Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

LÜDVİQ HENRİX EDLER FON MİZES

  • Oxunub 932 dəfə

(1881, Lvov, Ukrayna - 1973, Nyu-York, ABŞ)

  Əsərləri:Pul və kredit nəzəriyyəsi” (1912), “Millət, dövlət və iqtisadiyyat” (1919), “Sosializm: iqtisadi və sosioloji təhlil” (1922), “Klassik ənənədə liberalizm” (1927), “İqtisadi böhran və onun səbəbləri” (1931), “Bürokratiya” (1944), “Planlaşdırılmış xaos” (1947), “İnsan fəaliyyəti: iqtisadi nəzəriyyə üzrə traktat” (1949), “Antikapitalist mentalitet”  (1956), “Nəzəriyyə və tarix: sosial və iqtisadi təkamülün şərhi” (1957), “Pul və kreditin manipulyasiyası haqda” (1978)

 Neoliberalizmin əsas nəzəriyyəçilərindən biri ABŞ iqtisadçısı Lüdviq fon Mizes olmuşdur. Mizes sosializmin tənqidçisi olmuş və bu sistemi “planlaşdırılmış xaos” adlandırmışdır. Mərkəzdən idarə edilən iqtisadiyyatın uzun müddət yaşaya bilməyəcəyini iddia edən iqtisadçı, istehsal vasitələri üzərində ictimai mülkiyyət və planlı iqtisadi tənzimləmə şəraitində ehtiyatların səmərəli bölgüsünün mümkün olmadığını qeyd edirdi. Onun fikrincə, ümumi bir qanunauyğunluq kimi ehtiyatların səmərəli bölgüsü yalnız əmtəə istehsalına və bazar münasibətlərinə əsaslanan cəmiyyətdə mümkündür. Bazar mexanizminin köməyi ilə tələb və təklifin uyğunlaşması əsasında yaranan obyektiv qiymətlər ehtiyatların səmərəli bölgüsünə səbəb olur. Bununla da, o, qiymətin əmələ gəlməsi və iqtisadi ehtiyatlardan səmərəli istifadə olunması prosesində bazar mexanizminin üstün rolunu əsaslandırır, sosializmi qeyri-səmərəli bir iqtisadi sistem adlandırırdı.

 Mizes tənzimlənən iqtisadiyyatda səmərəli iqtisadi fəaliyyəti təmin etmək üçün istehlakçıların azad seçiminin, tələbinin zəruriliyini qeyd etmişdir. Bazar sistemində tələbatlara uyğun olaraq ehtiyatların bölgüsü mexaniki olaraq baş verir. Sosializmdə isə dövlət tərəfindən müəyyən olunan qiymətlər tələb və təklifi əks etdirmədiyi üçün istehsalın inkişafı istiqamətini tuta bilmir, bu isə iqtisadi tarazlığı pozur. İqtisadçı burada insanların iqtisadi mənafeyini də ön plana çəkərək göstərirdi ki, sahibkarlar öz mənfəətləri naminə istehsal edirlərsə, bu, son nəticədə ictimai tələbatların ödənilməsinə xidmət edir.

 O, iqtisadi liberalizm prinsipindən çıxış edərək iqtisadiyyata dövlətin müdaxiləsini zəruri hesab etmirdi. Onun fikrincə, dövlətin rolunun gücləndirilməsi bürokratiyanın rolunun gücləndirilməsinə, eləcə də inkişafın təbii gedişini pozmaqla qeyri-stabilliyə gətirib çıxarır.

 Mizes yeganə ağıllı iqtisadi siyasətin liberalizm olduğunu bildirirdi. Müasir cəmiyyətdə təsərrüfat subyektlərinin tam tarazlığına əsaslanan səmərəli iqtisadi siyasət kimi o, xüsusi mülkiyyəti, əmək bölgüsünü və azad mübadiləni əsas sayırdı. Azad rəqabət vasitəsilə bazarın daim fasiləsiz fəaliyyət göstərməsi üçün dövlətin müəyyən qanunlar çərçivəsində fəaliyyətini, xüsusi sahibkarlığın stimullaşdırıcı rolunu qəbul edirdi.

 Bazar iqtisadiyyatını digər iqtisadi sistemlərdən üstün tutan Mizes azad bazarın demokratik prinsiplərə əsaslandığını və iqtisadi sistemin mərkəzinin istehlakçı olduğunu hesab edirdi. O yazırdı ki, azad bazar olmayan yerdə qiymət mexanizmi yoxdur; qiymət mexanizmi olmadan iqtisadi hesablama da yoxdur.

 Mizesə görə, iqtisadiyyata insan fəaliyyəti haqda (praksiologiya) elmin bir hissəsi kimi baxılmalıdır. Praksiologiyanın əsas məğzi sadə və aydındır: insan fəaliyyət göstərir. Fəaliyyət dedikdə, insanı cansız təbiətin obyektlərindən fərqləndirən məqsədyönlü davranış başa düşülür. İnsanın unikallığı onun səbəblərlə deyil, məqsədlərlə idarə olunmasındadır. O, onu əhatə edən ətraf mühitə passiv reaksiya vermir, fəal şəkildə onu dəyişdirməyə çalışır. İnsanın təbiətində seçim ehtiyacı vardır: fəaliyyət göstərərkən insan vaxtın hər anında hansı məqsədə can atmaq, ilk növbədə hansı ehtiyacını təmin etməklə bağlı seçim edir.

 Lüdviq fon Mizes XX əsrin ən böyük iqtisadçılarından biri hesab edilir.

 P.S. İmkanlı yəhudi ailəsində dünyaya gələn iqtisadçı, filosof, tarixçi Lüdviq fon Mizesin mühəndis olan atası dəmir yollarının maliyyələşdirilməsi və tikintisi ilə məşğul olmuşdur. Lüdviq artıq on iki yaşında yəhudi, alman, polşa və fransız dillərində danışır, qədim yunan və latın dillərində oxuyur və ukrayna dilini başa düşürdü. O, hüquq üzrə təhsil almış, mülki, kommersiya və cinayət məhkəmələrində işləmiş, lakin çox keçmədən bu karyerasını tərk etmişdir.

 I Dünya Müharibəsi zamanı rus cəbhəsində vuruşmuş, artilleriya zabiti kimi xidmət etmişdir. 1925-ci ildə macar aristokratının dul qalmış həyat yoldaşı, aktrisa Margit Sereni ilə tanış olmuş və bir neçə il sonra onunla evlənmişdir. 1940-cı ildə ABŞ-a mühacirət etmiş, II Dünya Müharibəsi illərində elmi və pedaqoji işlə məşğul olmuşdur.

 O, ən qocaman amerikalı professorlardan biri kimi aktiv tədris fəaliyyətini 87 yaşında tərk etmişdir.92 il ömür sürən iqtisadçı həyatının əksər hissəsində öz dövrünün qəhrəmanı olmamışdır. Belə ki, onun baxışları XX əsrin birinci yarısında hakim mövqe tutan iqtisadi təfəkkürə zidd omuşdur.

 Mizes Oygen Bem-Baverkin mühazirələrində iştirak etmişdir. O, tələbəsi olan Fridrix Avqust fon Hayek ilə birgə azadlıq fəlsəfəsinin yaradıcılarından biri hesab edilir. Mizes həmçinin köhnə Avstriya məktəbinin sonuncu nümayəndəsi kimi qəbul edilir. O, müharibədən sonrakı beynəlxalq iqtisadçıların birliyi olan Mont Pelerin Cəmiyyətinin yaradıcılarından biri kimi tanınır.

 Mizes hələ 1921-ci ildə Sovet iqtisadiyyatının dağılacağını əvvəlcədən demişdir.

1982-ci ildən ABŞ-ın Alabama  ştatının Oburn şəhərində Lüdviq fon Mizes İnstitutu fəaliyyət göstərir.

 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva