllərlə maraqlanmışdır. Antik filosof Parmenidin nəzəriyyəsi üzrə dissertasiyasının müdafiəsinə hazırlaşsa da, I Dünya Müharibəsinin başlanması səbəbindən işlərini dayandırmış, könüllü olaraq müharibədə iştirak etmişdir. Müharibə illərində 1 və 2-ci dərəcəli Dəmir Xaçlarla təltif olunmuşdur.

1930-cu illərdə Almaniyadakı mühit Rüstov üçün çox xoşagəlməz olmuşdur. 1933-cü ildə o, qara siyahıya salınmış və bu səbəbdən İsveçrəyə, daha sonra isə Türkiyəyə getmiş, İstanbul Universitetində ona iqtisadi coğrafiya və tarix kafedrasında işləmək təklif edilmişdir.

O, həmçinin II Dünya Müharibəsindən sonra  Qərbi Almaniya iqtisadiyyatını formalaşdıran “sosial bazar iqtisadiyyatı”nın banilərindən sayılır.

Rüstov “neoliberalizm” termininin müəllifidir. O, bu termini klassik liberalizmlə yeni liberalizmi ayırmaq məqsədilə işlətmişdir.

Rüstov Valter Oykenlə birgə ordoliberalizmin zəruri fundamental işlərinin görülməsində iştirak etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva