Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ARTUR MELVİN OKUN

  • Oxunub 625 dəfə

 (1928, Cersi-Siti, ABŞ - 1980, Vaşinqton, ABŞ)

  Əsərləri: “Açıq inflyasiyanın istehlakçı tələbinə təsiri”, (1956), “İşsizliyə qarşı mübarizə” (1965), “Tərəqqinin siyasi iqtisadiyyatı” (1970), “İnflyasiya: onun yaratdığı problemlər və tələb olunan siyasət” (1970), “Bərabərlik və səmərəlilik: böyük ticarət” (1975), “Xroniki inflyasiyanın müalicəsi” (1978), “Siyasi iqtisadiyyatda aktual problemlər” (1979), “Qiymətlər və kəmiyyət: makroiqtisadi təhlil” (1981).

 Amerikalı iqtisadçı Artur Okun neo-keynsçiliyin nümayəndələrindən biri olmuşdur. O, geniş yayılmış və iqtisadi təhlil və proqnozlaşdırmada böyük əhəmiyyətə malik olmuş “Okun qanunu”nun müəllifi kimi tanınır. Qanun işsizlik və ÜDM-də faizlə baş verən dəyişikliklər arasındakı xətti əlaqəni izah edir. Bu qanuna görə, işsizlik səviyyəsinin 1 bənd artması nəticəsində ölkənin ÜDM-si təxminən potensial ÜDM-in həcmindən 2 bənd aşağı olacaq. Başqa sözlə desək, iqtisadi artımın iqtisadiyyatın uzunmüddətli potensial artım tempi sürətindən hər 2 faiz üstün artımı nəticəsində işsizlik 1 faiz azalacaq.

Okun qanununun məntiqi sadədir: məcmu buraxılış istehsal prosesində istifadə edilən əməyin miqdarından asılıdır, buna görə də istehsal və məşğulluq arasında müsbət əlaqə vardır. Ümumi məşğulluq işsizlərin sayını çıxmaq şərtilə işçi qüvvəsinə bərabərdir ki, bu baxımdan da məcmu buraxılış və işsizlik arasında mənfi əlaqə vardır.

 Okun qanunu İkinci Dünya müharibəsi ilə 1960-cı illər arasındakı dövrdə ABŞ iqtisadiyyatına aid məlumatlara əsaslanırdı. O qeyd edirdi ki, qanun işsizlik səviyyəsi 3-7,5% arasında olduğu hallarda özünü doğruldur.

 Lakin 1970-ci illərdə ABŞ iqtisadiyyatında staqflyasiyanın (inflyasiya və staqnasiyanın eyni zamanda baş verməsi) baş verdiyi dövrdə bu qanun özünü doğrultmadı. O, ömrünün qalan hissəsini tənəzzülün aradan qaldırılması zamanı inflyasiyanın boğulması yollarını tapmağa həsr etmişdi. İqtisadçı tənəzzül üçün universal bir tərif də hazırlamışdı: “mənfi ümumi milli məhsul artımının iki ardıcıl rübü”.

 Artur Okun həmçinin mövcud iqtisadi vəziyyətin xarakterizə edilməsi üçün istifadə olunan “Bədbəxtlik indeksi” konsepsiyasının müəllifidir. Bu konsepsiyanın irəli sürülməsi dünya ölkələrinin yüksək işsizlik və yüksək inflyasiyadan əziyyət çəkdiyi bir dövrə təsadüf edir. İndeks cəmiyyət üçün arzuedilməz hal kimi qəbul edilən işsizlik və inflyasiyanın siyasi təsirlərini ölçmək üçün hesablanır. Bədbəxtlik indeksi sadəcə olaraq işsizlik və inflyasiyanın cəmindən ibarətdir: Bədbəxtlik indeksi = işsizlik + inflyasiya. Okun qeyd edirdi ki, hansı ölkədə ki, qiymətlər sürətlə artır və iş tapmaq çətindir, orada yaşayış da çətindir.

 Siyasi biznes tsiklləri nəzəriyyəsinə görə, bədbəxtlik indeksinin aşağı olması hakimiyyətdə olan partiya üçün yaxşı hal hesab olunur. Bu indeks yüksək olanda və ya artanda, hakimiyyət üçün pis nəticələrə gətirib çıxarır.

 Okun öz iqtisadi baxışlarında iqtisadiyyata təsir etmə baxımından fiskal siyasətin (gəlirlərin artırılması və xərclənməsi) federal pul siyasətindən (pul tədarükünün idarə edilməsindən) daha yaxşı vasitə olduğuna inanırdı. Bu fikri rəhbər tutaraq, 1960-cı illərin ortalarında ABŞ-ın tənəzzüllə üzləşdiyi zaman ölkə prezidenti istehlak xərclərini stimullaşdırmaq üçün vergi dərəcələrini azaltmışdır.

 Okun iddia edirdi ki, bərabərliyə meyl məhsuldarlığı azalda bilər. Onun fikrincə, gəlirlərin bərabər şəkildə bölüşdürülməsi işləmək və investisiya yatırmaq stimullarını azaltmaqla yanaşı, yenidən bölüşdürmə (vergi məcəlləsi və minimum əmək haqqı səviyyəsi kimi mexanizmlərdən istifadə etməklə) səylərinin özləri də baha başa gələr. İqtisadçı bu mexanizmi “sızan vedrə” ilə müqayisə edirdi. Varlılardan kasıblara ötürülən bəzi resurslar “yolda itiriləcəkdir, ona görə də yoxsullar zənginlərdən götürdükləri bütün pulları ala bilməyəcəklər”.

 P.S. Kolumbiya Universitetinin məzunu olan Artur Okun1968-1969-cu illərdə ABŞ Prezidenti yanında İqtisadi Müşavirlər Şurasının sədri olmuşdur. Onun bu vəzifədə olduğu dövrdə federal hökumət Vyetnamdakı müharibəni maliyyələşdirmək üçün borc götürməklə böyük büdcə kəsiri yaratmışdı.

Sonra Okun (1969) Brukinqs İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış və iqtisadiyyatdakı tendensiyaların proqnozlaşdırılması və təhlili ilə məşğul olmuşdur.

Okunun kolleqası olan Ceyms Tobin “Okun qanun”unu “makroiqtisadiyyatın ən etibarlı empirik qanunlarından biri” kimi xarakterizə etmişdir.

O, əmtəə və əmək bazarında gizli müqavilələri təsvir etmək üçün “gözəgörünməz əlsıxma” terminini irəli sürmüşdür.

Art Okun kimi tanınan iqtisadçı ürək tutmasından vəfat etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva