Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

TROSTEYN BUNDE VEBLEN

  • Oxunub 561 dəfə

 (1857, Kato, ABŞ – 1929, Menlo-Park, ABŞ)

  Əsərləri:“Asudə sinif nəzəriyyəsi” (1899), “Biznes müəssisəsinin nəzəriyyəsi” (1904), “Sənətkarlıq instinkti və sənaye sənətinin vəziyyəti” (1914), “Sülhün təbiətinin tədqiqi və onun saxlanılması şərtləri” (1917), “Sahibkarlar və sadə insan” (1919), “Amerikada ali təhsil” (1919), “Mühəndislər və qiymət sistemi” (1921), “Absenteist mülkiyyət və yeni dövrdə sahibkarlıq” (1923).

 Siyasi iqtisadda institusional istiqamətin banisi ABŞ iqtisadçısı Trosteyn Veblen olmuşdur. Veblenə görə, iqtisad elminin mövzusu istehlakçı davranış motivlərinin öyrənilməsidir. Onun fikrincə, iqtisadi proseslər psixologiya, biologiya və antropologiyaya əsaslanır.

 İnstitusionalizmin dörd istiqamətindən biri olan psixi-bioloji istiqamətin başında Veblen dururdu və o, “sosial darvinizm” konsepsiyasını təbliğ edirdi. Cəmiyyətin təkamülünün hərəkətverici qüvvələrini “irrasional psixologiya”ya söykənən sosial qrupların bir-biriləri arasında olan mübarizədə görən Veblen iddia edirdi ki, bioloji fərdlərin mövcudluğu və yaşamaları təbii seçmə qanunauyğunluqlarına əsaslanır. Bu qanunauyğunluqları o, sosial-iqtisadi hadisələrin öyrənilib şərh olunmasına tətbiq etməyə çalışırdı. Veblen tamahkarlıq, acgözlük, bədxərclik, israfçılıq, inhisarçı biznesin qəddarlığı əleyhinə çıxış edirdi. O göstərirdi ki, bazar iqtisadiyyatı şəraitində istehlakçılar ictimai təzyiqin hər cür mümkün növlərinə məruz qalırlar ki, bu da onları ağılsız qərarlar qəbul etməyə məcbur edir. İqtisadçı belə bir nəticəyə gəlirdi ki, bazar iqtisadiyyatı səmərəliliyi və məqsədəuyğunluğu deyil, tullantı, paxıl müqayisə, məhsuldarlığın qəsdən azaldılmasını xarakterizə edir.

Veblen “nümayişkaranə istehlak” (“Veblen effekti”) konsepsiyasını irəli sürmüş və bunu mallara dəyərindən daha çox pul xərcləmək kimi təyin etmişdir. Veblen effekti – nümayişkaranə istehlakın kifayət qədər geniş yayılmış fenomenidir, bu hal yüksək qiymət səbəbindən əsasən adi istehlakçıların əksəriyyəti üçün əlçatmaz olan malların istehlakı zamanı baş verir və həmin malların sahiblərinin sosial əhəmiyyətini vurğulayır. Bu istehlak zamanı birbaşa əlaqə vardır: hər hansı bir məhsulun qiyməti nə qədər yüksəkdirsə, onun istehlak səviyyəsi də bir o qədər yüksəkdir. Veblen israfçı istehlakın artırılmasındakı roluna görə asudə sinfi tənqid edirdi.

Veblenə görə, biznes fəaliyyətinin dairəsi “keçmiş siniflərin” (inhisarçı burjuaziyanın) maksimum mənfəət əldə etmək üçün etdiyi maliyyə maxinasiyasıdır. O, biznesə qarşı sənayeləşdirməni qoyurdu və iddia edirdi ki, real fəaliyyət sahəsi istehsaldır, çünki maddi nemətlər ancaq istehsal prosesində yaradılır. Faktiki olaraq Veblen “sənaye” dedikdə iqtisadiyyatın qeyri-inhisar sahəsini nəzərdə tuturdu və bu konsepsiyanı istehsalın məqsədi kimi təqdim edirdi.

Veblen “biznes sistemini” ittiham edərək qeyd edirdi ki, bu sistem mənfəət əldə etmək məqsədinə qulluq edir. Korporasiyaların mənfəət ardınca qaçması ölkənin sərvətindən yırtıcılıqla istifadə etməyə gətirib çıxarır ki, bu da ictimai mənafelərdə ziddiyyət törədir. O, eyni zamanda maliyyə oliqarxiyasının siyasətini də tənqid atəşinə tutur, “asudə sinfin” sərvətinin əleyhinə çıxırdı. Onun fikrincə, maliyyə oliqarxiyası istehsalın artımı və səmərəliliyinin yüksəldilməsi hesabına deyil, əksinə saxta kapitallarla əməliyyatlar hesabına gəlirlərin çox hissəsini əldə edir.

Dövlətin iqtisadiyyata müdaxiləsi ilə bağlı problemləri araşdıran Veblen texnokratiya nəzəriyyəsinə əsaslanaraq qeyd edirdi ki, iqtisadi inkişafda əsas rolu texnokratiya oynamalıdır və buna görə də o, iqtisadiyyat və dövlətin idarəetməsini sənaye və texniki ziyalılara verməyi təklif edirdi. Veblenə görə, hökumətdə ziyalılardan, texniki mütəxəssislərdən ibarət “beyin mərkəzi” mövcud olmalıdır. O iddia edirdi ki, kapitalist iqtisadiyyatı üzərində “sosial nəzarət” həyata keçirilməlidir.

P.S. Amerikalı iqtisadçı, sosioloq, yazıçı, futurist Trosteyn Veblen XIX əsrin 40-cı illərinin sonlarında ABŞ-a köçmüş norveçli mühacir ailəsində anadan olmuşdur. Atası fabrik işçisi, dülgər kimi çalışmış, kənd təsərrüfatı ilə də məşğul olmuşdur. Ailədə on iki uşaqdan dördüncü övlad olan Veblenin təhsilinin erkən illərində nümayiş etdirdiyi acı və yumor hissi sonralar onun işlərini səciyyələndirmişdir.  

Veblen iqtisadiyyatı və fəlsəfəni ona böyük təsiri olmuş gənc Con Beyts Klarkın rəhbərliyi altında öyrənmişdir. Universiteti bitirdikdən sonra yeddi il işsiz qalmışdır. Bəzi fikirlərə görə, onun işə düzələ bilməməsi həmin dövrdə norveçlilərə qarşı olan qərəzdən, həmçinin əksər universitetlərin onu xristianlıqda kifayət qədər təhsilli hesab etməmələri və aqnostik kimi tanımaları səbəbləri ilə bağlı olmuşdur. Nəticədə, Veblen ailə təsərrüfatına qayıtmış, kənd həyat tərzi sürmüş və həmin illəri müstəqil şəkildə oxumaqla keçirmişdir.

Bir müəllim kimi, Veblen imtahanların əleyhinə idi və buna məhəl qoymadan bütün tələbələrə “qənaətbəxş” qoyurdu. Dinləyicilərinin xatirələrinə görə, onun faktlarla bağlı əla yaddaşı var idi və heç vaxt qeydlərdən istifadə etmirdi. Akademik dünyada o, radikal baxışları və ağır xarakterinə görə tez-tez kollec və universitetləri dəyişdirmək məcburiyyətində qalırdı. Veblenin tələbələri onun tədris stilini dəhşətli və darıxdırıcı hesab edirdilər.

Veblen sosial psixologiyanın iqtisadi nəzəriyyəyə tətbiq edilməsini tələb edirdi. O, “iqtisadi sosiologiya” elminin banisi idi. Veblen kapitalizmin tənqidçisi kimi məşhur idi. İqtisadçı “asudə sinif” termininin müəllifidir. “Asudə sinif” dedikdə, maliyyə oliqarxiyasının nümayəndələrini, “absenteist mülkiyyət” sahibləri olan kapitalistləri, öz müəssisələrini idarə edənləri nəzərdə tuturdu. “Nümayişkaranə istirahət” ifadəsini, yəni sosial statusu (sərvətini) göstərmək üçün vaxtdan qeyri-məhsuldar istifadəni o, asudə sinfin əsas göstəricisi kimi qeyd edirdi.

1920-ci illərin əvvəllərində Veblen Nyu-Yorkda Sosial tədqiqatlar məktəbinin yaradıcılarından biri idi. O, həmçinin “Siyasi iqtisad jurnalı”nın redaktoru olmuşdur. Veblen müasir feminizmin öncüllərindən biri kimi tanınır.

İki dəfə evlənməsinə baxmayaraq, onun övladı olmamışdır. O, qazandığı pulları Kaliforniyada üzüm bağlarına və birjaya yatırım etmiş, lakin bu cəhdləri uğursuz nəticələnmişdir. Veblen ömrünün qalan hissəsini daxmada yoxsulluq içərisində keçirmişdir. Onun vəsiyyətinə əsasən, ölümündən sonra cəsədi yandırılmış və külü Sakit Okean üzərinə səpələnmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva