UESLİ KLER MİTÇELL
- Oxunub 494 dəfə
(1874, Raşvill, ABŞ, - 1948, Nyu-York, ABŞ)
Əsərləri: “Pul xərcləmə incəsənəti” (1912), “Biznes tsikllər” (1913), “İqtisadi nəzəriyyədə pulun rolu” (1916), “Statistika və hökumət” (1919), “Qiymətlər və yenidənqurma” (1920),”İqtisadiyyatın perspektivləri” (1924)
Uesli Mitçell amerikan klassik institusionalizminin ən görkəmli simalarından biri olmuşdur. O, institusionalizmin empirik inkişaf istiqamətinin rəhbəri idi. Mitçell siyasi iqtisadın predmetini və qarşısında duran vəzifələri haqqında bir çox fikirlər irəli sürmüşdür. O, həmçinin insanların iqtisadi davranışının psixoloji qanunauyğunluqları barədə də maraqlanırdı.
Mitçellin iqtisadi konsepsiyasında “pul təsərrüfatı institutu” nəzəriyyəsi xüsusi yer tutur. Mitçellə görə, cəmiyyətlərdə pul müstəqil rol oynayır və iqtisadi fəaliyyətin əsas hərəkətverici qüvvəsidir. Belə bir konsepsiyanı irəli sürən Mitçell iqtisadi nəzəriyyənin qarşısında duran vəzifələri formalaşdıraraq qeyd edirdi ki, pul iqtisadi nəzəriyyənin köküdür, iqtisadi nəzəriyyə isə pul tədavülü ilə insanların davranışı arasında olan əlaqələri öyrənir. Pul sisteminin təhlilinə xüsusi diqqət yetirən iqtisadçı hesab edirdi ki, pulu qazanmaq sənəti ilə yanaşı, insan gərək pulu xərcləmək sənətinə də yiyələnsin.
O, induktiv tədqiqat metodundan istifadə edərək iqtisadi tədqiqatlara tənqidi yanaşmışdır. İqtisadçı göstərirdi ki, iqtisadi nəzəriyyə real həqiqəti adekvat olaraq işıqlandırmalı və faktları izah etməlidir. Mitçell öz tədqiqatlarında aktiv surətdə statistik metoddan istifadə edir, dəqiqliyi, konkretliliyi öz əsərlərinə tətbiq edirdi.
Mitçell kapitalist təsərrüfatının konkret təhlilini verir, hər şeydən əvvəl, onun bu konkretliliyi pul tədavülü dairəsinə şamil edilirdi. Onun tədqiqatları empirik xarakter daşıyırdı və institusionalizmdə yaratdığı istiqaməti empirizm adlandırmaq olar. O, faktiki rəqəmlərin riyazi üsulla işlənməsi metoduna üstünlük verirdi.
Mitçellin metodundan proqnozlaşdırma prosesində də istifadə edilmişdir. Burjua siyasi iqtisadında Mitçellin proqnozlaşdırma metodundan istifadə edilərək kapitalist təsərrüfatında baş verə biləcək gələcək proseslərin kəmiyyət dəyişiklikləri öyrənilmişdir. Onun bu proqnozlar metodu əsasında “Harvard barometri” yaradılmışdır ki, bu “barometr” kapitalist təsərrüfatının gələcək vəziyyətindən xəbər verirdi. Lakin 1929-1933-cü illərdə baş verən böhran Mitçellin bu metoduna son qoydu.
Mitçell iqtisadi tsikllər sahəsində də xeyli tədqiqatlar aparmışdır. Praktiki olaraq kapitalist konyukturası haqqında Mitçellin təklifləri özünü doğruldurdu. Kapitalist tsikllərini xarakterizə edən bir çox amilləri Mitçell istehsala deyil, tədavül sferasına, birinci növbədə qiymətə, səhmlərin kursuna və s. aid edirdi.
O, dövlətin iqtisadiyyata nüfuz etməsini dəstəkləyirdi. Bu məqsədlə də dövlətin kapitalist iqtisadiyyatına “sosial nəzarət” etməsi üçün bir neçə variant irəli sürmüşdü. Məsələn, o da 1923-cü ildə işsizlik haqqında dövlət sığorta sisteminin yaradılmasını irəli sürmüşdü. Bu, o dövr üçün radikal və cəsarətli bir hal idi.
İlk dəfə olaraq Mitçell kapitalist “planlaşdırmasının” zəruriliyini irəli sürmüşdü. O göstərirdi ki, “planlaşma” kapitalizmdə daima və ardıcıl həyata keçirilməlidir. Bu məqsədlə də xüsusi dövlət orqanının yaradılmasını təklif edirdi. Eyni zamanda Mitçell göstərirdi ki, belə planlaşdırma indikativ, təklifedici xarakter daşımalı və xüsusi biznesi məhdudlaşdırmamalıdır.
Mitçellin planlaşdırma haqqında irəli sürdüyü fikirlər əslində “sosial liberal planlaşdırma” konsepsiyası idi. O hesab edirdi ki, iqtisadiyyat proqnozlaşdırılmalı və antiböhran tədbirləri həyata keçirilməlidir. Eyni zamanda iqtisadçı pul tədavülü mexanizminin korrektə edilməsini, məşğulluq səviyyəsi və işsizlik üzrə sığortanın dövlət tərəfindən tənzimlənməsini, bunun üçün uyğun dövlət idarələrinin yaradılmasını təklif edirdi.
P.S. Amerikalı iqtisadçı və statistikUesli Kler Mitçell keçmiş hərbi həkimin ailəsində dünyaya gəlmişdir. O, yeddi övladdan ikincisi olmuşdur. Sonralar veteranatası kənd təsərrüfatı ilə məşğul olmağa başlamış, hətta əlilliyinə baxmayaraq, müntəzəm olaraq hər cür ticarət sərgüzəştlərinə daxil olmuşdur. Ailə başçısının vəzifələrinin çoxu erkən vaxtlardan Ueslinin üzərinə düşmüşdür. Xoşbəxtlikdən o, bütün çətinliklərin öhdəsindən gələ bilmiş və hətta universitetə daxil olmuşdur.
Mitçell Con Kommons və Trosteyn Bunde Veblen ilə yanaşı Amerika institusionalizminin üç yaradıcısından biri hesab olunur. O, Trosteyn Veblenin “ulduz tələbəsi” və davamçısı idi.
Mitçell Sosial Araşdırmalar yeni məktəbinin və İqtisadi Araşdırmalar üzrə Milli Büronun yaradıcılarından biri, Ekonometrika Cəmiyyətinin və Amerika İqtisadi Birliyinin prezidenti olmuşdur.
Pol Samuelson Mitçelli 1860-cı ildən sonra doğulan “iqtisadiyyatdakı Amerika müqəddəsləri”ndən biri adlandırmışdı.
Mitçell, pedaqoq və Bank Street Təhsil Kollecinin qurucusu Lyusi Spreq Mitçell ilə ailəli olmuş və məktəbin qurulmasında yoldaşına yaxından köməklik göstərmişdir.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva