CON ROCERS KOMMONS
- Oxunub 546 dəfə
(1862, Hollansburq, ABŞ – 1945, Fort-Loderdeyl, ABŞ)
Əsərləri:“Sərvətin bölgüsü” (1893), “Sosial islahat və kilsə” (1894), “Şəhər idarəçiliyi” (1898),“Amerikada irqlər və immiqrantlar” (1907), “Əmək administrasiyası” (1913), “ABŞ-da əməyin tarixi” (1918), “Həmkarlar ittifaqı və əmək problemləri” (1921), “Kapitalizmin hüquqi əsasları” (1924), “İnstitusional iqtisadiyyat. Siyasi iqtisadda onun yeri”(1934), “Kollektiv fəaliyyətin iqtisadiyyatı” (1945)
Amerikan institusionalizminin ən görkəmli nümayəndələrindən biri Con Kommons olmuşdur. O, institusionalizmin əsas istiqamətlərindən biri olan sosial-hüquq cərəyanının rəhbəri idi.
“Fənnlərarası yanaşma” yəni, qeyri-iqtisadi hadisələr hesabına iqtisadi nəzəriyyənin geniş mənada izah edilməsi konsepsiyası Kommonsun əsərlərində xüsusi yer tuturdu. O, Amerika fəhlə sinfinin hərəkatının tarixini, həmkarlar ittifaqlarının yaranmasını, Amerika məhkəmə üsulu barədə yazmışdır.
Kommons mülkiyyəti hüquqi münasibətlər əsasında tədqiq edirdi. Əmək və kapital arasında olan konfliktli hadisələri öyrənərkən iqtisadiyyat üzərində hüquqi münasibətlərə üstünlük verirdi.
Kommons dəyər kateqoriyasını tədqiq edərkən ilkin hüquqi münasibətlərə əsaslanaraq dəyərə belə bir tərif verirdi: bu gün mövcud olan gəlirin gələcəkdə qiymətləndirilməsinə dəyər deyilir. Onun fikrincə, dəyər razılıqla, sövdələşmə yolu ilə yaranır. Dəyər kəmiyyətini o, istehsalla deyil, hüquqi qaydalarla, hüquqi üsullarla əlaqələndirirdi. Kapitalizmin hüquqi əsaslarını məhz belə bir hüquqi münasibətlərdə görürdü. İqtisadçı hüquqi üsulların iqtisadi fəaliyyət üzərində nəzarət etməsi prosesini səmərəli hesab edirdi.
Kommons nəzəriyyə və praktikada iqtisadi qərarların hüquqi əsaslarına böyük diqqət yetirirdi. O, siniflərin mənafeyi anlayışını ayrı-ayrı qrup halında olan adamların mənafeyinə qarşı qoyur və siniflərin antoqonist ziddiyyətlərini qəbul etmirdi. Göstərirdi ki, mənafelər toqquşa bilər, belə bir toqquşmanı isə həmkarlar ittifaqlarına daxil olan qruplara aid edirdi. Konfliktlərin və mənafelərin həllini o kapitalist mülkiyyətini saxlamaq şərtilə “kollektiv müqavilələrin” bağlanmasında görürdü və danışıqların aparılması, müqavilə iştirakçılarının mövqelərinin səbrlə araşdırılmasını vacib sayırdı.
Kommons müqavilə anlayışına üç elementi daxil edirdi: 1) münaqişə, yəni müqavilə iştirakçılarının maraqlarının toqquşması; 2) münaqişə iştirakçılarının maraqlarının qarşılıqlı asılılığı; 3) münaqişənin bitməsi və müqavilənin bağlanması. O, dövlətin rolunun aktivləşdirilməsi məqsədilə proporsionallıq əsasında müxtəlif mənafelər hökuməti yaradılmasını təklif edirdi.
Kommons işsizliyin dövlət sığortası üzrə ilk qanunun hazırlanmasında yaxından iştirak etmişdir. Onun konsepsiyasına görə, burjua dövləti kapitalist iqtisadiyyatına nəzarət etməli və onu tənzimləməlidir. Ona görə, hökumət komissiyası yarana biləcək bütün ziddiyyətləri həll etmək qabiliyyətinə malikdir.
İqtisadçı kapitalist cəmiyyətinin mərhələlərinin dövrləşməsini aşağıdakı kimi təklif etmişdir: ticarət kapitalizmi; sahibkarlıq mərhələsi; bank kapitalizmi; inzibati kapitalizm. Onun fikrincə, kapitalizmin bank mərhələsində öz üzvlərinin maraqlarını müdafiə etməyə qadir olan sahibkarların böyük assosiasiyaları və həmkarlar ittifaqları yaranır. İnzibati kapitalizm mərhələsində “kollektiv müəssisələr” arasında müqavilələrin bağlanmasında xüsusi hökumət komissiyaları ali arbitr kimi çıxış edir.
Kommonsun konsepsiyası sonralar siyasi iqtisad elmində çox geniş yayılmış və bunun əsasında “ümumi rifah dövləti”, “kütləvi istehlak cəmiyyəti” və digər bu qəbildən olan nəzəriyyələr yaranmağa başlamışdır.
P.S. Amerikalı tarixçi, iqtisadçı, hüquqşünas və sosioloq Con Kommons Trosteyn Bunde Veblen və Uesli Kler Mitçell ilə yanaşı Amerika institusionalizminin üç yaradıcılarından biri kimi tanınır. Onun atası sahibkar olmuşdur.
Kommonsun dini tərbiyə alması onun erkən gəncliyində sosial ədalət müdafiəçisinə çevrilməsinə səbəb olmuşdur. Zəif tələbə hesab edilən Kommons təhsil aldığı dövrlərdə psixi xəstəlikdən əziyyət çəkirdi. Məktəbi başa vurmamasına baxmayaraq intensiv müəyyənliyi və geniş maraq dairəsi, eləcə də potensialının olması səbəbindən onun məzun olmasına icazə verilmişdir. Orta məktəbi bitirdikdən sonra ibtidai məktəbdə dərs demək istəsə də, bu cəhdi uğurlu olmamışdır. Uşaqlarla işləmək təcrübəsi xoşagəlməz olduğundan, o, bir daha dərs deməmək qərarını vermişdir.
Kommons nəinki alim, həm də böyük ictimai xadim kimi tanınırdı. O, işçi hərəkatının inkişafında fəal iştirak etmiş, əmək münasibətlərinin tənzimlənməsinin praktiki məsələləri ilə məşğul olmuş, sahibkarlarla kollektiv müqavilələrin hazırlanmasında və əmək mübahisələrinin həllində həmkarlar hərəkatını təmsil etmişdir.
Kommonsun 17 il ərzində dörd cilddə nəşr olunan “ABŞ-da əməyin tarixi” əsəri Amerikada əmək münasibətlərinin tarixi üzrə ən böyük əsər hesab olunur.
Kommonsun ideyaları, o cümlədən onun “qarşılıqlı sosial güzəştlər”, müxtəlif ictimai qrupların mənafelərinin barışdırılması fikirləri Amerika prezidenti Franklin Ruzveltin “yeni kurs” siyasəti proqramında öz əksini tapmışdır.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva