HENRİ ÇARLZ KERİ
- Oxunub 757 dəfə
(1793, Filadelfiya, ABŞ - 1879, Filadelfiya, ABŞ)
Əsərləri: “Əmək haqqı dərəcələri haqqında oçerk” (1835),“Siyasi iqtisadın prinsipləri” (1837-40),“Keçmiş, bu gün və gələcək” (1848), “Mənafelərin harmoniyası: kənd təsərrüfatı, istehsal və ticarət” (1851), “Qul ticarəti” (1853), “Sosial elmin əsasları” (1858-1860), “Qanunun vahidliyi” (1872)
Henri Çarlz Keri XIX əsrin ilk yarısının ən məşhur amerikalı iqtisadçılarından biri olmuşdur. O, amerika siyasi iqtisadının, onun metodologiyasının banilərindən hesab olunur. İqtisadçının fikrincə, siyasi iqtisadın predmeti sosial inkişaf qanunları deyil, şəxs və onun öz vəziyyətini yaxşılaşdırmağa yönəlmiş davranışıdır.
Kerinin “Mənafelər harmoniyası” nəzəriyyəsi məşhurdur. O sübut etməyə çalışırdı ki, cəmiyyətdə həqiqi və əsl mənafelərin hamısının tam ahəngdarlığı mövcuddur. Bu nəzəriyyənin əsasını “bölgü qanunu” təşkil edir. Bu qanuna görə, əmək məhsuldarlığının artımı ilə işçilərin payı mütləq və nisbi artır, kapitalistlərin payı isə mütləq artır, lakin nisbi aşağı düşür. Beləliklə də, istehsalda onların maraqlarının harmoniyası yaranır; kapitalizmin inkişafı ilə kapitalistlərin gəlirlərinin artması ilə müqayisədə işçilərin vəziyyəti daha sürətlə yaxşılaşır.
Kerinin fikrincə, əmtəənin dəyəri yalnız keçmiş deyil, gələcək əmək xərcləri ilə də müəyyən edilir.
Keri David Rikardonun torpaq rentası nəzəriyyəsinə qarşı çıxış edirdi. O, ABŞ-da torpaq becərilməsinin tarixi ardıcıllığının Rikardonun irəli sürdüyü fikirlərlə əks olduğunu bildirir və iddia edirdi ki, kənd təsərrüfatına yararlı torpaqların inkişafı daha az münbit ərazidən daha münbit torpaqlara keçir. Bununla da torpağa kapital qoyuluşundan əldə edilən gəlirin azalma ilə deyil, artımla xarakterizə olunduğunu iddia edirdi. Keri torpaq rentasına əkinçiliyə qoyulmuş kapitala faizin müxtəlifliyi kimi baxırdı - torpaq sahibləri icarə haqqını torpaq üçün deyil, torpağa çəkilən xərclər üçün alırdı.
“Mənafelər harmoniyası” nəzəriyyəsinin əsas komponentlərindən biri də onun əmək haqqı ilə bağlı nəzəriyyəsi idi. Keri belə bir müddəa irəli sürürdü ki, müxtəlif milli əmək haqqları milli iş günü məhsuldarlığı ilə birbaşa mütənasibdir. Bununla da belə nəticəyə gəlirdi ki, əmək haqqı ümumiyyətlə əmək məhsuldarlığına uyğun olaraq ya yüksəlir ya da aşağı düşür.
Keri özünün ilk əsərlərində azad sahibkarlıq və ölkələr arasında sərbəst ticarət uğrunda fikirlər söyləmiş və iqtisadiyyata dövlət müdaxiləsinə qarşı çıxışlar etmişdir. Lakin sonralar amerikan burjuaziyasının mənafelərinin İngiltərə tərəfindən sıxışdırılması və onun dünya bazarında ekspansiyası Kerini proteksionizm mövqeyinə keçməyə sövq etmişdir. Bu onunla əlaqədardır ki, Keri istehsalçının istehlaka yaxınlığını “mənafelər harmoniyası”nın özüllərindən biri hesab edirdi. İngiltərə sənaye inhisarına can atırdı və ona görə də, azad ticarət uğrunda çıxış edirdi. O, İngiltərəyə qarşı yeganə müdafiə yolları kimi dövlət müdaxiləsinin və hökumətin gömrük rüsumlarının vacibliyini qeyd edirdi. Keri ABŞ-ın hələ möhkəmlənməmiş sənayesinin möhtac olduğu proteksionizm siyasəti uğrunda çıxış edirdi. Onun firkincə, gömrük baryerlərinin qurulması gənc Amerika iqtisadiyyatının inkişafına kömək edir. O inanırdı ki, azad ticarət yalnız ucuz məhsul istehsal edən və digərlərinin inkişafına mane olan ayrı-ayrı millətlərə fayda gətirir. Dövlətin beynəlxalq münasibətlərə qarışmaması milli iqtisadiyyatı sənaye asılılığına apara və ölkəni başqa bir millətin rifahı üçün xammal tədarükçüsünə çevirə bilər. Buna görə də, cəmiyyət bütün növ məhsulların istehsal olunduğu və onlar üçün bazarların hazırlandığı qapalı istehsal prinsipi ilə inkişaf etməlidir. İqtisadçının fikrincə, proteksionizm istehsalın səmərəli paylanmasına kömək edir, nəticədə istehsal olunan məhsullar üçün daha yaxşı bazarlar təmin olunur və nəqliyyat xərcləri azalır. Daxili rəqabət isə əmək haqqının artımını təmin edir.
Keri həmçinin Tomas Maltusun fikrilərinə etirazını bildirərək qeyd edirdi ki, texniki tərəqqi iqtisadi dövriyyəyə yeni təbii ehtiyatların daxil edilməsinə imkan verəcək ki, bunun da nəticəsində qida istehsalı əhali artımını üstələyəcək. O, həmçinin gələcəkdə əmək və kapitalla bağlı iqtisadi maraqların harmoniyasına da inanırdı.
P.S. Henri Çarlz Keri İrlandiyadan olan varlı immiqrantın ailəsində doğulmuşdur. Onun atası nüfuzlu iqtisadçı, siyasi islahatçı, redaktor və naşir olmuşdur. Henri yaxşı təhsil almış, tarix, sosiologiya, psixologiya, riyaziyyat, fəlsəfə, biologiya, kimya və fizikanı öyrənmişdir.
Zamanla atasının nəşriyyat firmasına rəhbərlik etmiş, jurnalistikanı geniş biznes maraqları ilə birləşdirmişdir. İri fabrikant olduqdan sonra varlanmış və artıq 24 yaşında biznesmen kimi fəaliyyət göstərmişdir. 42 yaşında elm sahəsinə gəlmiş, iqtisadi problemlərə müraciət etmiş və çoxlu iqtisadi əsərlər yazmışdır. Onlarla kitab, minlərlə qəzet məqaləsi nəşr etdirmişdir.
Avropaya səyahətləri zamanı o dövrün bir çox görkəmli insanları ilə görüşmüşdür. Onların arasında Con Stüart Mill də olmuşdur.
Keri ilk dövrlərdə Adam Smit və David Rikardonun təlimini inkişaf etdirsə də, 1844-cü ildən proteksionizm mövqeyinə keçmiş, buna görə də Rikardoya, eləcə də Tomas Maltusa qarşı onda antipatiya hissi yaranmışdır. O hesab edirdi ki, Rikardo sistemi düşmənçilik xarakteri daşıyır və siniflər və millətlər arasında müharibəyə təhrik edir. Henrinin dəyər ilə bağlı fikirləri hətta Karl Marksda dərin təəssürat yaratmışdı. Marks Kerini “harmoniya həvarisi” adlandırırdı.
1850-ci illərin sonlarında o, iqtisadiyyat sahəsindən sosiologiyaya keçmişdir. Keri həmin dövrdə ictimai elmlərin amerikalı nümayəndələri arasında belə fikir yayırdı ki, artıq xüsusi iqtisad elminin günləri bitmişdir.
O, ABŞ prezidenti Avraam Linkolnun iqtisadi məsələlər üzrə baş məsləhətçisi olmuşdur. Tədqiqatçılardan biri Henrini “Veblendən öncəki ən qeyri-ənənəvi və orijinal amerikalı siyasi iqtisadçı” kimi xarakterizə etmişdir.
Çox sayda əsərlər yazmasına baxmayaraq, Kerinin ardıcılları olmamış və o, öz elmi məktəbini yaratmamışdır.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva