ALFRED MÜLLER-ARMAK
- Oxunub 907 dəfə
(1901, Essen, Almaniya - 1978, Köln, Almaniya)
Əsərləri: “İqtisadiyyatın idarə edilməsi və bazar iqtisadiyyatı” (1947), “Sosial bazar iqtisadiyyatının prinsipləri” (1965)
XX əsrin 40-50-ci illərində alman liberal hərəkatının istiqamətlərdən biri olan sosial bazar iqtisadiyyatının başlıca tərəfdarları arasında iqtisadçı Alfred Müller-Armak öz fikirləri ilə xüsusi seçilirdi.
Müller-Armak 1946-cı ildə ilk dəfə “sosial bazar təsərrüfatı” anlayışını işlətmiş və bunu azad bazar prinsipi ilə sosial bərabərlik prinsiplərinin uzlaşması kimi ifadə etmişdir. O, sosial bazar təsərrüfatının əsasını dövlətin sosial problemlərin həllində həyata keçirdiyi fəal sosial siyasətdə görürdü. İqtisadçının sözlərinə görə, sosial bazar təsərrüfatının məqsədi təsərrüfat subyektlərinin azad təşəbbüskarlığını sosial tərəqqi ilə əlaqələndirmək və azad rəqabət çərçivəsində sosial problemləri daha hərtərəfli həll etməkdir.
Müller-Armak qeyd edirdi ki, bazar təsərrüfatının kortəbii, öz-özünə tənzimlənməsi inhisarların yaranmasına və gəlirlərin bölgüsündə kəskin bərabərsizliyə gətirib çıxarır. Bazar təsərrüfatının bu mənfi nəticələrini aradan qaldırmaq üçün dövlət inhisarları nəzarətdə saxlamaq, rəqabəti gücləndirmək üçün institusional tədbirlər görməlidir. Yəni dövlət elə iqtisadi və sosial siyasət həyata keçirməlidir ki, milli gəlirin bölgüsü və yenidən bölgüsü zamanı gəlirlərdəki kəskin fərqləri aradan qaldırmaq mümkün olsun. Bunun üçün mütərəqqi vergiqoyma vasitəsilə toplanan vəsaitlər az imkanlı ailələr arasında bölüşdürülməli, uşaqların saxlanılması, mənzil tikintisi, mənzil haqqı üzrə sosial ödəmələrə, xəstəliyə, işsizliyə görə ödəmələrə, təhsilə, səhiyyəyə, infrastruktura çəkilən xərclərə sərf olunmalıdır.
Müller-Armak dövlət xərclərinə və vergi siyasətinə sosial tarazlaşmanın amili kimi baxırdı. Bazar təsərrüfatında sosial ədalət prinsipinin pozulmaması üçün dövlətin iqtisadiyyata müdaxiləsini zəruri hesab edirdi. Onun fikrincə, belə halda sosial bazar təsərrüfatı iqtisadi səmərəliliklə sosial ədaləti üzvi surətdə əlaqələndirir.
Müller-Armak belə hesab edirdi ki, sosial bazar təsərrüfatı insanların tələbatlarının ödənilməsinə yönəldilən bir iqtisadiyyatdır. O yazırdı ki, istehlakçılar öz tələbatlarına uyğun olaraq müxtəlif məhsullara tələb irəli sürürlər. Sahibkarlar isə bu tələbatı ödəmək üçün fəaliyyətlərini bu istiqamətə yönəldirlər, eyni zamanda mənfəət əldə etməyə çalışırlar. Mənfəət təsərrüfatın idarəedilməsi fəaliyyətinin nəticəsidir. Deməli, mənfəət naminə istehsal etmək, həm də insanların tələbatının ödənilməsi deməkdir.
Müller-Armak sosial bazar təsərrüfatının azad bazar təsərrüfatından fərqli xüsusiyyətlərini belə şərh edirdi ki, sosial bazar təsərrüfatında dövlət: həmişə azad rəqabətin təmin olunmasını stimullaşdırır; gəlirlərdəki kəskin fərqləri aradan qaldırmaq üçün onların yenidən bölgüsünü tənzimləyir; tam məşğulluğa, qiymətlərin sabit səviyyəsinə nail olmaq üçün fəal konyuktur siyasəti həyata keçirir; cəmiyyətin hər bir üzvünün mülkiyyət sahibinə çevrilməsinə şərait yaradır.
Qeyd etmək lazımdır ki, Müller-Armakın sosial bazar təsərrüfatı ilə bağlı ideyaları sonralar inkişaf etdirilərək sosial bazar təsərrüfatı modelinə çevrilmiş və müasir dövrdə bir çox ölkələrin iqtisadi siyasətində istifadə olunmağa başlanmışdır. Bu gün bu model Skandinaviya ölkələrində, İtaliyada, Fransada, Yaponiyada və s. geniş yayılmışdır.
P.S. Alfred Müller-Armak təkcə alim deyil, həm də siyasətçi olmuşdur. 1933-cü ildə nasizmi tərif edən kitab nəşr etdirmiş, həmçinin nasist rejiminin və alman ordusunun müşaviri olaraq çalışmışdır. Lakin irqçiliyin tərəfdarı olmamışdır.
O, yeni təsərrüfat qaydasının yaradıcısı Lüdviq Erxard ilə əməkdaşlıq etmiş və İqtisadiyyat Nazirliyində onun rəhbərliyi altında şöbə müdiri vəzifəsində işləmişdir. Müharibədən sonrakı Almaniyada iqtisadi siyasətin əsaslandırılması və həyata keçirilməsində fəal iştirak etmişdir.
Müller-Armak Valter Oykenin məsləkdaşı və davamçısı olmuşdur.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva