FRİDRİX FON VİZER
- Oxunub 1078 dəfə
(1851, Vena, Avstriya - 1926, Vena, Avstriya)
Əsərləri: “İqtisadi qiymətliliyin mənşəyi və əsas qanunları” (1884), “Avstriya məktəbi və dəyər nəzəriyyəsi” (1891), “Təbii dəyər” (1899), “Dövlət renta nəzəriyyəsi” (1909), “Hüquq və nüfuz” (1910), “Nəzəri iqtisadiyyatın mahiyyəti və əsas məzmunu” (1911), “Sosial iqtisadiyyat” (1914), “İctimai təsərrüfat nəzəriyyəsi” (1914), “Hakimiyyət qanunu” (1926)
Fridrix fon Vizer Avstriya iqtisad məktəbinin görkəmli nümayəndələrindən biri olmuşdur. Avstriya məktəbi nümayəndələri arasında ilk dəfə Vizer “son faydalılıq”, “əvəzetmə” kimi anlayışları işlətmişdir. Eləcə də, o ilk dəfə olaraq məcmu faydalılığın müəyyən edilməsi üsulunu axtarıb tapmağa cəhd etmişdir. Bu məqsədlə sərvətin son faydalılığını həmcins sərvətlərin kəmiyyətinə hasili kimi hesablamağı təklif edirdi ki, bu da iqtisad elmində məcmu faydalılığın müəyyən edilməsinin multiplikativ üsulu adlanır.
Vizerin fikrincə, faydalılığın hesablanmasının əsas qanunu göstərir ki, məhsulun hər bir vahidi son faydalılığa uyğun olaraq müəyyən edilir. Bu qanunu, o, “son faydalılıq qanunu” və yaxud daha qısa şəkildə “son qanun” adlandırırdı.
Vizer göstərirdi ki, məhsulların dəyəri istehsal xərclərinin dəyəri ilə, istehsal xərclərinin dəyəri isə son sərvətin faydalılığı ilə müəyyən edilir. O, istehsal xərclərini qurban verilmiş və ya alternativ fayda kimi qiymətləndirirdi. Belə bir müddəa iqtisad elmi tarixinə “istehsal xərcləri qanunu” və yaxud “Vizer qanunu” adı ilə daxil olmuşdur. Avstriya məktəbi bu qanunu bütün sərvətlərə şamil etmiş, yalnız hava, su, torpaq və s. bu kimi “sərbəst sərvətlər” adlandırdığı nemətlərə aid etməmişdir. Vizerə görə, məhdud resurslar rəqabət qabiliyyətini və onlardan istifadənin alternativ yollarını müəyyənləşdirir. O, həmin qanunu belə şərh etmişdir: “Hər hansı bir sərvətin real dəyəri bu sərvətin istehsalına yönəlmiş resursların köməkliyi ilə istehsal edilə biləcək digər sərvətlərin əldə olunmayan faydalılığıdır. Faydalılıq haqqında düşünərək “xərcləri” unudan hər bir kəs sadəcə olaraq yalnız bir istehsalın faydası haqqında düşünür, başqasının faydası haqqında isə unudur”. İqtisadçı qeyd edirdi ki, xərclər (məsrəflər) dəyəri müəyyən etmir, əksinə, bu axırıncı müstəqil surətdə mövcud olur və xərcləri sanksiyalaşdırır.
Vizerin tədqiqatında “əvəzetmə” nəzəriyyəsi mühüm yer tutur. O, sərvətin yaradılması prosesində iştirak edən istehsalın üç amili konsepsiyasından çıxış edərək göstərirdi ki, bu amillərin əlaqələndirilməsini öyrənmək, sonra isə hər bir amilin digəri ilə əvəz ediləcək hissəsini müəyyən etmək lazımdır. Onun fikrincə, əvəzetmənin vəzifəsi bir çox səbəblər içərisindən qoyulmuş məqsədə uyğun olan və buna görə də praktiki əhəmiyyət kəsb edən həlledici səbəbləri axtarıb tapmaqdan ibarətdir. Vizerə görə, əvəzetmə gəlirin amillər üzrə bölünməsinin faydalılığının hesablanması aktından başqa bir şey deyildir.
Vizerin nəzəriyyəsində xüsusi mülkiyyət təsərrüfatçılığın məzmunu ilə müəyyən edilirdi. Bu mövqeyi sübuta yetirmək üçün o, xüsusi mülkiyyətin səmərəsini aşağıdakı üç şərtlə əlaqələndirirdi: öz mülkiyyətini digər iddiaçılardan qorumaq üçün təsərrüfat nemətlərinin xərclənməsinə qənaətlə yanaşmanın zəruriliyi; “mənimki” və “səninki” məsələlərinin fərqləndirilməsinin vacibliyi; mülkiyyətin təsərrüfatçılıqla istifadəsi üçün hüquqi təminatın vacibliyi.
Vizer şəxsi mülkiyyətə təsərrüfatın özəl təşkili problemi ilə əlaqəli şəkildə baxırdı. Onun fikrincə, özəl təsərrüfat böyük ictimai iqtisadi birliyin tarixən ümumi əmrə tabe edilməklə müqayisədə, əsrlər boyu təcrübədə daha müvəffəqiyyətli sosial qarşılıqlı əlaqələri sübut edən ən yaxşı forması olmuşdur. Buna görə də, yalnız özəl iqtisadiyyatın qanuniliyini qəbul edir və hesab edirdi ki, cəmiyyət xüsusi mülkiyyət hüququnu inkar etməməli və geri çəkilməməlidir. Əks halda tezliklə hökumət bütün istehsal vasitələrinin yeganə sahibi olacaq; əslində bu baş verməməlidir, çünki hökumət fiziki şəxslər kimi istehsal vasitələrini səmərəli idarə edə bilməz.
Vizerin son faydalılıqla bağlı iqtisadi görüşləri bütövlükdə marksizmin əmək-dəyər nəzəriyyəsinə qarşı yönəlmişdir. Onun fikrincə, əmək-dəyər nəzəriyyəsini marksizm nəzəriyyəsi əsasında başa düşdükdə gələcəyin dövləti bircə gün də olsa iqtisadiyyata rəhbərlik edə bilməz.
Vizer öz sələflərinin və müasirlərinin təsəvvürlərini sistemləşdirməklə yanaşı, həm də öz fikirləri ilə marjinalist nəzəriyyənin daha geniş şərhini vermişdir.
P.S. Ailədə doqquz uşaqdan dördüncüsü olanFridrix fon Vizer yeniyetməlik dövründə tarix, sosiologiya ilə maraqlanmış, hüquq üzrə təhsil almış, sonradan iqtisadiyyat elminə gəlmişdir. O, Karl Menger və Oygen Bem-Baverklə birlikdə son faydalılıq nəzəriyyəsini işləmişdir. Vizer uşaqlıq və tələbə dostu Bem-Baverkin qaynı, Karl Mengerin isə tələbəsi olmuşdur. Lüdviq fon Mizes, Yozef Şumpeter və Fridrix Avqust fon Hayek onun tələbələri olmuşdur.
Vizer iqtisadiyyat elminə “töhmət nəzəriyyəsi”ni daxil etmişdir. O, faydalılığın yalnız sıralanmasının mümkünlüyünü qəbul edən ardıcıl ordinalist olmuşdur.
1917-ci ildə Avstriya Lordlar Palatasının üzvü seçilmiş və ona Baron titulu verilmişdir. 1917-1918-ci illərdə Avstriyanın ticarət naziri vəzifəsini icra etmişdir. Ömrünün son 25 ilində özünü sosiologiyaya həsr etmişdir. O, öz dövrünün insanları arasında son dərəcə uğurlu olsa da, yarım əsr sonra onun mövqeyi artıq köhnəlmış hesab edilirdi.
Xaraktercə çox təmkinli olan, istedadlı alim və müəllim Vizer tədris vaxtı mürəkkəb elmi anlayışları xüsusi tərzdə izah etməyi bacarmış, mübahisələrdə iştirak etməmiş, öz müasiri olan müəlliflərdən az sitat gətirmiş və ümumiyyətlə özü ilə təkbaşına qalmaq və fikirləşməyə üstünlük vermişdir. Praqa və Vyana mədəniyyətlərinin böyük bilicisi və musiqi vurğunu olan Vizer həmçinin mahir piano ifaçısı olmuşdur.
O, sətəlcəm xəstəliyindən dünyasını dəyişmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva